Niyə belə oldu? - MÜŞFİQ ABBASOV YAZIR
    • 18-06-2020, 14:50
    • 2 006

Niyə belə oldu? - MÜŞFİQ ABBASOV YAZIR

Niyə belə oldu? Bəlkə bunun səbəbkarı elə özümüzük?! Belə bir şəraitdə yenə də bir-birimizin ətini didirik, başqalarının qabağa getməsinə mane oluruq, içimizdəki paxıllıq və riyakarlıqdan azad ola bilmirik. Görün, üstümüzə gələn bəlanı, görün!  Bu bəla bizim pis əməllərimizin nəticəsidir. Atanın qızına, qardaşın bacısına cinsi təcavüzünün, qardaşın qardaşı, övladın valideyni əmlaka, pula görə qətlə yetirdiyi bir cəmiyyətdə yaşayırıq.

Yalan, xəyanət, riyakarlıq və qəzəb evlərimizə sahiblik edir. Mərhəmət və insanlıq hissimiz bütünlüklə yoxa çıxıb. Bəxtiyar Vahabzadə demiş, insanlar yaşayır, insanlıq ölüb. Bəlkə daha insanlar da ölüb. Kinolarda baxdığımız dəhşətli vəziyyət yaranıb. Küçələr boş qalır, insanların əsəbləri korlanıb, onlar xəstəliklərini gizləyir, xəstəxanalarda vəziyyət pik həddə çatıb, artıq xəstələri qəbul etmək olmur. Amma biz yenə də həmişəki kimi inanmırıq. Dövlətin birinci şəxsinin dediyinə belə inanmırıq. Axı niyə? Çünki həyatımıza inkar edə bilməyəcəyimiz yalanlar girib. Həqiqəti danışaq, dostlar. Ölüm qılıncı əlində gəzən bu xəstəlik də inandıra bilmir bizi. Axı biz niyə beləyik? Sanki bu millətin ziyalıları da susub, ağızlarına su alıb oturublar. Bu insanları düz yola çəkin, onları həqiqətə dəvət edin. Bəsdirin, utanmadan yaltaqlıq nümayış etdirdiyiniz və ya bilərəkdən susduğunuz.

Başa düşdük, dövlətdən ev, ad, pul, təqaüd alırsız. Lakin bu o demək deyil ki, susmalısız. Əmin olun, həqiqəti deməyiniz sizi xalqla bərabər Prezidentin də gözündə ucaldacaq və sevdirəcək. Heç olmasa, bu dünyadan yaxşı adla gedin. Onsuz da koronaviris bizimlə birgə sizlərdən də kimisə aparacaq. Mütləq surətdə aparacaq. Heç olmasa, ölümqabağı çıxın, bu millətə çağırış edin. İqtidar da, müxalifət də bizimdir. Bu milləti birliyə, dostluğa, qardaşlığa dəvət edin. Ayıldın yatanları. Bu sizin vəzifənizdir. Xalqın sizə verdiyi vəzifə. Gələcəyimiz məhvə getməsin. Ziya Bünyadovu, Bəxtiyar Vahabzadəni, Xəlil Rza Uluturku, Məmməd Arazı və digər vətənpərvərləri xatırlayın. Hansısa vəzifəli şəxsdən qorxmayın, milləti düşünün. Millətin sözünü desəniz, bu millət sizə dayaq olacaq. Çalışın, bu millətin həqiqətə inanmasında rolunuz olsun. Yoxsa, heç bir vaxt adınız  yaxşılar siyahısında çəkilməyəcək, həmişə yaltaq və xaraktersiz xalq yazıçısı, xalq şairi və ya xalq artisti kimi xatırlanacaqsınız. Çıxın qabağa, deyin ki, təhsilimiz pis gündədir, deyin ki, milli-mənəvi dəyərlərimiz korlanb. Axı millətin taleyində əsas rolu təhsil oynayır. Təhsilimiz olmasa, biz xalq olaraq digərlərinin köləsi olacağıq. Ahıl yaşınızda daha özünüzü düşünməyin, milləti düşünün. Anlayın, məhvə gedirik....

Müşfiq Abbasov