"Uca boyu, uzun saçı, bir az da imkanı var deyə efirə çıxarmaq düzgün deyil" - LAMİYƏ ƏLƏKBƏROVA
    • 12-05-2020, 17:27
    • 1 246

"Uca boyu, uzun saçı, bir az da imkanı var deyə efirə çıxarmaq düzgün deyil" - LAMİYƏ ƏLƏKBƏROVA

"Bilirsiniz ki, "Mədəniyyət" kanalında direktor müavini vəzifəsində çalışıram. Düzdür, ekranda olmasam da müxtəlif televiziyalarda layihələrim efirə gedir. Düşünürəm ki, bu yaxınlarda yenidən ekranlara qayıdacağam. Bir az fasilə verdim. Məncə, bir az ara vermək lazımlı bir şeydir, tamaşaçı bizim üçün darıxmalıdır. Efiri çox sevirəm və bu işdə özümü daha rahat hiss edirəm. Canlı efir aparıcıya senzuranı öyrədir. 25 ildir artıq efirdəyəm. Rejissor asisstendindən başlayıb direktor müavininə qədər qalxmışam". 

Bu sözləri teleaparıcı Lamiyə Ələkbərova News24.az-a açıqlamasında deyib. O, "Sizcə əsl, teleaparıcı necə olmalıdır" sualına bu cür reaksiya verib: "Məncə, uca boyu, uzun saçı, bir az da imkanı var deyə o insanı efirə çıxarmamalıyıq. Aparıcı daim öyrənməli, dərs kəçməlidir, Mədəniyyət və İncəsənət Universitetində oxumalı, böyüklərdən səhnə danışığı dərsini keçməlidir, güzgünün qabağında durub özünü yoxlamalıdır. Yəni, biz belə-belə gəlmişik. Çox gülmək olmaz və hər şeyə diqqət yetirilməlidir".

Həmsöhbətimiz bəzi aparıcıların toya getməməsindən də danışıb: "Elə bilirsiniz ki, toyu idarə etmək asandır? Çox çətindir. Mən də toy aparıram. 1000 nəfərin qarşısına çıxmaq heç kəsə asan gəlməsin. Bu canlı ünsiyyətdir. Əgər səhnəyə çıxan aktrisa tamaşanın sonunda alqışla qarşılanılırsa, deməli tamaşaçı ona rəyi o cür bildirdi, amma toyda ab-hava tamamilə başqadır. Toyun sonunda ev yiyəsi gəlir və səni işinə görə dəyərləndirir".

L.Ələkbərova Nuri və Janedən başqa heç kiminlə çalışmaq istəmədiyini xüsusi vurğulayıb: "Müqavilə əsasında onların musiqi direktoruyam. Onlardan başqa heç kiminlə çalışmağı istəmirəm. İllər ərzində onlarla doğmalaşmışıq. Çoxluğa niyə qaçım ki? Sənət yoldaşlarıma ancaq yardım edə bilərəm. Hamıyla işləmək nəyə lazımdır? Ondansa bir komanda ilə peşəkarcasına çalışım".

Sevda Bayramova