İnfeksionist: “Koronavirusla yaşamağa öyrəşməliyik” - İmmunitetimizi necə artıraq?
    • 2-08-2020, 10:30
    • 563

İnfeksionist: “Koronavirusla yaşamağa öyrəşməliyik” - İmmunitetimizi necə artıraq?

“Virusu kifayət qədər tanıdıqdan, ona qarşı vaksin əldə edildikdən sonra bu işi idarə etmək çox asan olacaq”.

Bunu 
News24.az-a açıqlamasında infeksionist-hepatoloq Vüsalə Yaşar deyib.

İnfeksionist insanların immunitetini artırmaları üçün bəzi tövsiyələrini verib:

“Əgər yoluxma sayı bu tempdə davam etsə, yəqin ki, karantin şərtləri də yumşalacaq. Amma yenə də heç bir şəkildə rahatlamaq olmaz. Təbii iki, insanların normal immunitetinin olması üçün onlara sağlam qidalanmaq və təmiz hava qəbul etmək mütləq şərtdir. Maddələr mübadiləsinin normal getməsi və yaxşı immun sisteminin olması üçün D vitamininin səviyyəsi normal olmalıdır. D vitamini üçün isə bizə günəş işığı lazımdır. Bu baxımdan da karantin şərtləri yumşalan kimi insanların bu ehtiyaclarını ödəmələri lazımdır.
Amma buna baxmayaraq, burada sosial izolyasiya qaydalarına əməl etməklə bunu həyata keçirmək olar.

Açıq havada məsafə gözlənilərsə, qoruyucu maska ehtiyacı azala bilər. İnsanlar sosial məsafə və gigiyena qaydalarına riayət etsələr, özlərini yoluxmadan qorumuş olacaqlar. Həmçinin D vitamini almaq üçün çimərliklərdən istifadə edib, günəş işığından faydalana bilərlər. Təklif edərdim ki, insanlar açıq məkanlar olan restoranlarda masaları sıx qoymamaq şərtilə qidalansın. Bu qaydalara əməl etməklə yoluxma sayını minimuma endirmək mümkündür”.

V.Yaşar koronavirusu həyatımızın ayrılmaz bir hissəsi olaraq qəbul etməyimizin labüdlüyündən söz açıb:

“Biz artıq COVID-19-la yaşamağa öyrəşməliyik. Növbəti illərdə də tək-tük yoluxma halları olacaq. Sadəcə olaraq virus yeni növ olduğu üçün hazırda kütləvi yoluxmalara səbəb olur. Biz tanımadığımız, bilmədiyimiz bir virusla üz-üzə olduğumuza görə, onu kifayət qədər araşdırmağa zamana ehtiyacımız var. Bu baxımdan bizim üçün çətindir. Ancaq virusu kifayət qədər tanıdıqdan, ona qarşı vaksin əldə edildikdən sonra bu işi idarə etmək çox asan olacaq”.

Məhərrəm Əliyev