Koronavirusla bağlı səs yazısı yayılan həkim danışdı:
    • 18-03-2020, 14:18
    • 2 183

Koronavirusla bağlı səs yazısı yayılan həkim danışdı: "MƏNDƏN İCAZƏSİZ..."

 Bir neçə gündür ki, bütün sosial şəbəkə qruplarında həkimlərdən birinin koronavirusla bağlı səs yazısı yayılıb.

O, həmin səs yazısında bir həftə ərzində Azərbaycanda vəziyyətin İtaliyadakından daha ağır olacağını bildirib.

News24.az-a daxil olan məlumata görə, həkim bu səs yazısından sonra işdən uzaqlaşdırılıb.

Deyilənlərlə bağlı News24.az araşdırma aparıb. Məlum olub ki, həmin səsin sahibi Azərbaycanda fəaliyyət göstərən “Bona Dea” xəstəxanasının torakal cərrahı Ramil Kərimovdur.

News24.az-a açqılama verən Ramil həkim səs yazısının yayılması və orda səsləndirdiyi fikirlərlə bağlı bunları bildirib: “Mən o səsi 6 nəfərdən ibarət qapalı qrupda paylaşmışam. Alman dil kursuna qatılan şəxslərin qrupudur. O qrupda həkimlər və tələbələr də var. Səsimi kimin yaydığını bilirəm. Onu paylaşan şəxs isə həkim deyil. Hüquq fakültəsinin tələbəsidir. Məndən icazəsiz həmin səsi paylaşıb.  Əgər o səsi özüm yaymaq istəsəydim, facebook, youtube səhifəmdə paylaşardım. Mən bizim həkimləri  qorxutmaq üçün o sözləri demişəm. İstəyirdim ki, ehtiyat eləsinlər, çölə çox çıxmasınlar. Orda bir neçə səs göndərmişdim, demişdim, təşviş yaratmayın, evdə oturun. Yəni Nazirlər Kabineti tərəfindən nə bildirilibsə, mən də onu demişəm. Əgər ciddi bir şey olmasaydı, buna dövlət səviyyəsində diqqət göstərilməzdi. Qızdırma da ola bilər. Kimdəsə qızdırmanın olmasını koronavirus kimi dəyərləndirmək olmaz.
 
Həkim cəzalandırılması ilə bağlı deyilənlərə də münasibət bildirib: “Məndən bu haqda soruşuldu. Mən də  rəsmi şəkildə izahat verdim ki, bu səs yazısı niyə yayımlanıb. Yəni bu, mediada yayılmaq üçün nəzərdə tutulmamışdı. Orda da qeyd etdim, əgər bunun mediaya yayılmasını istəsəydim, facebook səhifəmdə online edərdim”.  

R.Kərimov onun səs yazısının məqsədli şəkildə yayması fikrinə də münasibət bildirib: “Düşünmürəm ki, məqsəd mənim karyerama zərər vermək olub. O adamı 2-3 aydır tanıyıram. Həftədə üç dəfə kursda görüşürük. O da bu qədər yayılacağını gözləməyib”. 

Həkimin sözlərinə görə, işlədiyi yerdə sözügedən səsin yayılması ilə bağlı problem yaşamayıb: “Xəstəxanalrda torokal cərrahlara ehtiyac var. Amma mən öz istəyimlə bu ayın 4-dən yarımştat işləməyə qərar vermişəm. Çünki başqa xəstəxanalarda da işləyəcəm. İnşallah, bu səs fəaliyyətimə hər hansı xələl gətirməyək, çünki məqsədim o olmayıb”.  
 
İxtisasca döş qəfəsi (torakal) mütəxəssisi olan həkim söhbət əsnasında ağciyər, divar aralığı kimi bütün əməliyyatları icra etdiyini də diqqətə çatıdırıb: “Koronavirusla birinci pulmonoqlar məşgul olmalıdır. Amma bir sıxıntı yaransa, bütün həkimlər cəlb olunacaq. Hazırda yoluxma sayı azdı, nəzarət altındadır. Mən də hər kəs kimi Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarını izləyirəm. Hamımız diqqətli olmalıyıq, deyilənlərə riayət etməliyik”.
   
Afaq Mirayiq