"Ekspertlər dərslərin mayda başlamasını düzgün hesab etmirlər" - MİRVARİ FƏTƏLİYEVA
    • 28-04-2020, 13:25
    • 977

"Ekspertlər dərslərin mayda başlamasını düzgün hesab etmirlər" - MİRVARİ FƏTƏLİYEVA

"Artıq özümü yaxşı hiss edirəm, sağalmağa doğru gedirəm. Düzdür, tam fiziki gücümü hələ ki, geri qaytarmamışam, amma yavaş-yavaş özümü toplamağa çalışıram".

Bu sözləri koronavirusdan sağalan Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva News24.az-ın "Ülkər Rəşidqızı ilə karantində" layihəsində deyib.

O, ilk olaraq koronavirusa yoluxmasından danışıb: "Virusun qaynağını tapmaq çox çətindir. Mən həmin ərəfələrdə müxtəlif yerlərdə olmuşam. Xüsusilə də, insanların çox olduğu toyda və alış-veriş mərkəzlərində oldum. həyat yoldaşım həkimdir, ola bilər ki, virus ondan mənə keçib. Yəni, versiyalar müxtəlifdir. Martın ortalarından özümü yorğun, enerjisiz hiss eləməyə başladım. Düşündüm ki, baş verən hadisələr mənə mənfi təsir göstərib. Bu yorğunluq təxmini 5,6 gün çəkdi. Daha sonra isə baş, boğaz ağrısı yarandı, dadbilmə və iybilməni itirdim. Məni ən çox narahat edən isə kəskin sümük ağrıları idi. Xəstəxanaya müraciət edəndən sonra məndə tənqinəfəslik yarandı. Həmin gün məndə koronavirus aşkar olundu. Daha sonra isə müxtəlif dərmanlar və antibiotiklərdən istifadə etməyə başladım. Çox çətin proses idi, amma özümü daim nikbin və pozitiv tutmağa çalışırdım. Müalicənin nəticəsini gördüm, amma hələ ki, öncəki gücümə qayıtmamışam. Düzdür, ikinci müayinədə ciyərlərimdə olan ləkələrin çəkildiyi məlum oldu, amma yenə də həkim nəzarətində qalmağın faydası var. Zamanla idmanla məşğul olmağa başlayacağam. Xəstəlik dövründə immuniteti artırmaq üçün təbii vasitələrdən istifadə eləmişəm. Məsələn, müxtəlif meyvələr, çiy tərəvəzlər, zəncəfil, bal və limon qəbul edirdim. Bu virus var. Gözə görünməyən düşmənlə müharibədə savaşırıq. Məndən əlavə Fransada üç azərbaycanlı koronavirusa yoluxdu, amma sağaldılar. Bu pandemiya səbəbindən Paris Azərbaycan Evinin təşkil edəcəyi bir çox tədbirlər təxirə salındı, amma müəyyən tədbirləri onlayn şəkildə həyata keçiririk".

M. Fətəliyeva psixoloji baxımdan güclü olduğunu bildirib: "Hər kəs bu xəbəri fərqli şəkildə qəbul edir, amma mən psixoloji baxımdan güclü olduğuma görə, qorxu və panikaya düşmədim. Çünki hər bir şeyin çarəsi var. Düzdür, bir gecə çox böyük bir təşviş yaşadım, çünki nəfəs ala bilmirdim, çox çətin idi, amma tez bir vaxtda özümü ələ aldım. Özümü, tezliklə sağalacağıma inandırırdım. Bu dövrdə məni ən çox həyat yoldaşım, ailəm, dostlarım, millətim dəstəklədi".

Həmsöhbətimiz Fransada olan vəziyyətdən də danışıb: "Çox təssüf ki, Fransa karantin rejiminə çox gec keçdi. Karantin elan olunmamışdan öncə ölənlərin və yoluxanların sayı çox oldu. Martın ortasında mən fikir verdim ki, çox az insan maska və əlcəkdən istifadə edir. Bir müddət öncə vəziyyət çox ürəkağrıdıcı idi, xəstəxanalardə yer yox idi, amma indi nisbətən səngiyib. Maska qıtlığı var, düzdür, məndə öncədən etiyat maskalar vardı deyə, çətinlik çəkmədim. Amma ümumiyyətlə, maska, əlcək və spirt tapmaq çox çətindir. Bununla yanaşı, müxtəlif cərimələr tətbiq olundu ki, nəticədə insanlar küçələrə çıxaraq etirazlarını bildiriblər. Cərimənin məbləği isə 135 AVRO- dan başlayır. Yəni, cərimənin məbləğı, səbəbindən aslıdır. Fransada mayın 11-də vəziyyətin normallaşacağı gözlənilir. Nəyin, necə olacağı haqda hələ ki, məlumatımız yoxdur. Hər birimiz gözləyirik. Düzdür, hələ ki, normal şəraitə qayıdacağımız vaxt bəlli deyil, çünki çox çətin dövrdür, xüsusilə də, iqtisadii baxımından çətinlioklər olacağını düşünürük, amma səbr etmək lazımdır. Onu da deyim, heç vaxt Parisi belə yalqız, bədbin görməmişdim. Məncə, turistlər bura üçün çox darıxıblar".

Həmyerlimiz Fransada məktəblərdə də tədrisin dayandırılmasından da söz açıb: "Burda da xeyli vaxtdır ki, məktəblərdə dərslər dayandırılıb. Ekspertlər məktəblərin may ayında başlamasını düzgün hesab etmirlər, çünki bu addım virusun yenidən yoluxmasına səbəb ola bilər".

Sevda Bayramova