Koronavirusun turizm müəssisələrinə vurduğu zərərlə bağlı hesablamalar aparılacaq
    • 11-03-2020, 14:02
    • 620

Koronavirusun turizm müəssisələrinə vurduğu zərərlə bağlı hesablamalar aparılacaq

Dövlət Turizm Agentliyin aparat rəhbəri Kənan Qasımov Azərbaycanda turizm şirkətlərinin böhran vəziyyətdə olmasına münasibət bildirib.

News24.az xəbər verir ki, o, bununla bağlı Dövlət Turizm Agentliyi tərəfindən aparılacaq siyasətdən danışıb:
"Hazırda bu qlobal problem olduğuna görə, bütün dünya bu vəziyyətdən çıxmağın yollarını araşdırır. Biz də təbii ki, anlayırıq ki, bununla bağlı çox ciddi dəstəyə ehtiyacı olanlar var. Amma gəlin qəbul edək ki, indiki məqamda bu çox tezdir. Fevral ayının sonunadək bizdə Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilib. Bu cür böhran vəziyyəti mart, aprel ayında da müşahidə edəcəyik. Biz Dövlət Turizm Agentliyi olaraq sənaye üzvləri ilə daim görüşlər keçiririk. Yəqin ki mümkün olan sənayeyə aydın dəstək mexanizmləri ilə bağlı danışmaq imkanımız olacaq.
Bu məsələ ilə bağlı problemləri dinləyirik, çıxış yolları ilə bağlı müzakirələr aparırıq. Dəqiq hesablamalardan sonra Azərbaycanda və digər ölkələrin təcrübəsi öyrənildikdən sonra koronavirusun turizm şirkətlərinə vurduğu zərəri müəyyən etmək üçün hesablamalar aparılacaq. Azərbaycanda və digər ölkələrin təcrübəsi öyrənildikdən dövlət qurumu olaraq biz təkliflə çıxış edəcəyik. Hesab edirəm ki, Dövlət bu məsələni diqqətdə saxlayır. Növbəti günlərdə bununla bağlı işlər görüləcək".

K.Qasımov deyib ki, hazırda konkret addımların nədən ibarət olacağını demək hələ ki tezdir: "Çünki bununla bağlı dəqiq açıqlamalar olmalı, qiymətləndirmələr aparılmalıdır. Bundan sonrakı mərhələdə artıq ətraflı informasiya vermək mümkün olacaq. Amma onu bilmək lazımdır ki, həm hotellərdə rezervasiyalar, həm də turizm şirkətlərində biletlərin ləğv olunması ilə bağlı məlumatlar toplanır. Bütün bu məlumatlar əldə olunduqdan sonra dəstək mexanizmlərini həyata keçirilə bilər. Amma hələ ki, bunlar variantlardı, bunun necə olacağını demək çətindir. Bir məsələ xüsusi qeyd olunmalıdır ki, dünyada bütün turizm şitkətləri bu məsələ ilə bağlı böhran yaşayır. Turizm sənayesinin nə qədər zərər görəcəyinə baxmayaraq bu cür proseslərə özünü hazırlamalıdır. Sənaye üzvləri əmin olsun ki biz daim prosesləri izləyirik. Yəqin ki mümkün olan sənayeyə aydın dəstək mexanizmləri ilə bağlı danışmaq imkanımız olacaq. Biz hesab edirik ki, böhran vəziyyət yekunlaşdıqdan sonra ölkəyə turistlərin qəbuluna hazır və daha çevik olmalıyıq". 

Afaq Mirayiq