Azərbaycanda istilik mövsümü daha 5 gün artırıldı - RƏSMİ
    • 23-04-2020, 20:41
    • 606

Azərbaycanda istilik mövsümü daha 5 gün artırıldı - RƏSMİ

Ölkə ərazisindəki qazanxanaların qazla təminatını 30 aprel 2020-ci il tarixinədək davam etdirəcək.

“Azəriqaz” İstehsalat Birliyindən News24.az-a verilən məlumata görə, 25 aprel tarixində başa çatması nəzərdə tutulan istilik mövsümü daha 5 gün artırılıb. Müvafiq tədbirlərin görülməsi üçün Birliyin baş direktoru Ruslan Əliyev tərəfindən müvafiq strukturlara dərhal tapşırıqlar verilib. 

Məlum olduğu kimi Koronavirus (COVID-19) infeksiyasının respublika ərazisində geniş yayılmasının qarşısını almaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə xüsusi karantin rejimi may ayının 4-dək uzadılıb. Bu müddət ərzində insanların fərdi yaşayış evləri və mənzillərdən çıxışına məhdudiyyət qoyulub. Eyni zamanda havanın orta sutkalıq temperaturunun aşağı olduğu müşahidə edilməkdədir. Azərbaycan Respublikası Energetika Nazirliyindən “Azəriqaz” İstehsalat Birliyinə daxil olan rəsmi məktubda qeyd edilir ki, bütün yuxarıda sadalanan hallar nəzərə alınaraq vaxtı 15 apreldən 25 aprelədək uzadılan istilik mövsümü daha 5 gün artırılaraq 30 aprel tarixinədək davam edəcək.