ETSN 6 tikinti layihəsinin onlayn müzakirəsini APARACAQ
    • 2-05-2020, 10:41
    • 1 092

ETSN 6 tikinti layihəsinin onlayn müzakirəsini APARACAQ

Dövlət Ekoloji Ekspertiza Agentliyinə daxil olan sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi üçün  növbəti ictimai dinləmə onlayn keçiriləcək.

Bu barədə News24.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib. 

M.Qənbərov qeyd edib ki, ötən ildən başlayaraq ekoloji qiymətləndirilməyə təqdim olunan bütün layihələrə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə yalnız ictimai dinləmədən sonra rəy verilib.   Karantin rejiminin tələblərinə görə, bu dəfə  dinləmə  onlayn keçiriləcək və agentliyə təqdim olunan 6 layihənin müzakirəsi aparılacaq. 

"Layihə icraçılarının, QHT nümayəndələrinin və  ekspert-mütəxəssislərin iştirakı ilə 7 may  saat 11:00-da keçiriləcək müzakirələrdə dinləməyə çıxarılan altı layihədən üçü səhiyyə, yol infrastrukturu və istilik təchizatı ilə bağlı olmaqla dövlət qurumları tərəfindən, digərləri isə özəl şirkətlər tərəfindən təqdim olunub."

Agentlik rəsmisinin sözlərinə görə dinləmələrdə hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetiriləcək, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinləniləcək.