"Parlamentdə oturmağım işimə mane olacaq" - MƏNSUM İBRAHİMOV - VİDEO
    • 13-01-2020, 17:12
    • 1 371

"Parlamentdə oturmağım işimə mane olacaq" - MƏNSUM İBRAHİMOV - VİDEO

"2019-ci ilin son konserti üçün Türkiyədəydim. Konsertin səhərsi günü jurnalistlərdən mənə zəng gəldi ki, millət vəkili olmaq niyyətindəsiz Çox təəccübləndim, çünki heç bir siyası partiyanın üzvü deyiləm".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib. O, bildirib ki, bu xəbəri eşidən hər kəs ona dəstək olmaq istəyib: "Hər kəsə, xüsusilə Qarabağ əhalisinə təşəkkürümü bildirirəm. Amma hələ ki, özümü deputat kürsüsündə görmürəm. Çünki muğamla bağlı reallaşdırmaq istədiyim bir çox layihələrim var. Düzdür, müəyyən tranplin açılır, amma buna baxmayaraq, mən istədiyim tribunadan fikirlərimi rahatlıqla səsləndirə bilirəm. İctimai xadim olaraq sözümü deyirəm. Yaradıcı insan olaraq gedib orda oturmağım ancaq işimə mane olacaq. Təəbii ki, parlamentdə mədəniyyət xadimlərinə də ehtiyac var, amma mən istəmirəm. Seçkilərdə iştirak etmək hər bir kəsin haqqıdır, amma son söz vətəndaşındır. İndiyə kimi bizim bölgəmizdən olan bütün millət vəkillərindən razıyam. Ola bilsin, sakinin gözləntisi daha böyük olsun, amma hər bir insanın görə biləcəyi iş var. Mən çalışıram ki, hər şeyə real baxım".

Mənsum İbrahimov keçən il Opera və Balet Teatrı ətrafında baş verən rüşvət qalmaqalına da toxunub: "1985-ci ildən Şövkət xanımın məsləhəti ilə Opera və Balet teatrında çalışmağa başlamışam. Bu illər ərzində heç vaxt o teatrın adı rüşvətdə hallanmayıb. Kimin istedadı olubsa, orda çalışıb, püxtələşib, eyni zamdan fəxri ada layiq görülüb. Nigar xanımı çox yaxşı tanıyıram, istedadlı xanımdı, müsabiqədə onu özümüz seçmişik. Əgər, Nigar xanımın kiminləsə problemi var idisə, gərək, birbaşa rəhbərliyə, hüquq-muühafizə orqanlarına, ya da Mədəniyyət Nazirliyinə müraciət edərdi. Belə şeylər ictimailləşməsəydi, daha yaxşı olardı. Əldə fakt yoxdursa, danışmaq lazım deyildi".

Xalq artisti 2020-ci ilin ilk ayından danışdı: "Bu il mənimdir. Sıçan ilində doğulmuşam. Həm də yubiley ilimdir. 2020 -ci il  başlayandan "Gəncləşən muğam" layihəsinə start verdik. Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində konsertimiz olacaq. Sözügedən layihə bölgələrimizdə, həm də xarici ölkələrdə davamlı şəkildə baş tutacaq".

Sevda Bayramova