Türk Şurasının Sammitində koronavirusla mübarizəyə dair qərar QƏBUL EDİLDİ
    • 28-04-2020, 17:01
    • 725

Türk Şurasının Sammitində koronavirusla mübarizəyə dair qərar QƏBUL EDİLDİ

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv ölkələrinin səhiyyə sektorlarının rəhbərləri onlayn görüşdə iştirak ediblər.

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosu direktoru Hans Klüqe, Qazaxıstan Respublikasının səhiyyə naziri Eljan Birtanov, Qırğızıstan Respublikasının səhiyyə naziri Sabirjan Abdikarimov, Türkiyə Cümhuriyyətinin səhiyyə naziri Fahrettin Koca, Özbəkistan Respublikası səhiyyə naziri Aleşer Şadmanov və Macarıstanın Dövlət səhiyyə katibi (müşahidəçi ölkə) Zoltan Lourens online konfransda iştirak ediblər. 

Müzakirələr zamanı hər bir nümayəndə öz ölkəsində COVİD-19 pandemiyası üzrə sanitar-epidemioloji vəziyyət, səhiyyə infrastrukturu, diaqnostika və müalicə, karantin tədbirləri və digər məsələlər ətrafında çıxış etdi.

Onlayn iclasa yekun olaraq, Türk Şurasının Sammitində qəbul edilən bəyannamənin müddəalarının yerinə yetirilməsinə dair aşağıdakı qərarlar qəbul edildi:

1. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlıq qurulsun və Tərəflərin ekspertlərindən ibarət Birgə İşçi Qrup yaradılsın;

2. COVİD-19 pandemiyası və digər təhlükəli infeksiyalara qarşı mübarizədə profilaktika, diaqnostika, müalicə, epidemioloji nəzarət, elmi araşdırmalar sahəsində məlumat və təcrübə mübadiləsi genişləndirilsin;

3. COVİD-19 və digər təhlükəli infeksiyalar üzrə əməkdaşlıq və koordinasiyanın genişləndirilməsi məqsədi ilə üzv/müşahidəçi dövlətlərin aidiyyati nazirliklərinin ekspertlərindən ibarət Xüsusi Əməkdaşlıq Mexanizmi yaradılsın və onun fəaliyyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi vasitəsilə tənzimlənsin;

4. Pandemiyalar zamanı xəstəxanaların idarəedilməsi, laborator diaqnostika və həyati dəstək əhəmiyyətli tibbi avadanlıqlar ilə bağlı ehtiyacların qiymətləndilməsi, eləcə də ixtisaslı tibb mütəxəssislərindən ibarət qrupların yaradılmasına dair əməkdaşlıq və təcrübə mübadiləsi aparılsın;

5. Təhlükəli infeksiyaların müalicə və profilaktikasında yeni metodların, o cümlədən, müvafiq vaksin, farmakoloji məhsulların və müalicə sxemlərinin hazırlanması sahəsində birgə əməkdaşlıq inkişaf etdirilsin;

6. COVİD-19 və digər təhlükəli infeksiyalar üzrə tibb mütəxəssisləri üçün bilik və bacarıqların inkişafı proqramlarının tətbiqi, eləcə də onlayn-təlimlər təşkil edilsin.

Sonda görüşün iştirakçıları COVİD-19 ilə mübarizə üçün birgə tədbirlərin hazırlanması və əlaqələndirilməsi məqsədilə gələcəkdə də belə görüşlər keçirməyə hazır olduqlarını bildirdilər. Həmçinin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin səhiyyə sahələrinin rəhbərləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün təşkili və bu ölkələrin səhiyyə nazirləri səviyyəsində görüş keçirmək təşəbbüsü ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz səmimi minnətdarlıqlarını xüsusi qeyd etdilər.


Qeyd edək ki, 10 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşü videokonfrans vasitəsilə keçirildi. Dövlət başçıları Şuraya üzv-ölkələrində vəziyyəti müzakirə edib, koronavirus pandemiyası ilə mübarizəyə dair Bakı Bəyannaməsini qəbul etdilər. Tədbirdə Azərbaycan Respublikası Prezidenti bu istiqamətdə səylərin birləşdirilməsinin vacibliyini qeyd edərək, sammitdə qəbul edilmiş bəyannamənin müddəalarının icrası üçün üzv ölkələrin səhiyyə nazirləri səviyyəsində eyni formatda görüşün keçirilməsini təklif etdi. Məsələyə dair üzv dövlətləri ilə aparılan danışıqların nəticəsində 28 aprel 2020-ci il tarixində videokonfransın keçirilməsi haqqında razılıq alındı.