AQTİ laboratoriyalarına təqdim edilən nümunələrdə uyğunsuzluq AŞKARLANDI
    • 17-01-2020, 12:34
    • 856

AQTİ laboratoriyalarına təqdim edilən nümunələrdə uyğunsuzluq AŞKARLANDI

Ötən il AQTİ laboratoriyalarına təqdim edilən 17 563 nümunədə uyğunsuzluq aşkarlanıb.

News24.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin hesabatına dair keçirilən mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, 2019-cu il ərzində Qida Təhlükəsizliyi İnstitutunda 21-i ödənişli, 48-i ödənişsiz əsaslarla olmaqla ümumilikdə 69 təlim təşkil olunub: "Bu təlimlərə ümumilikdə 3559 nəfər, o cümlədən 455 nəfər ödənişli, 3113 nəfər isə ödənişsiz olmaqla cəlb edilib. Təlimlərdə ümumi olaraq 149 fərqli sahibkarlıq subyektinin əməkdaşları iştirak edib. Hesabat dövründə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalara ümumilikdə 38 675 müraciət daxil olub". 

AQTA sədri qeyd edir ki, müraciətlərə əsasən ümumilikdə 1 289 806 nümunə müayinələrə cəlb edilib:

"17 563 (1.37 % ) nümunədə uyğunsuzluq aşkarlanıb. Nümunələrdən 22 389-u (1.7 %) qida təhlükəsizliyi, 1 209 163-ü (93.7 %) baytarlıq nəzarəti, 58 254-ü (4.5 %) fitosanitar nəzarəti məqsədilə müayinə edilib. Nümunələrin 57 839-u idxal, 934 293-ü ixrac, 9 549-u aparılıb monitorinqlər, 17 846-sı fərdi istək, 369-u şikayət və 269 910-u digər növ əməliyyatlar üzrə müayinəyə cəlb olunub.

Q.Təhmızli onu da əlavə edib ki, ölkədə yeni 3-cü səviyyəli səyyar biotəhlükəsizlik laboratoriyaları yaradılacaq:

"2019-cu ildə ixrac prosesinin sürətləndirilməsi məqsədilə Xaçmaz rayonunda bitki məhsullarının karantin ekspertizasını və fiziki-kimyəvi müayinələrini həyata keçirən fitosanitar laboratoriya yaradılıb. İdxal prosesinin sürətləndirilməsi üçün analoji laboratoriya Meyvəli bazarında da təşkil edilib. Həmçinin Mərkəzi Fitosanitar Laboratoriyasında bitkiçilik məhsullarında fitopatoloji mikroorqanizmlərin təyini üçün molekulyar metodların tətbiqinə başlanılıb. Analitik Ekspertiza Mərkəzinin nəzdində Kompleks Tədqiqatlar Laboratoriyası yaradılıb. Burada baytarlıq preparatları, bitki mühafizə vasitələri və qida məhsulları ilə təmasda olan maddə və materialların müayinəsi aparılır. Ölkədə yaranmış böhran vəziyyətlərinin çevik şəkildə idarə olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən səhratipli 3-cü səviyyəli səyyar biotəhlükəsizlik laboratoriyası yaradılıb. Q.Təhməzli məlumat verib ki, növbəti mərhələdə bu cür daha 3 laboratoriyanın yaradılması planlaşdırılır. Tikinti və təmir işləri tamamlanan Şamaxı Regional Sınaq Laboratoriyasında torpağın, suvarma və drenaj suyunun keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələr həyata keçiriləcək. Şəki və Zaqatala rayonlarının eyni coğrafi regionda yerləşməsi nəzərə alınaraq, ixrac edilən fındıq məhsullarının toksikoloji göstəriciləri üzrə müayinələrinin və karantin ekspertizasının Şəki Regional Sınaq Laboratoriyasında həyata keçirilməsi məqsədilə laboratoriyanın təyinatı dəyişdirilib. Dünya Bankının dəstəyi ilə laboratoriyaların milli və beynəlxalq akkreditasiyaya hazırlanması prosesinə başlanılıb, 4 laboratoriya milli akkreditasiyadan keçirilib. 2020-ci ildə 3 laboratoriyanın beynəlxalq akkreditasiyadan keçirilməsi təmin ediləcək. Beynəlxalq tələb və metodikalara uyğun şəkildə 11 elmi araşdırma aparılıb. Bunlardan 6-sı bitki sağlamlığı, 2-i risk qiymətləndirilməsi, 3-ü heyvan sağlamlığı sahələrini əhatə edir".

Afaq Mirayiq