"Korona olmasa da, başqa nədənsə öləcəyik...”- TAKSİLƏR DEZİNFEKSİYA OLUNURMU?
    • 26-03-2020, 16:13
    • 804

"Korona olmasa da, başqa nədənsə öləcəyik...”- TAKSİLƏR DEZİNFEKSİYA OLUNURMU?

- Spirt vurmayın, qoxusu mənə pis edir!
- Bəs nə edək, heç olmasa taksini dezinfeksiya etmisiniz? 
- Deyirlər, özünüz edin. Biz nə qazanırıq ki, hər dəfə dezinfeksiya da elətdirək. Allah özü qorusun bizi. Əgər qismətimizdə ölmək varsa, koronavirus olmasa da, başqa nədənsə öləcəyik... 

Bu, online sifariş etdiyimiz taksi sürücüsü ilə kiçik dialoq idi. Nəzərə alınsa ki, insanlar avtobus, metrodan istifadə etməmək üçün taksilərə üz tutur, bunun nə dərəcədə təhlükəli olmasını təsəvvür etmək olar. Burdan bir sual ortaya çıxır, bəs, ölkədə fəaliyyət göstərən digər taksi xidmətləri dezinfeksiya edilirmi? 

News24.az-ın əməkdaşı bu məqsədlə bir neçə taksi şirkəti ilə əlaqə saxlayıb. 

İlk olaraq “8555” taksi xidmətinə zəng vurduq. Operator sualımıza cavab olaraq bildirdi ki, taksilər iki gündən bir dezinfeksiya olunur. 

0404”-Omeqa Xidmətindən isə bildirildi ki, dezinfeksiya ilə bağlı bütün taksilərə xəbər verilib. "Bəs, dezinfeksiya işlərini sürücülər özləri edir, yoxsa şirkət?" sualının  cavabında isə 012 3100895 nömrəsiylə əlaqə saxlayaraq məlumat almağımızı məsləhət gördülər. Amma təəssüf ki, bu nömrəylə əlaqə cəhdimiz nəticəsiz qaldı. Telefonu açan olmadı.

 “9111” taksi xidmətindən operator bildirdi ki, taksilər müntəzəm dezinfeksiya olunur: “Bunu şirkət həyata keçirir. Amma bu dezinfeksiya neçə gündən bir edilir, bu suala mən cavab verə bilməyəcəm”. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Taksi Xidməti” MMC-nin avtomobil vasitələri isə  gündəlik dezinfeksiya olunur. Qurumdan bildirildiyinə görə, zəruri profilaktik işlər mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır: “Xidmətə məxsus bütün taksilər növbəli şəkildə dezinfeksiya olunur. Səhər növbəsində olan avtomobillərdə gecə, gecə növbəsində olan avtomobillərdə isə səhər saatlarında dezinfeksiya işləri həyata keçirilir. Virusa yoluxma hallarının qarşısının alınması və bu sahədə aparılan müvafiq tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə sürücülər antiseptik məhlullar və lazımi profilaktik vasitələrlə təmin olunublar”.

Fərdi qaydada fəaliyyət göstərən taksi sürücüləri isə sualımıza cavab verməkdən imtina edib.  

Qeyd edək ki, Azərbaycanda mindən çox insan koronavirus şübhəsi ilə karantinə alınıb. 3 nəfər ölüb, 6 nəfərin isə vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Afaq Mirayiq