“Onlayn təhsilə nifrət edirəm...”- VALİDEYN ETİRAZI - MÖVZU
    • 29-07-2020, 15:03
    • 997

“Onlayn təhsilə nifrət edirəm...”- VALİDEYN ETİRAZI - MÖVZU

“Deyirlər, bu il də dərslər onlayn olacaq. Vallah, keçən dərs ilində mənim uşaqlarımın dərsləri yarımçıq qaldı. Müəllimə bir günə o qədər tapşırıq verirdi ki, uşaq çatdırmırdı. Mən də işlədiyimə görə uşağıma zaman ayırmağa vaxtım olmadı. Belə dərsmi olar?! 40 dəqiqə ərzində uşaq bütün proqramı necə mənimsəyə bilər?! Üstəgəl, müəllimə ev tapşırıqlarını da yoxlamır. Hardan bilmək olar, uşaq bu dərsi yaxşı qavrayıb, ya yox”. 

Bu, övladı 4-cü sinifdə oxuyan Afət Əliyevadır. News24.az-a danışan valideyn onlayn təhsilə etiraz edir. İki övladı ibtidai sinifdə oxuyan Nuray Əfəndiyeva isə övladlarının sağlamlıqlarına görə narahatlıq keçirir. O tədrisin onlayn şəkildə aparılmasının uşaqlarının səhhətində bir sıra problemlər yaratdığını deyib: “Qızım 3-cü sinifdə oxuyur. Məktəb müəlliməsinin keçdiyi online dərslər məni qane etmədi, uşaq zəiflədi. Məcbur olub repetitor tutdum, o da online dərs keçirdi. Qızım demək olar ki, 3-4 saat kompüterin qarşısında dərslə məşğul olurdu. İnanın, bir aydan sonra balamın gözləri ağrımağa başladı, həkimə apardım, dedi ki, uşağın gözləri çox zəifləyib. Mən artıq onlayn təhsilə nifrət edirəm, uşağımın sağlamlığını əlindən alıb”.     

Baxmayaraq ki, tədris ilinin başlamasına hələ bir aydan da çox vaxt qalıb, növbəti ildə dərslərin hansı qaydada aparılacağı valideynləri narahat etməyə başlayıb. News24.az-a daxil olan müraciətlərin əksəriyyəti də məhz bu mövzu ilə bağlıdır.  

Kamran Əsədov: "Birmənalı şəkildə dərslər onlayn şəkildə keçirilə bilməz"

Bizimlə söhbətdə təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda onlayn tədrisin keçirilməsi üçün qanunvericilik bazası yoxdur: “Onlayn dərsin keçirilməsi üçün ilk olaraq qanun layihəsi olmalıdır. Vəziyyət elə gətirdi ki, qanunu qəbul etmək üçün vaxt lazım idi, amma bu mümkün olmadı. Altı ay keçib, amma hələ də Distant Təhsil Haqqında qanunu qəbul etməmişik”. 

Ekspert hesab edir ki, Azərbaycanda onlayn tədrisin keçirilməsi üçün resurslar yoxdur: “Bu ölkənin 4447 min orta məktəbində 1,6 milyon şagird təhsil alır. 6 milyon şagirdin 440 mini Bakıda, 1 milyon 100 mindən çoxu regionlardadır. Onların heç də hamısının interneti, kompyüteri, planşeti yoxdur. Eyni zamanda, kompyüter, planşet, telefonla keçirilən dərslərin şagirdin sağlamlığına vurduğu zərər narkotikin vurduğu zərərdən beş dəfə artıqdır. Aparılan monitorinqlər göstərir ki, şagirdlərin 65 faizində görmə qüsuru ortaya çıxıb, 70 faizində onurğa əyriliyi-skalioz xəstəliyi əmələ gəlib, 75 faizi isə inkişafdan geri qalıb. Çünki pandemiya səbəbindən onların hərəkət etməsi, çölə çıxması, həyətdə gəzməsi məhdudlaşdırılıb. 
Bundan başqa, şagirdlərin 80 faizində çox ciddi psixoloji travmalar, psixoloji pozuntular yaranıb. Bunların fonunda onlayn tədrisin həyata keçirilməsi mümkün deyil. Birmənalı şəkildə dərslər onlayn şəkildə keçirilə bilməz. 10-11-ci sinifləri müəyyən mənada başa düşmək olar. Amma aşağı siniflərdə dərslərin onlayn keçirilməsi mümkün deyil. Burda Bakının və ya regionun hansı məktəbinin olmasının fərqi yoxdur. Nə “Microsoft Teams”, nə “Zoom”, nə də “Skipe” heç bir proqram tam şəkildə imkan vermir. Mənim hökumətə təklif etdiyim layihəyə uyğun olaraq orta ümumtəhsil məktəblərində dərslər bərpa oluna bilər və olunmalıdır. Dərslər bir gündən bir olsun, məsafə az olsun. Amma ənənəvi qaydada məktəb olmalıdır. Heç kim deyə bilməz ki, onlayn keyfiyyətlidir, əlçatandır. Bunu deyən yalan danışır. Çünki bizdə o texniki imkanlar yoxdur”. 

Cəsarət Valehov: "Valideynlərə də səbr diləyirik"


Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov News24.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu məsələ yalnız Azərbaycanda deyil, bütün dünyada baş verən haldır: “Bu müvəqqəti bir haldır. Heç kim buna hazır deyildi, onlayn təhsilin özü də bizim üçün yenidir. Valideynlərə də səbr diləyirik. Bununla bağlı bizim də tətbiq etdiyimiz yeni üsullar var, yeni mərhələ üçün çalışırıq. Onlayn təhsilin daha da təkmilləşdirilməsi üçün çalışırıq. Bunların da bir məntiqi olmalıdır. Bu mərhələni təkmilləşdirmək bizim üçün prioritet məsələdir”.         

Afaq Mirayiq