"Xətainin xanımını oynamaq istərdim"- OKSANA RƏSULOVA
    • 20-04-2020, 18:43
    • 835

"Xətainin xanımını oynamaq istərdim"- OKSANA RƏSULOVA

"Karantin müddətində çox kökəlmişəm (gülür), təxminən üç kilo almışam. Artıq 37 gündür rayondayam. Əməlli -başlı rayon qızı olmuşam, amma buna baxmayaraq, yeni planlar, layihələr üzərində də çalışıram. Bütün ailəmiz burdadır. Mən uzun müddət rayonda qala bilmərəm, çünki kəndin iş-gücü mənlik deyil. Mən yaradıcı insanam. Burda darıxmağa macal tapmıram, çünki öz işlərim üzərində çalışıram. Aprelin əvvəli Hindistana toya getməliydim, amma alınmadı".

Bu sözləri aktrisa, hind rəqslərinin mahir ifaçısı Oksana Rəsulova News24.az-ın canlı yayımında jurnalist Ülkər Rəşidqızının suallarını cavablandırarkən deyib. O, oğlundan danışıb: "Bu müddət ərzində vaxtımın çox hissəsini  daha çox oğluma sərf edirəm. Osman mənimlə yatır, mənimlə birgə yuxudan oyanır. O, gözlərini açanda üzümü görməsə, ağlayacaq. İşlərim olanda oğluma xalam baxır. Bir il yeddi aydır o, bizimlə yaşayır. Osmanım onu çox istəyir, hətta ona "nənə" deyir. Əvvəllər çox nadir hallarda ağlayıb kövrələrdim, Osmandan sonra isə dəyişmişəm. Adım "daşürəkli Oksana" idi, çünki bütün problemlərə normal yanaşırdım. İndi romantik olmasam da, həssaslaşmışam. Oğlumdan sonra həyata baxışım dəyişdi. Oğlum eyniilə atası kimi inadçıldır. Üzdən də həyat yoldaşıma çox oxşayır. Düşünürəm ki, müəyyən yaş həddinə qədər övladlarımızın sosial şəbəkələrdə, efirlərdə üzünü göstərməməliyik. Bu, övladını gizlətmək yox, onu qorumaqdır. Oğlum üçün reklam şirkətlərindən təkliflər gəlir, amma hələ ki, bunu istəmirəm. Çox maraqlıdır ki, oğlumun telefona yoxdur". 

O. Rəsulova yardım aksiyaları haqda da söz açıb: "Paylaşmaq gözəldir. Belə xeyirxah əməlləri alqışlayıram. Çox şadam ki dövlətimiz işsiz insanlara yardım edir. Məncə, 190 manat işsiz bir insan üçün çox böyük dəstəkdir. Rayonda o  məbləğin necə insanın əlindən tutduğunun şahidi oldum. Bu kimi xeyriyyə aksiyaları xalqımızın birlikdə nəyə qadir olduğundan xəbər verir. Kiminsə imkanı varsa niyə də yardım etməsin? Bu, böyük savabdır. Mən də imkanım çatdığı qədər yardımlar edirəm. Düşünürəm ki, Ruhi xanım və onun kimi xeyirxah insanların gözəl əməlləri mütləq şəkildə təbliğ olunmalıdır, çünki onlar böyük yardım kampaniyaları gerçəkləşdirirlər".

Rəsulova karantində olduğu günlərdə çəkisinin artmasından da danışıb: "Ana olandan sonra bir o qədər də arıqlaya bilmədim. Sonra ciddi şəkildə bunun üstünə düşdüm, çörək yemədim, idmanla məşğul oldum və müsbət  nəticə əldə elədim. Bir ara mənim adımla dietik qara kofeler satışa buraxılmışdı, hətta üstündə şəklim belə var idi, amma inanın ki, mən ömrüm boyu belə şeylərlə qidalanmamışam və heç kimə də məsləhət görmürəm. Özüm həkim olduğuma görə, sizə əminliklə söyləyə bilərəm ki, o, vasitələrin içində küllü -miqdarda zəhərlər var. Burdan bu kimi vasitələri satan insanlara səslənirəm. Hazırki vəziyyətdə belə dərmanları, çayları reklam eləməyin. İndi insanlara güclü imunitet lazımdır, arıqlamaq yox. Pəhrizi də ifrat dərəcəsinə gətirmək olmaz çünki orqanizmə mənfi təsir göstərə bilər".

Hind rəqslərin mahir ifaçısısı sonuncu fotosessiyasından da danışıb: "Çox peşəkar komanda ilə çalışdım. Burda 18-ci əsrin obrazlarına müraciət olunub. Əgər, nə vaxtsa tarixi filmə çəkilsəm, Şah İsmayıl Xətainin həyat yoldaşını canlandırmaq istəyərdim".

Sevda Bayramova