İŞİD Beyrutdakı dəhşətli partlayışı NİYƏ üzərinə götürdü? – Ekspertlər GİZLİ DETALLARI açdı
    • 5-08-2020, 23:00
    • 1 183

İŞİD Beyrutdakı dəhşətli partlayışı NİYƏ üzərinə götürdü? – Ekspertlər GİZLİ DETALLARI açdı


Xəbər verdiyimiz kimi, dünən Beyrutun dəniz limanında dəhşətli partlayış baş verib. Livanın Səhiyyə naziri Həməd Həsən bildirib ki, ölənlərin sayı artaraq 135 nəfərə çatıb. Nazir “Əl-Cəzirə” televiziyasına açıqlamasında əlavə edib ki, partlayış nəticəsində 5 minə yaxın insan yaralanıb, həmçinin onlarla insan itkin düşüb.

News24.az hadisənin pərdəarxası məqamlarını aydınlatmaq üçün ekspertlərin fikirlərini öyrənib.

“Livandakı bu hadisəni İŞİD öz üzərinə götürübsə, bu, həm də digər terror hadisələrinin olacağına siqnaldır”.

Bunu Beyrut limanındakı partlayışı təhlil edən politoloq Natiq Miri deyib.

Politoloq Beyrut partlayışının arxasında İsrailin ayaq izlərinin olduğunu qeyd edib: “Hizbullah terror təşkilatı İsraillə bağlı müəyyən təhdid və təhlükə yaradırdı. İsrail artıq ard-arda Suriyada yerləşən İranın hərbi bazalarını dağıdıb. Həm havadan, həm də raketlərlə bunu reallaşdırıb. İranın hərbi bazaları çox böyük zərər görüb. Onlarla itkilərin olduğu bildirilir. Hizbullah bundan sonra da İsrail üçün ciddi təhlükə törətdiyi təqdirdə, İsrail qoşunları sərhədi keçəcəyini və Livanda olan bütün hərbi-strateji obyektlərin tamamilə dağıdılacağı haqqında bir açıqlama verib. 

Belə bir məqamda Beyrutda bu cür dəhşətli partlayışın baş verməsi əlbəttə ki, ilk növbədə diqqətləri İsrailə yönəltdi. Düşünürəm ki, ABŞ-ın Livanda böyük bir partlayış törətmək istəyi ciddi qəbul olunmaz. Dünyada Mossad kimi ən güclü kəşfiyyat xidməti olan İsrailin Livan kimi yaxşı qorunmayan bir ölkədə belə bir partlayış törətməyi o qədər də çətin məsələ deyil. Bu məqamda diqqətlər təbii ki, İsrailə yönələcək. Çünki son günlər İsrail təhdid edən, hədəliyən tərəf idi”. 

N.Miri vurğulayıb ki, İŞİD kimi terror təşkilatları bu cür qalmaqallı partlayışları boynuna götürməklə böyük maliyyə qazanır: “Bu terror təşkilatlarının partlayışdan xəbərləri belə olmasa, böyük maliyyə müqabilində öz üzərlərinə götürə bilirlər. Bu məsələnin birinci tərəfidir. İkinci tərəfi isə odur ki, İŞİD yenidən dünyada öz varlığını isbat etmək üçün bu cür terror hadisələri və ya partlayışlar törədə bilər.

İŞİDİ bilavasitə yaradan və idarə edən ölkələrdən biri ABŞ, digəri isə İsraildir. Məhz həmin ölkələr həm İraqda, həç də Suriyada uzun müddət bu terror təşkilatını rahat idarə edə bilirlər. İndiki məqamda İŞİD vasitəsilə bu cür terror hadisəsini törətməklə dolayısı ilə Livana göz dağı verilə bilər. Bu baxımdan İŞİD böyük məbləğdə pul almaqla bərabər, həm də dünyaya yenidən səs salıb ki, biz hələ ölməmişik. Bundan sonra da onlar başqa regionlarda terror hadisəsi törədə bilər. Çünki Livandakı bu hadisəni İŞİD öz üzərinə götürübsə, bu, həm də digər terror hadisələrinin olacağına siqnaldır”. 

Politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov vurğulayıb ki, bu hadisənin təsadüfi olması böyük bir sual atındadır:

“Livan Yaxın Şərqin ən qaynar nöqtələrindən biridir. Livanda bir sıra etnik, radikal və müxtəlif dinlərə aid qüvvələr mövcuddur. Livan elə bir yerdir ki, orada bir sıra qüvvələrin maraqları toqquşur. Burada həm Fələstin, həm xristian radikal qüvvələrin, həm də İŞİD-in maraqlı özünü büruzə verir. Çaxnaşma və qarşıdurma yaratmaq, stabilliyi pozmaq istəyi bir sıra qüvvələrin əsas məqsədidir. Həmçinin də onların maraqlarına tam cavab verir. Son nəticə kimi də olmasa, bir versiya kimi bunu irəli sürmək olar ki, kimyəvi maddənin partlayışı ssenari ola bilər.  

Politoloq Əhməd Əlili isə bildirib ki, bu partlayış regionda aktiv proseslərin getdiyinə bir işarədir: 

“Hazırda hadisə araşdırılır. Bizə an etibarilə məlum deyil ki, partlayış məqsədyönlü törədilib, yoxsa burada müəyyən bir ehtiyatsızlıq var. İŞİD məsələ ilə bağlı məsuliyyəti öz üzərinə götürsə də, Livanın baş nazirinin verdiyi bəyanatdan belə aydın oldu ki, orada hansısa bir şəxs məsuliyyətsizlik edib və partlayıcı maddələri uzun müddət baxımsız şəraitdə anbarda saxlayıblar”. 

O hesab edir ki, bu hadisənin təsadüfi baş verməsi və yaxud da düşünülmüş formada reallaşması avtoşoklar yaradacaq: “Çünki bu hadisə regionda aktiv proseslərin getdiyini izah edir. Zənnimcə, bundan sonra da siyasi proseslərdə aktivləşmə müşahidə edəcəyik. Xüsusilə də bir çox mənbələr artıq İsraili belə bir addım atmaqda günahlandırır. Əgər bu partlayış düşünülmüş formada həyata keçirilibsə, bu, qısa müddətdə ərəb ölkələri ilə İsrail arasında yenidən gərginlik fazasının meydana çıxmasına şərait yarada bilər. Həmçinin, gizli gedən proseslər var idisə, bu hadisə onların üzə çıxmasına səbəb olacaq”.

 Məhərrəm Əliyev