“Yürüş olmasaydı, yoluxma dəfələrlə aşağı olardı” - Hikmət Hacıyev
    • 3-08-2020, 18:26
    • 506

“Yürüş olmasaydı, yoluxma dəfələrlə aşağı olardı” - Hikmət Hacıyev

"İyulun 14-də Bakıda Qarabağa dəstək yürüşündən sonra yoluxmanın azalması haqda suallar yaranıb. Qarabağ məsələsində həmrəyliyi bütün dünya dövlətləri gördü”. 

News24.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib: "Amma epidemioloqlar da araşdırmadan sonra bildirib ki, əgər bu yürüş olmasaydı, bu gün yoluxma sayı dəfələrlə aşağı olardı".

O bildirib ki, ancaq burada kütləvi toplaşma hallarına da yol verildi: “Epidemioloqlar tərəfindən də qeyd edilir ki, həmin toplaşmalar olmasaydı, bugünkü rəqəmlər daha aşağı ola bilərdi. Gələcəkdə vətəndaşlarımız kütləvi xarakter daşıyan tədbirlərdən çəkinməlidir. Yas mərasimləri də bu qəbildəndir. Bu kimi tədbirlər vətəndaşların daha çox bir araya gəldiyi tədbirlər sırasındadır. Buna yol vermək olmaz”.

H. Hacıyev qeyd edib ki, iyulun 14-də kütləvi tədbirin hər birimizə qürur verən hissəsini kənara qoymaq şərti ilə məsələyə epidemioloji çərçivədən də baxmalıyıq.

O bildirib ki, isti yay günlərində bu çətinliklər səbr və təmkinlə qəbul olunur: “Biz müəyyən miqyas və birgə səylərimiz nəticəsində yoluxmanın azalmasına nail olduq. Amma bu bizi qane etmir. Gündəlik 200-dən çox yoluxma var. Buna da kütləvi tədbirlər səbəb olub. Biz daha aşağı yoluxma gözləyirdik. Buna görə də gələcəkdə bundan çəkinməyə çağırırıq”.