Sevil Nuriyeva: Mənim Etimadım mərd doğuldu, kişi kimi öldü
    • 26-09-2018, 16:43
    • 1 550

Sevil Nuriyeva: Mənim Etimadım mərd doğuldu, kişi kimi öldü

Jurnalist Sevil Nuriyeva “Facebook” səhifəsində ötən günlərdə Türkiyədə qətlə yetirilən həyat yoldaşı Etimad İsmayılov haqda paylaşım edib.Bu dünya mərdləri də, namərdləri də ayırd edən yerdir. Nəhayətdə “Divan”a çıxacağıq. Mənim Etimadım mərd doğuldu, mərd kişi kimi bu aləmi tərk etdi”, - deyə o qeyd edib.
“Cənnətdə onunla təkrar qovuşmaq ən böyük arzumdur. Bu gün 7-ci gündür ki, bu aləmi tərk etdi. Mən ondan razıyam, dostları, iş gördüyü namuslu insanlar, qohumları ondan razıdır. Ağzı oruclu, qüsullu, ən son gün zəkat verərək dünyadan köçdü. Allah səndən razı olsun, canımın içi. Sən İlyası necə görmək istəyirdinsə, məni necə görmək istəyirdinsə - sənə söz verirəm – hamısı olacaq...Bu gün dostlarından, dostlarımdan mülk və yasin surəsi oxumasını xahiş edirəm. Məni tək qoymayan, dualar edən, başsağlığı verən, mənim çiynimə çiynini söykəyən həqiqi dostlarımıza təşəkkür edirəm. Allah sizləri qorusun və dərd verməsin.
Bu dünyada nəfəsim bədənimdən çıxan günə qədər Allah üçün, məfkurəm üçün, mübarizəm üçün, Etimadım üçün, İlyasım üçün, dostlarım üçün yaxşı olmağa, mərd olmağa, mərhəmətli olmağa davam edəcəyəm. Acım dərindir və heç vaxt azalmayacaq.
Amma cənnətdə qovuşanadək dua edəcəyəm, Etimad. Səninlə fəxr etdim hər zaman... Səninlə birlikdə keçirilən hər an bir ömür qədər qiymətlidir, əzizdir, əzizim. Arxanda qoyduğun mərd adam adı üçün sağ ol, canım.
İlyasa qoyduğun ən qiymətli miras budur. Məni gözlə, əzizim, vaxt tamam olanda Allah cənnətində qovuşduracaq, inşallah”Qeyd: Sənə alçaqcasına, qorxaqcasına, şərəfsizcəsinə hücum edən murdar isə hər iki dünyada bimar olacaq. Allahın ədalətinə sonsuz şükürlər olsun. Və Türkiyə dövlətinin ədaləti hər şeyi, şübhəsiz, ortaya çıxaracaq. Qanımızı axıdan bişərəfin, namussuzun cəzasını ilahi ədalətə və Türkiyə dövlətinin ədalətinə buraxıram”, - deyə Nuriyeva yazıb.