Nazirlikdə ictimai dinləmə KEÇİRİLƏCƏK
    • 16-01-2020, 12:40
    • 905

Nazirlikdə ictimai dinləmə KEÇİRİLƏCƏK

Ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə 23 yanvar 2020-ci il tarixində  keçiriləcək. Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. 

Nazirliyin mətbaut xidmətindən News24.az-a verilən məlumata görə, o qeyd edib ki, Nazirliyin Dövlət Ekspertiza İdarəsində keçiriləcək ictimai dinləmələrdə layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislər iştirak edəcək. 

“İctimai dinləmələrdə idarəyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetiriləcək, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinləniləcək”. 

Nazirliyin sözçüsü bildirib ki, ötən ildən başlayaraq  ETSN-yə təqdim olunan bütün ekoloji layihələrə şəffaflığın təmin olunması və ictimaiyyətin məlumatlandırılması məqsədilə yalnız ictimai dinləmələrdən, maraqlı tərəflərlə müzakirələrdən sonra rəy verilir.