Fəttah Heydərovun I Fəxri xiyabanda DƏFN OLUNDU - FOTOLAR - YENİLƏNİB
    • 4-08-2020, 12:46
    • 564

Fəttah Heydərovun I Fəxri xiyabanda DƏFN OLUNDU - FOTOLAR - YENİLƏNİB

Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov dəfn olunub.

F. Heydərov bu gün I Fəxri xiyabanda torpağa tapşırılıb.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları iştirak edib.

F. Heydərov ötən gecə 82 yaşında vəfat edib.

Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.
Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbazar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib, 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib.

1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri olub.
1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləyib.
1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015) çağırış Milli Məclisinin deputatı olub. 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası VI çağırış Milli Məclisinin deputatı seçilib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri idi.

SSRİ-nin “Şərəf nişanı” ordeni (1975) və medallarla təltif edilib.
20 fevral 2008-ci ildə Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni, 22 fevral 2013-cü ildə “Şərəf” ordeni, 22 fevral 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilib.

***
12:21
Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun dəfn mərasimi keçirilir.

F. Heydərov I Fəxri xiyabanda dəfn olunur.

F. Heydərov ötən gecə 82 yaşında vəfat edib. /APA/