Şirvanda seçkiyə mane olmaq istəyən sərxoş saxlanıldı RƏSMİ
    • 10-02-2020, 20:14
    • 1 066

Şirvanda seçkiyə mane olmaq istəyən sərxoş saxlanıldı RƏSMİ

Kanal13 internet televiziyasının əməkdaşı İsmayıl İslamoğlunun fəaliyyətinə görə atasının saxlanılması barədə sosial şəbəkədə yaydığı məlumatın heç bir əsası yoxdur. 

Bu barədə  News24.az-a  açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib.

Onun sözlərinə görə, İsmayıl İslamoğlunun atası İslam Nadirov sərxoş vəziyyətdə məntəqəyə daxil olaraq seşki prosesinə mane olmağa cəhd edib. Belə ki, səs vermək üçün məntəqəyə gələn şəxsdən qeydiyyatdan keçməsi və sol əlinin barmağına maye vurulması təklif edilib. Lakin o, prosedur qaydalardan imtina edərək sağ əlinə maye vurulmasını istəyib və məntəqənin əməkdaşları ilə mübahisə edib. Nəticədə məntəqəyə polis dəvət edilib. İslam Nadirov polisin xəbərdarlığına məhəl qoymayaraq hüquq-mühafizə orqanı əməkdaşlarına müqavimət göstərib. Onun barəsində akt tərtib edilərək Şirvan Şəhər Polis Şöbəsinə gətirilib.
Barəsində toplanan sənədlər məhkəməyə göndərilib. O, məhkəmənin qərarı ilə inzibati qaydada 14 gün həbs edilib.

Ehsan Zahidov qeyd edib ki, onun oğlunun sosial şəbəkədə yaydığı açıqlama sadəcə atasının sərxoş vəziyyətdə seçki prosesinə mane olmaq cəhdi ilə bağlı faktları ört-basdır etməyə yönəlib. "Ortada konkret fakt var, bunun İsmayıl İslamoğlunun seçki ilə bağlı hər hansı fəaliyyətinə aidiyyatı yoxdur", - deyə Ehsan Zahidov əlavə edib.