Kür çayının aşağı axınında suyun səviyyəsinin azalmasının səbəbləri AÇIQLANDI - FOTO
    • 16-06-2020, 15:01
    • 1 276

Kür çayının aşağı axınında suyun səviyyəsinin azalmasının səbəbləri AÇIQLANDI - FOTO

Direktor, akademik Ramiz Məmmədov başda olmaqla, AMEA akademik  H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov və Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, dosent Mirnuh İsmayılov 3 gün müddətində Neftçala və Sabirabad rayonlarında ezamiyyətdə olublar.

Coğrafiya İnstitutundan News24.az-a bildirilib ki, tədqiqat qrupunun məqsədi son zamanlar Kür çayının aşağı axınında yaranmış su probleminin tədqiqi, səbəblərinin araşdırılması  və tövsiyə tədbirlərinin hazırlanması olub.

Alimlər Azərbaycanın baş su arteriyası olan Kür çayında suyun səviyyəsinin iyun ayında, yəni suya tələbatın artdığı yay fəslinin başlanğıcında kəskin şəkildə azalmasını, hətta Neftçala rayonunun Xıllı məntəqəsindən çayın mənsəbinə qədər olan yatağın tamamilə dəniz suları ilə tutulmasını müşahidə ediblər. Onlar bildiriblər ki, bu vəziyyət çayın deltasında və ona yaxın ərazilərdə sıx məskunlaşmış əhalinin su ilə təminatında ciddi problemlər yaradıb. Xıllı məntəqəsi ilə Salyan şəhəri arasında Kür çayı dəniz suyu ilə qarışmış halda və ya, az da olsa, çay suyu şəklində axır. Çayın bu hissəsində vaxtı ilə 100-150 m. enində yataqboyu su axdığı halda, hazırda səviyyənin kəskin şəkildə azalması ilə əlaqədar olaraq sulu yatağın eni bəzi yerlərdə 4-5 m-ə qədər azalıb. Çay yatağı boyunca ölçülərini tez-tez dəyişən uzunsov adalar əmələ gəlib. Bəzi yerlərdə çay yatağının akkumulyativ sahilləri tamamilə sudan azad olub. Kür çayında suyun azalması ilə adaların əmələ gəlməsi və ya yatağın quru hissələrinin genişlənməsi prosesi Sabirabad rayonunda və həmçinin Araz çayının yatağında da müşahidə edilib.

Tədqiqatçılar çayda suyun azalmasının və dəniz suyunun çay dərəsinə dolmasının bir neçə səbəbini aydınlaşdırıblar: "Bunlardan birincisi Xəzər dənizi səviyyəsinin dövrü olaraq qalxıb-enməsi ilə əlaqədar aşağı axında çayda dib eroziyasının tez-tez dəyişməsi və çay dərəsinin dibinin dəniz səviyyəsindən aşağı düşməsidir. İkinci səbəb Kür çayının bu hissəsində asılı materialların kəskin azalması, üçüncü səbəb çay yatağında gedən eroziya proseslərinin dəyişməsidir. Dördüncü, əsas amillərdən biri Xəzər dənizinin Neftçala sahilləri üçün xarakterik olan şərq, şimal-şərq və cənub-şərq istiqamətli küləklərin təsiri ilə dəniz suyunun Kür çayının mənsəbinə və yataqboyu çay axınının əksinə qovularaq çay məcrasının doldurulmasıdır. Beşinci səbəb Kür və Araz çayları boyunca, eyni zamanda, Kürün qolları üzərində mövcud olan qum-çınqıl karxanalarının təsiri, Altıncı səbəb isə Kür çayının su potensialı ilə istehlakçı arasında münasibətlərin düzgün idarə edilməməsidir. Kür çayında  məcra prosesləri çox mürəkkəb olduğu üçün digər səbəblərin də mövcudluğu qaçılmazdır. Bütün bu problemlərin həlli Kür çayı  boyunca əsaslı şəkildə kompleks hidroloji, iqlim, hidrogeoloji, geomorfoloji, landşaft və hidroiqtisadi tədqiqatlar aparmağı tələb edir".