“Ədəbiyyat” hərf səhvi ilə yazıldı – “ƏBƏDİYYAT”
    • 4-05-2020, 01:00
    • 829

“Ədəbiyyat” hərf səhvi ilə yazıldı – “ƏBƏDİYYAT”

Azərbaycanın böyük alimi, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin professoru Tofiq Hüseynov gözünü əbədi yumdu.

Hər gün dərsə gedib-gələn, tələbələrinə səbrlə mühazirə oxumağı çoxdan həyat tərzinə çevirən pedaqoqlar kimi, o, da bu koronavirus günlərində universitet auditoriyaları üçün darıxırdı. Yenidən yetirmələrinin əhatəsində olmağı, sual atəşinə tutulmağı səbrlə, fəqət intizarla gözləyirdi. Amma olmadı. Bu dəfə “ədəbiyyat” hərf səhvi ilə yazıldı – “əbədiyyat”. Və bu kəlmə böyük alimi təkcə tələbələrindən, universitetdən yox, həm də əzizlərindən, bütövlükdə acılı-şirinli fani dünyadan ayırdı. Görkəmli alim və qayğıkeş müəllim 3 may 2020-ci ildə Moskvada həyata gözlərini əbədi olaraq yumdu.

News24.az xəbər verir ki, bu barədə Vaqif Sultanlı Feysbukdakı şəxsi hesabında məlumat yayıb: «Azərbaycanın görkəmli alimi, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının keçmiş müdiri, filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğlu Moskvada dünyasını dəyişib. Geniş dünyagörüşlü, dərin mütaliəli fikir sahibi olmaqla yanaşı, gözəl, mənəviyyatca saf insan idi. Bir çoxları kimi mənim də müəllimim olmuşdu. Sonra uzun müddət bir kafedrada çalışmışdıq.Yalnız tələbəlikdə deyil, sonrakı illərdə də onu özümə müəllim bilmişəm. Heç vaxt haqqı, ədaləti, insanlığı unutmadı. Ədalətsizliyin hökm sürdüyü, "insan" tünlüyünün ucuzlaşdırdığı, mənasızlaşdırdığı, gərəksizləşdirdiyi cəmiyyətimizdə əzab çəkirdi. Məzarı nurla dolsun!»

Qeyd edək ki, o,  121 məqalə, 5 monoqrafiya, 3 kitab (dərslik, şərikli) müəllifi olub.