Həbs olunan icra başçılarından maaş kartları geri alındı
    • 26-12-2019, 20:19
    • 607

Həbs olunan icra başçılarından maaş kartları geri alındı

Həbs olunan sabiq icra başçılarının topladığı maaş kartlarının taleyi nə olacaq? Goranboyun keçmiş icra başçısı Nizaməddin Quliyev həbs ediləndən sonra məlum oldu ki, onun yol verdiyi qanunsuz əməllərdən biri də maaş kartlarını mənimsəməsidir.

News24.az xəbər verir ki, yayılan məlumatlarda deyilirdi ki, Nazirlər Kabineti tərəfindən bütün rayonlarda 200-300 nəfərin minimum əməkhaqqı vermək şərtilə işə götürülməsi ilə bağlı qərarından sonra Goranboy Rayon İcra Hakimiyətinin tabeliyində olan Təmizlik İdarəsinə də 300 fəhlə ştatı ayrılıb. Lakin Nizaməddin Quliyev həmin ştatlara müxtəlif vətəndaşların adını yazdıraraq, onlara veriləcək maaş kartlarını özünə götürüb.
Nizaməddin Quliyevlə bağlı məsələ aydındır, yəni, o, artıq həbs edilib. Bəs onun mənimsədiyi maaş kartlarının, həmin kartlardan çıxarılan pulların taleyi necə olacaq?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Bəşir Süleymanlı bildirib ki, burada bir neçə problem var.
Onun sözlərinə görə, bəzən icra başçıları və digər vəzifəli şəxslər yalançı ştatlar yaradaraq vətəndaşların adlarını qeyd edərək pulu mənimsəyiblər.
“Yəni məsələn, beş nəfər təmizləyici ştatı yaradırlar, bir nəfəri işə götürürlər, digər dörd ştat üçün yalandan adamlarına adına əməkhaqları yazaraq nağdılaşıdırıb özlərinə götürürlər. Belə olduğu halda pul real olan işçi üçün nəzərdə tutulmadığından həmin işçi pula iddia edə bilməz, çünki faktiki işləməyib. Bu zaman həmin pul dövlət büdcəsinə qaytarılmalıdır.
Digər bir halda isə işçilərin adına pul yazılır, ancaq pul ya verilmir, ya da il ərzində yubadılaraq 12 ay ərzində yeddi ayın pulu ödənilir. Əgər istintaq dövründə belə halların olduğu aşkar ediləcəksə, real olaraq işləyən, ancaq pul almayan şəxslər mülkü qaydada məhkəməyə müraciət edib almadıqları pulu geri tələb edə bilərlər”.(oxu.az)