İİTKM-də kadr islahatları olub
    • 4-08-2020, 14:30
    • 1 632

İİTKM-də kadr islahatları olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) bir neçə departamentə rəhbər təyin olunub.

News24.az xəbər verir ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlının əmrilə Mərkəzin əməkdaşı Rəşad Hüseynov İqtisadi təhlil və analitik-informasiya departamentinin rəhbəri təyin olunub. 

Rəşad Hüseynov Almaniyanın nüfuzlu Bonn Universitetində iqtisadiyyat üzrə magistratura pilləsini bitirib, daha sonra isə elə həmin universitetdə tətbiqi iqtisadiyyat və kənd təsərrüfatının iqtisadiyyatı üzrə doktorluq dissertasiyasını fərqlənmə ilə müdafiə edib. Rəşad Hüseynov müxtəlif illərdə bir sıra beynəlxalq təşkilatların, o cümlədən Asiya İnkişaf Bankının (ADB), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (UN FAO), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ), BMT-nin inkişaf Proqramının (UNDP) məsləhətçisi kimi çalışmışdır. Bundan əlavə, o ADA və Xəzər Universitetlərində iqtisadiyyat üzrə müxtəlif fənlərin tədrisi ilə məşğul olub.

İİTKM-in maliyyə analitiki Ayaz Museyibov icraçı direktorun əmri ilə Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri təyin olunub. Yeni departament rəhbəri əmək fəaliyyətinə Mərkəzi Bankda başlayıb. 2016-cı ildən fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank Fəaliyyətinə Nəzarət Departamentində davam etdirib. 2018-ci ildə isə Azərbaycan Kredit Bürosunda çalışıb, özəl bank sektoru və bir sıra dövlət qurumlarında fəaliyyət göstərib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində doktorantdır.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlının digər əmri ilə gəlir-xərc analitiki Yusif Səfərov Səmərəliliyin qiymətləndirilməsi departamentinin rəhbəri təyin olunub. Qeyd edək ki, Y. Səfərov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib, Bakı Mühəndislik Universitetində MBA təhsili alıb və hazırda Azərbaycan Dövlət İqtisad Universitetində doktorantdır. 2014-cü ildə SOCAR-da iqtisadçı, 2016-2019-cu illərdə özəl sektorda müxtəlif vəzifələrdə çalışıb.  

İİTKM-in Layihələr Departamentinin rəhbəri isə Vüsalə Cəfərova təyin olunub. İqtisadiyyat üzrə fəlsəfə doktoru Vüsalə Cəfərova Bakı Dövlət Universitetində bakalavr təhsilinin ardınca Asiya İnkişaf Bankının maliyyə ixtisası üzrə beynəlxalq MBA və Harvard Universitetində (Kennedi Hökumət Məktəbi) dövlət maliyyə idarəçiliyi və Mançestr Universitetində biznes menecmenti üzrə ixtisasartırma təhsili alıb. Asiya İnkişaf Bankının Filippindəki yerli nümayəndəliyinin direktorunun məsləhətçisi kimi üç ildən artıq fəaliyyət göstərib. İqtisadiyyat Nazirliyi və bir sıra beynəlxalq təşkilatlarda 10 ildən artıq iş təcrübəsinə malikdir.

Mərkəzdə daha bir dəyişikliyə əsasən 2017-ci ildən Azexport portalının meneceri kimi fəaliyyət göstərən Ayxan Qədəşov portal rəhbəri təyin olunub. A. Qədəşov Odessa Milli Rabitə Akademiyasının İqtisadiyyat İnstitutunda bakalavr və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət Qulluğunun Təşkili və İdarəedilməsi ixtisasi üzrə magistr təhsili alıb. 2012-2016-ci illərdə bir sıra özəl və dövlət qurumlarında çalışıb.

Yeni təyin olunan departament rəhbərləri artıq vəzifələrinin icrasına başlayıblar.