Generalımız necə şəhid oldu? - Müşfiq Abbasov yazır
    • 15-07-2020, 12:38
    • 2 479

Generalımız necə şəhid oldu? - Müşfiq Abbasov yazır

İndi bütün Azərbaycan tanıyır səni. Döyüşdə şəhid olan ilk generalımızsan Sən. Hansı ki, həmin general rütbəsini çoxlarından fərqli olaraq, zülm çəkərək, pillə-pillə ucalaraq, palçıqlı səngərlərdə gecə-gündüz öz maaşın hesabına əsgərlərə post tikə-tikə almısan. 

Mən səni Daşkəsəndəki hərbi hissədə komandir olduğun vaxtlardan tanıyıram. Həmin vaxt sən polkovnik-leytenant rütbəsində idin. Mənsə Respublika Hərbi Prokurorluğunda mühüm işlər üzrə müstəntiq işləyirdim. Sənin hərbi hissəndə əsgərlərdən birinin cinayət işini aparırdım. Mobil telefon işlətmədiyinə görə səni tapmaq mümkün olmazdı. Buna görə çox əziyyət çəkirdik. Hərbi hissənin qərargah binasında komandir kimi xidməti otağın olsa da, sən o otaqda oturmazdın. Nə vaxt soruşurduq ki, Polad hardadır, bizə deyirdilər ki, komandir qabaqdadır, postları gəzir. Səndən dəfələrlə mobil telefon işlətməməyinin səbəblərini soruşdum. Mənə deyirdin ki, korpusdakı ayrı-ayrı vəzifəli şəxslər, dostların və ya tanışların əsgərlərin bir yerdən digər yerə dəyişdirilməsini, onların yaxşı bölməyə keçirilməyini səndən xahiş edirlər. Sən isə bütün əsgərlərə eyni gözlə baxırsan və o xahişləri eşitməmək, icra eləməmək üçün mobil telefon işlətmirsən. Bu, bir zabit şərəfi idi. Heç bir kənar sözə baxmayaraq, əsgərinə fərq qoymayan, onları öz övladı kimi sevən zabit şərəfi. 

Yadımdadır, sənin hərbi hissənin yaxınlığında yerdən köhnə su boruları çıxartdırıb əsgərlər üçün su xətti çəkdirmişdin. Dəyəri çox baha olan həmin azbes borularını metrə ilə ölçdük və sən bir metrəsini belə mənimsəməmişdin. Bu düzlüyün və mərdliyin idi səni hamıya sevdirən. Bütün zabitlərin, əsgərlərin hamısı səndən razı idi. Bir Allah şahiddir ki, həm sən, həm də Mayis Bərxudarov general-mayor rütbəsi alanda nə qədər sevinmişdim. Çünki siz əsl döyüş generallarısız. Sənin necə kəşfiyyatçı olduğunu bütün hərbiçilər bilirdi. İndi bunu bütün Azərbaycan xalqı bildi. 

Bu arada bəzi insanlar sənin hansı şəraitdə şəhid olmağını bilmək istəyir və bu, onları narahat edir. Bilin, general-mayor Polad Həşimov Tovuzun ön xəttində erməni quldurlarına qarşı şəxsən döyüşərkən, Qaraqaya istiqamətində düşmənin artilleriya zərbəsi nəticəsində şəhid oldu. Ürəyində olan vətən sevgisi onu ermənilərin bir addımlığına qədər aparmışdı. Ölümünlə bütün Azərbaycan xalqı qalxdı ayağa. Qanının töküldüyü Tovuz torpağı səni heç vaxt unutmayacaq. Buna tam əmin ol. Onu da bil ki, övladların bu millətə əmanətdir. Xalqımız sənin əmanətinə daim sahib çıxacaq. Gözün arxada qalmasın, cənab general. Rahat yat!

Müşfiq Abbasov