Karton evlərdə, lampa işığında səfalət içində yaşayan iki ailənin haray səsi- VİDEO
    • 27-09-2018, 10:43
    • 1 377

Karton evlərdə, lampa işığında səfalət içində yaşayan iki ailənin haray səsi- VİDEO

Dünən redaksiyamıza şikayət daxil oldu.
İki ailə öz dərdlərini danışmaq, insanlardan yardım almaq ümidiylə haray çəkirdi.
Bu iki ailənin yaşadığı ürəksızladan şəraitlə yerində tanış olmaq üçün, news24.az komandası olaraq Biləcəri qəsəbəsinə yollandıq.
Dəmir yolu xəttinin yaxınlığında qalan ailənin yaşadığı evi, həyat şəraitini gördükdə nə qədər naşükür olduğumuzu daha yaxşı başa düşdüm. XXI əsrdə, Bakı şəhərində evini neft lampası ilə işıqlandıran bir ailə təsəvvür edirsinizmi?
Bizi Xəyalə xanım qarşıladı. İki il əvvəl evlərində yanğın çıxıb, yuvaları yanıb, kül olub. Daha sonra hazırda yaşadıqları yerə gələrək yarı karton,yarı daş, yarı taxtadan özlərinə yaşayış yeri düzəltməyə çalışıblar. İnsanın ev deməyə dili gəlməyən bu sığınacaqda 5 nəfər yaşayır -Xəyalə xanım, yoldaşı və 3 uşağı. Xəyalə xanımın əri dəmir yolu işçisidir, ayda 230 Azn maaşla ailəsini saxlamağa çalışır. Övladlarının yaşıdlarının 4-cü, 5-ci sinifdə oxumasına baxmayaraq, uşaqlar bu vaxta kimi məktəb üzü görməyib. Heç bir sosial müavinət almayan ailə, bütün tələbatlarını 230 Azn maaşla ödəməyə çalışır.Qaranlıq günlərini aydınlatmağa bir işıqları, qarşıdan gələn qışda isinməyə sobaları belə yoxdur. Tək ümidləri dövlət və soydaşlarımızın köməyinədir.
 
Çox üzgün təəsuratlarnan onlardan ayrılıb qayıdarkən qonşuluqdakı bir xanımın bizi çağırmasını eşitdik. Eyni dərddə, eyni çətinliklərlə boğuşan ikinci bir ana haraya çağırırdı. Yaqut xanımında taleyi Xəyalə xanımın taleyinə bənzəyir. Yaqut xanım,yoldaşı və oğlu 11 ildir ki, burada yaşayır. Onun dediyinə görə evləri dövlət tərəfindən söküldükdən sonra onlar üçün heç bir yardım göstərilməyib. Əvvəllər yoldaşı avtobus sürücüsü işləyib, keçirtdiyi qəzadan sonra əlil vəziyyətinə düşən kişi daha işləyə bilməyib. Yaqut xanım günəmuzd işlərlə, təmizliyə gedərək ailəsini dolandırmağa çalışır. Yaqut xanımın övladı məktəbdə olduğuna görə onunla tanış ola bilmədik. Dediyinə görə, uşaq bu çətin şəraitdə xəstə düşüb, əsəbləri yerində deyil, görmə qabiliyyəti cəmi 2 faizdir. Həkimin yazdığı eynəyi almağa belə gücləri çatmır.
-Bəs o, qaranlıqda dərslərini necə oxuyur?
 -Oxuya bilmir, normal görə bilirmi ki, dərslərini də oxusun. Sadəcə dərsə göndərirəm ki, başı qarışsın, bu şəriatdə uşaqmı yaşayar?
 Yaqut xanım gedəcək yerlərinin olmadığını, çox yerə şikayət etsələr də şikayətlərinə baxılmadığını dedi. ”Dedilər qeydiyyatsız yaşayrısız, evimizi söküb bizi atdılar çölə. Burda hamı qeydiyyatsızdır. Qaçqınlara ev tikməyə icazə verirlər, bizə yox. Bizi niyə yamana günə qoydunuz, biz Azərbaycan vətəndaşı deyilmiyik?”.
Bu sual əslində çox böyük sosial bir bəlanın ümidsiz bir ana tərəfindən dilə gətirilməsidir. Ümid edirik ölkəmizdə səfil və dözülməz həyat şəraitində yaşayan bu iki ailənin problemi duyarlı vətəndaşlarımızın diqqətindən kənarda qalmaz. Bu mübarək ayda “qonşusu ackən, tox yatan bizdən deyil”- deyən bir peyğəmbərin davamçıları olan könlü dualı insanlarımız kömək əllərini uzadarlar. Köməyi əsl ehtiyacı olana etmək savabdır. Bu insanlar efirlərə çıxıb yardım kampaniyaları, şoular düzəldə bilmirlər, kasıblıqlarından utanırlar,yaşamaq üçün çabalayırlar. Lakin övladlarının taleyi, gələcəyi naminə yardım istəmək məcburiyyətindədirlər.Onlar səslədi, harayladı, qaldı mərhəmətli ürəklərin cavab verməsi.

Foto/Video Nurlan Gülməmmədov
Şəlalə Ağayeva