"Xeyirxahlıq eləmək üçün mütləq pandemiya, təbii fəlakətin olması gərəkmir" - RUHİ ƏLİYEVA
    • 14-04-2020, 17:15
    • 1 562

"Xeyirxahlıq eləmək üçün mütləq pandemiya, təbii fəlakətin olması gərəkmir" - RUHİ ƏLİYEVA

"Karantin olduğundan evdən çıxmırıq, bu səbəbdən dostlarımız üçün çox darıxmışıq. Amma vəziyyət belə tələb etdiyindən səbr edirik. Şükür Allaha ki, hər şey yaxşıdır".

Bu sözləri iş xanımı Ruhi Əliyeva News24.az-ın canlı yayımında jurnalist Ülkər Rəşidqızının suallarını cavablandırarkən deyib. O, karantin günlərini necə keçirdiyindən danışıb: "Hazırda vaxtımın böyük hissəsini övladlarıma həsr edirəm. Birgə kitab oxuyuruq, dərs edirik, oyunlar oynayırıq, idmanla məşğul oluruq.  Bəzən də sevdiyim filmlərə baxıram".

R. Əliyeva gerçəkləşdirdiyi xeyriyyə aksiyaları ilə bağlı sualları cavablayıb: "Xeyirxahlıq, ehtiyacı olana yardım eləmək üçün mütləq  hansısa hadisə, təbii fəlakət, pandemiyanın olması gərəkmir ki...Yaxşılıq insanın ruhunda, canında, qanında olmalıdır. Mən bunu edənləri alqışlayıram, çünki az-çox imkanı olan hər kəs ehtiyacı olan insanlara yardım əlini uzatmalıdır. Kim necə bacarırsa, əl uzatmalıdır. Düzdür, son zamanlar bəzi xoşuma gəlməyən məqamlar var, amma  bunlara reaksiya verməməyə, susmağa çalışacağam. Çünki belə lazımsız söz-söhbətləri nə özümə, nə də xalqıma yaraşdırmıram.  Kim nə eləyirsə, savabı da, günahı da ona yazılacaq. amma bir məqamı deyəcəm,  eşitdim ki, bəzi insanlar köməyə ehtiyacı olan şəxslərə küllü -miqdarda vəsait verirlər, amma həmin adamlar da nəticədə onların yaxşılığından sui-istifadə edirlər. Açığını deyim, mən ümumiyyətlə pul verməyin ələyhinəyəm. Ancaq yaxından tanıdığım insanlara bu cür yardım edirəm. Amma səhhətiylə bağlı müraciət edənlərin cərrahiyyə əməliyyatının vəsaitini, yaxud müalicəsinin  pulunu ödəyirəm. Bu mövzuda müraciət edən hər kəsi araşdırmışıq, amma buna baxmayaraq, bizi aldadanlar da olub. Minlərlə insanın arasında ən acınacaqlı vəziyyətdə olanları seçirik. Onu da deyim, bacardığım qədər bütün xeyriyyə aksiyalarında şəxsən özüm iştirak edirəm. Yardım olunacaq insanları da ən çox "İnstagram"dan seçirəm. Düzdür, şəxsiyə yazılanların hamısını oxumasam da, hər şeydən xəbərdaram. "Liatris" Holdinqin əməkdaşları bu müraciətlərin hamısını araşdırır. Elə insanlar var ki, onlara təkçə mən yox, başqa imkanlı şəxslər də yardım ediblər. Bu yaxınlarda Tolikin "İnstagram"ına Yevlaxdan bir qadın yazmışdı. Vəziyyəti çox acınacaqlıydı. Bax, o adama mən pul göndərdim. Amma ümumiyyətlə, xeyriyyəçilərə demək istəyirəm ki, çalışın, pul verməyin. Əməliyyatının olunmasına yardım edin, dərmanını alın, ərzağını göndərin. Bu, bəzilərinin sui-istifadə eləməsinə imkan verməyəcək. Bu günlərdə qohumlarımdan biri məndən pul istədi, amma mən göndərmədim. İnsandan istifadə eləmək olmaz. Onsuz da yaxşılıq eləmək istəyən edir. Bir də kimsə yardım eləmirsə, onu da təhqir etməyin. Biz kimik ki, kimisə müzakirə edək?! Eləmək istəyən sakitcə və təmkinlə yaxşılığını eləsin. Bununla reklam qazanmaq olmaz".

İşgüzar xanım bildirib ki, bu yaxınlarda növbəti yardım kampaniyası ilə bağlı Tovuza yollanacaq: "Necə gündür bununla bağlı planlar qururuq. Tovuzun başqa kəndlərinə getməyim alınmasa belə, Aşağı Əyyubluya mütləq gedəcəm. Çünki mən orda doğulub boya başa çatmışam, oranın havası-suyu ilə böyümüşəm. Ora gedə bilməsəm, vicdan əzabı çəkərəm. Orda da ailələrə yardım edəcəyik. Hələlik 200 ailəyə yardım etməyi nəzərdə tutmuşuq".

Ruhi Əliyeva son zamanlar sosial şəbəkədə atanın uşaqlarına ot yedizdirməsi ilə bağlı yayılan videoya də münasibət bildirib: "O, videodakı şəxs deyir ki, uşaqlarıma ot yedizdirərək gələcəyə əsgər yetişdirir. Necə yəni? O adam nə dediyini, nə elədiyini belə anlamır. O, gələcəyin əsgərinə heyvan kimi ot yedizdirir! İnsan övladını belə təhqir edərmi? Belə aşağılayarmı? Elə insanlar var ki, illərlə övlad həsrəti ilə yanırlar. O anlamır ki, Allah insanların içərisində seçərək onu ata olmaqla mükafatlandırıb. O da bunun dəyərini anlamır. Dünyada övladdan gözəl varlıq yoxdur. O adam əgər övladını heyvan yerinə qoyursa, daha deyiləcək söz yoxdur. Belə adam valideynlikdən məhrum olunmalıdır". 

Sevda Bayramova