Bir  foto bir yazıya bərabər olmalıdır: "Azərbaycan fotojurnalistikası çapalayır" - ÖZ GÜNLƏRİNDƏ DANIŞDILAR
    • 19-08-2020, 17:22
    • 1 462

Bir foto bir yazıya bərabər olmalıdır: "Azərbaycan fotojurnalistikası çapalayır" - ÖZ GÜNLƏRİNDƏ DANIŞDILAR

"Fotoqrafiya bir sirrin içindəki başqa sirrdir. O sizə nə qədər çox danışırsa, onun haqda bir o qədər də az bilirsiniz" - Diana Arbus (Amerikalı fotoqraf)

Fotolar keçmişə qayıtmağımıza kömək edir. Onlara baxanda xatirələrə dalır, keçmişi xatırlayırıq. İtirdiyimiz şəxslərin istiliyini fotolardan ala bilməsək də, məhz onların sayəsində daima yanımızda olduqlarını hiss edirik. 

Bu gün Dünya Fotoqrafiya Günüdür. 

Bəs ölkəmizdə fəaliyyət göstərən, beynəlxaq müsabiqələrdə mükafatlara layiq görülən azərbaycanlı fotoqraflar bu sahədə hazırkı vəziyyəti necə qiymətləndirir? Onların fikrincə Azərbaycanda fotoqrafiya sahəsi qənaətbəxşdirmi? 

Dilavər Nəcəfov: "Hazırda vəziyyət pis deyil, istedadlı gənclər var, yetişir. Sadəcə hərənin bir baxış bucağı var. Kimsə başa düşür, kimisə yox.
Çatışmayan isə məktəbdir. Foto məktəbləri. Bir də fotoreportaj sahəsində vəziyyət ürəkaçan deyil. Tədbirdə olan fotomuxbirlərin 10-dan 2-si mahiyyəti ortaya qoya bilir. Qalan 8-i özü də bilmir nə çəkir. 1 foto 1 yazıya bərabər olmalıdır. Yoxsa ki, indi hamı çəkir də. Fotoqraf adi insanın görmədiyi şeyi görməlidi. Bu sənəti qaldırmaq üçün maliyyə və düzgün seçim lazımdır. Vəssəlam"

Vüqar İbadov: "Məni fotojutnalistika sahəsi qane eləmir. Vəziyyət acınacaqlıdır. Azərbaycan fotojurnalistikası çapalayır. Əvvəllər qəzetlərdə çalışan yaşlı fotojurnalistlərimiz var idi. Artıq onlar da estafeti kimə verirlər, necə verirlər bir Allah bilir. Həm Azərbaycanda, həm də dünyada vəziyyət bilirsiniz hansı yerdədir? Bir nəfəri həm operator, həm fotoqraf, həm müxbir, həm də montajçı etmək istəyirlər. Mobil əsgər formasına gətirirlər. Bir əldə üç-dörd işi eyni anda tutmaq qeyri-mümkündür. Ən azından Bakı Dövlət Universitetində jurnalistika fakültəsi var. Orada fotojurnalistika fakültəsinin, studiyasının yaradılması çox gözəl olardı. Bununla bağlı sözügedən fakültənin dekanı, dostum Vüqar Əliyevlə müzakirələr etmişik. O da mənim fikrimlə razılaşır. Bu sahə ilə bağlı dərslər, treninqlər olmalıdır. Ən azından jurnalist kameranı işlətməyi bacarmalıdır. Hər hansısa bir çəkiliş zamanı operatorun başına bir iş gəlsə, jurnalist vəziyyətdən çıxmağı bacarmalıdır. Fotoqrafiya sahəsində istedadlı gənclər var. Deməli hələ ümid var. Həvəsi olanlar bu işin axırına qədər gedəcək, olmayanlar isə yerində saymaqda davam edəcək". 

"Gilavar" Azərbaycan Foto Klubunun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev: “2017-ci ildə tanınmış fotoqraf Dilavər Nəcəfovla “Gilavar” Azərbaycan foto klubunu yaratdıq. Klubun yaradılmasında məqsəd ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq və onların imkanlarından istifadə etmək, bu sahəyə maraqlarının artırılmasına, beynəlxalq fotomüsabiqələrdə iştirakına dəstək vermək və ölkəmizi fotolar vasitəsilə dünyada tanıtmaqdır.
2017-ci ilə qədər beynəlxalq dərəcə alan fotoqrafların sayı 1 idi. Bizim klub yaranandan sonra isə onların sayı 4-ə çatdı. Daha 3 nəfər isə dərəcə almaq üçün namizəddir. Bizim fotoklubda beynəlxalq foto müsabiqələr hıəyata keçirir. Bu günə kimi 5 beynəlxalq 1 yerli müsabiqə keçirmişik. Həmçinin 6-cı müqabiqəni keçiririk. Hər dəfə çalışırıq ki, azərbaycanlı fotoqraflar da həmin müsabiqələrdə iştirak etsin. Onların qiymətləndirilməsi isə təbii ki, həm də beynəlxalq dərəcəli fotoqraflar tərəfindən də aparılır. Mən həmçinin Beynəlxalq Foto Sənəti Federasiyasının (FİAP) Azərbaycan üzrə nümayəndəsiyəm. Hazırda həmin təşkilatın himayəsi ilə keçirilən foto müsabiqələrdə azərbaycanlı fotoqraflar 220-yə yaxın mükafat əldə ediblər. Bu mükafatlardan 20-dən artığı qızıl medaldır”.  

Ramil Zeynalov“Həm öz adımdan, həm də dostlarım adından deyə bilərəm ki, güclərinə, istedadlarına görə, müəyyən yerə qədər uğur qazanıb irəli gediblər. Amma daha da irəli getmək üçün dəstək lazımdır. Bu da olmadığına görə qabağa getmək alınmır”.
R.Zeynalov bildirib ki, maliyyə məsələsi fotoqrafların ən çox rastlaşdığı problemdir: “Əgər maliyyə məsələsi həll olunarsa, o zaman ölkədəki fotoqrafiyanın vəziyyəti qane edə bilər. Çünki texnika çox bahadır. Almaqda çətinlik çəkirik. Yaradıcı insanlar isə çəkdikləri fotolardan pul qazanmaqda çətinlik çəkirlər”. 

Şahin Sərdarov: “Azərbaycanda bu gün fotoqrafiya çox bərbad vəziyyətdədir. Ölkədə fotoqraf çox azdır, amma şəkil çəkənlərin sayı hədsiz dərəcədədir. Hər şəkil çəkən özünə fotoqraf deyir. Fotoqrafiya ayrıca bir sənətdir. Özünə fotoqraf deyən adam heç olmazsa fotoaparatın funksiyalarını bilməlidir. Rənglərdən anlayışı olmalıdır”.

Fərid Şabanov: “Fotoqrafiya bu gün fərqli bir mərhələdədir. Xüsusilə media sahəsində bu özünü daha çox biruzə verir. Hər hansı hadisə baş verəndə onun fotolarla təsviri video-süjetdən daha güclü, daha təsirli ola bilir. Həmçinin fotolar tarixi daha maraqlı və canlı göstərir. İndiki dövrdə sosial şəbəkələrin fotoqrafiyanın inkişafında təsiri çoxdur. Əvvəlki illərlə müqayisədə çəkilən fotoları daha qısa müddətdə paylaşım imkanları var. Bu həm foto sənətinə olan marağı artırır, həm də bu sahənin fərqli növlərinin inkişafına gətirib çıxarır”.

Murad Orucov
: “Hazırda fotoya tələbat çox böyükdür, çünki indi vizual jurnalistikanın dövrüdür. Bəzən elə olur ki, izləyicilər sırf başlıqda maraqlı olan fotoya görə məqaləni oxuyurlar. Həm də sənədli foto zamanın bir xronikasıdır. Keçmişin ağ-qara fotolarını tapanda diqqətlə hər bir detalına baxırıq, yaşlı adamların xatirələri canlanır, cavanlar da baxıb görürlər keçmiş hadisələri, ya da maraqlı yerləri. Gələcək nəsillər bizim fotolarımıza da belə maraqla baxacaq”.

Kərim Abbasov
: “Əvvəlki illərə baxanda inkişaf var. Sadəcə bizdə yaradıcı fotoqrafiyaya diqqət azdı. Müəyyən səbəblər var ki, o inkişafdan geridə saxlayır. Bu sahədə qazancın demək olar ki, az və ya heç olmaması ən əsas səbəblərdən biridir. Beynəlxalq fotoqrafiya günü ilə bağlı həmkarlarımı təbrik edirəm!”

Səfiyar Məcnun: “Bu gün fotoqrafiya media sahəsində hədəf kütləsini təmin edəcək gücdədir. Lakin bununla yanaşı çatışmayan cəhətləri var. Bu da sənət baxımından, fotoqrafiya baxımından deyil. Sırf insani baxımdandır. Çünki müxtəlif janrlarda çəkən fotoqraflar bir-birilərini bəyənmirlər, hətta düşmən kimi yanaşırlar. Ortada sevgi, birləşmək istəyi yoxdur. Bunun da səbəbi janrlar üzrə ixtisaslaşmanın olmamasıdır. Məsələ burasındasdır ki, bizdə fotoqraflar konkret bir janr üzərində qalıb ixtisaslaşmırlar. Buna da səbəb Azərbaycanda fotoqrafiyanın pula çevrilməməsi, maddi təminatın olmamasıdır. Kifayət qədər fotoqrafiyadan anlayışı olan, keyfiyyətli fotoqraflar var ki, zərurətdən saytlarda 500-600 manata məcbur işləyirlər. Bu da sənət baxımından imkan vermir ki, müsbətə doğru dəyişiklik olsun”.

İlkin Nəbiyev: “Fotoqrafiyanın Azərbaycanda hazırkı vəziyyəti məncə normaldır. Sosial şəbəkələrdə tanınmış fotoqrafların paylaşdıqları fotolar, sərgilərdə nümayiş olunan fotolar buna əsas verir. Çəkilən fotolara hərə fərqli baxış bucağından baxır. Pandemiya dövründə də fotoqraflar öz sözlərini çəkdiyi fotolarla dedilər. Həmin fotolar Sosial şəbəkələrdə geniş yayıldı, virtual sərgidə də sərgiləndi, televiziyalarda da fotoqrafların zəhməti qiymətləndirildi, işıqlandırıldı. Həmin fotoqrafların işləri arasında mənim də çəkdiyim fotolara yer ayrıldı. Ümumiyyətlə, fotoqrafların zəhmətini tək fotoqrafların günündə yox başqa günlərdə də nəzərə almaq lazımdır. Məsələn mətbuat günündə... Hər hansısa bir xəbərə biz fotoqrafların çəkdiyi fotolar yerləşdirilirsə, bu da oxucu sayı artırır, xəbəri daha maraqlı edir. Məncə bu yazdığımı mediada öz sözünü deyən fotoqraflar da dəstəkləyər”.

Vəli Şükürov: “Ümumiyyətlə, Azərbaycanda fotoqrafların qarşısında qırmızı sərhəd var. Tam inkişaf üçün şərait yoxdur. Misal üçün strateji olmayan bir yeri çəkmək üçün icazə almaq lazımdır. Bunun üçün də bir çox yerə rəsmi müraciət etməlisən. Onu da deyim ki, ölkədəki fotoqrafların yetmiş faizi toy fotoqraflarıdır. Yəni işini bilən çox azdır. Həmin şəxslər kölgədə qalıb. Motivasiyaları yoxdur”.

Pərviz Həşimi: “Fotoqrafiya gözəl sənət olmaqla yanaşı, həm də əziyyətli bir peşədir. Çünki insanların görə bilmədiyi və ya görmək istədikləri şeyi biz çəkib onlara göstəririk. Əsas çətinliklərdən danışmaq istəyərdim. Şəhərdə, əsasən də reportaj zamanı insanları çəkmək çox çətin olur. Çünki ailəsi ilə gəzən, evdən dərs adı ilə çıxıb gizlin şəhərə gedən var. Yəni onları çəkəndə yaxınlaşıb sildirmək istəyirlər həmin kadrları. Biz bir kadr üçün saatlarca vaxt sərf edirik. Onlarsa bu əziyyətimizi yerə vururlar. Bundan əlavə olaraq şəhərdə çəkiliş edən vaxt mütləq şəkildə polislər bizdən icazə alıb-almadığımızı soruşurlar, vəsiqə göstərsək də bəzən kömək etmir. Bu azmış kimi saatlarca vaxt sərf edib çəkdiyimiz fotoları istinadsız paylaşırlar. Bizə hörmət etmirlərsə ən azından sənətimizə hörmət etsinlər. Bütün fotoqrafların və həvəskar şəkildə bu işlə məşğul olan hər kəsin bayramını təbrik edirəm”.

Fərhad Əhmədov: “Yaradıcı fotoqrafiyanın vəziyyəti normaldır. Hər zaman necə olubsa, indi də elədir. Bizdə yaradıcı fotoqrafiya ilə məşğul olan az fotoqraf var. Kommersiya fotoqrafiyasının isə beli qırılıb. Tanıdığım bir çox həmkarlarım texnikasını satmağa başlayıb. Pandemiya fotoqrafları ələyəcək və bazarda ancaq peşəkar, işini sevənlər qalacaq. Mən stok fotoqrafıyam və bir neçə ildir ki, Azərbaycan üçün heç nə çəkmirəm”. 

Ceyhun Rəhimov: “Fotoqrafiya sahəsində birlik, investisiya çatışmır. Fotoqrafiyaya olduğundan aşağı dəyər verilir. İstedadı olan birinin maddi imkanı vəziyyəti zəifdirsə, ona mütləq kömək etmək lazımdır, amma göstərilmir. Azərbaycan fotoqrafiyasında bu kimi çatışmazlıqlar var”. 


Teymur Məmmədov