"Virtual məktəb" özünü doğrultmur - YENİ VERSİYALAR TƏTBİQ OLUNACAQ
    • 13-04-2020, 13:31
    • 1 046

"Virtual məktəb" özünü doğrultmur - YENİ VERSİYALAR TƏTBİQ OLUNACAQ

Aprelin 2-dən faliyyətə başlayan “Virtual məktəb" layihəsi ilə bağlı valideynlərin bəzi narazılıqları yaranıb. 

News24.az-a danışan valideyn Afət Əliyeva bildirib ki, bu sayta daxil olmaq çox çətindir: “Biz bütün sinif daxil ola bilmədik. Bir valideynin qeydiyyatında səs açılmadı, digəri ümumiyyətlə, daxil ola bilmədi.  Nəticədə müəllimə qərara aldı ki, uşaqları 3-4 nəfərlik qruplara bölməklə həftədə bir dəfə 1 saatlıq dərs keçsin. Bu da çox azdır. Həftədə bir dəfə 1 saatla uşaq necə bütün proqramı mənimsəyə bilər?!”

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla danışdıq. O, News24.az-a açıqlamasında bildirib ki, bu problem yaxın vaxtlarda həllini tapacaq: “Yaxın vaxtlarda görəcəksiniz ki, müəllimlər daha uyğun versiyalarda uşaqları dərsə cəlb edirlər. İntensivlik də artacaq. Bununla bağlı müəllimərə təlimatlar veriləcək”.

Qeyd edək ki, “Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunur və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirir. 


Afaq Mirayiq