BŞTİ “Könüllülər ili” ilə bağlı yeni layihəyə start verdi
    • 21-02-2020, 10:49
    • 687

BŞTİ “Könüllülər ili” ilə bağlı yeni layihəyə start verdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) “Könüllülər ili” ilə bağlı yeni layihəyə start verib.

İdarədən News24.az-a verilən məlumata görə, “Könüllülükdən peşəkarlığa” layihəsinin əsas məqsədi tələbə və məzun gənclərə bilik və bacarıqlarını artırmaq, təhsil sahəsində təcrübə toplamaq, kollektivlə işləmək bacarıqlarına yiyələnmək, öz ixtisaslarına uyğun kadr kimi formalaşmaq istəyən şəxslərə uğurlu karyera qurmaq imkanı yaratmaq, onların elmi fəaliyyət və keyfiyyət göstəricilərini yüksəltmək, peşəkar kimi formalaşmasına dəstək verməkdən ibarətdir.

Layihədə ali məktəblərin III və IV kursunda, magistratura səviyyəsində təhsil alan tələbələr, ali təhsilini bitirmiş gənclər iştirak edə bilər.
Könüllü kimi fəaliyyət göstərmək istəyən tələbə və məzun gənclər BŞTİ-nin müxtəlif sektorlarında, xidmət bölmələrində, Təlimə Dəstək Mərkəzində və təhsil müəssisələrində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar.

Layihənin üç  istiqamətdə reallaşdırılması nəzərdə tutulub. Birinci istiqamət üzrə müraciət edən  gənclər  BŞTİ-nin Ümumi təhsil, İnsan resursları, İnformasiya təminatı, İnkişaf layihələri, Maliyyə və mühasibatlıq, Keyfiyyətə nəzarət, İctimaiyyətlə əlaqələr, Hüquq, Təminat və təchizat, Ümumi sektorlarında, Təlimə Dəstək Mərkəzi, xidmət bölmələri və təhsil müəssisələrində könüllü kimi fəaliyyət göstərmək imkanı qazanacaqlar.

 İkinci istiqamət təhsilin müxtəlif sahələri üzrə araşdırma və tədqiqatların aparılmasında birbaşa  iştirak etmək arzusunda olan gənclər  üçün nəzərdə  tutulub. Bu istiqamət üzrə müraciət edən gənclər onlara təqdim olunmuş müvafiq mövzular üzrə tədqiqata cəlb olunacaqlar.
Üçüncü istiqamət üzrə müraciət edən şəxslər isə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində könüllü kimi fəaliyyət göstərmək və idarəetmə təcrübəsi qazanmaq imkanı əldə edəcəklər.

Hər üç istiqamət üzrə layihədə iştirak edən könüllülər üçün fərdi və peşəkar inkişaf, təhsilin müxtəlif sahələri,  təhsilin idarəedilməsinə dair təlimlərin  təşkili nəzərdə tutulub.

Layihədə iştirak etmək arzusunda olan tələbə və məzun gənclər 5 mart tarixinədək CV formasını və niyyət məktubunu (layihədə iştirak etmək istədiyi istiqaməti və səbəbini göstərməklə) [email protected]  elektron ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.
Sonda  layihəni  uğurla başa  vuran  könüllü  gənclərə BŞTİ  tərəfindən müvafiq təsdiqləyici sənəd təqdim  olunacaq.