Gəlin “oğru” olmayaq, “QANUNİ” olaq - Gənclər niyə "oğru aləmi"nə maraq salır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
    • 20-08-2020, 15:31
    • 3 527

Gəlin “oğru” olmayaq, “QANUNİ” olaq - Gənclər niyə "oğru aləmi"nə maraq salır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI

Ötən əsrin ortalarından etibarən “oğru dünyası”na maraq hər zaman olub. Xüsusilə, son günlər gənclərin leksikonunda "oğru aləmi" kimi istifadə olunan sözlərə rast gəlirik. Onlar özlərini məlum şəxslərə oxşadır, imitasiya edirlər. Cəmiyyətdə əsasən həmin şəxslərin həyat hekayələrinin və atdıqları addımların bir çox insanın psixologiyasına, fərd kimi formalaşmasına təsirsiz ötüşmədiyini müşahidə edirik. 

Bəs gəlin görək, gənclərin “oğru dünya”sına maraq salmasının səbəbləri nədir? Bu təsirlərdən qorunmaq üçün nələr etməliyik?


News24.az məsələ ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.


Tanınmış şair, yazıçı Aqşin Yenisey vurğulayıb ki, gənclərin “oğru dünyası”na maraq salmasının daha çox tarixi, mental səbəbi var: “ABŞ kimi inkişaf etmiş ölkədə də gənclərin bir çoxu yumurtadan çıxan kimi cinayətkar aləmə cumur. Kimdi bu gənclər, Meksikadan gələn paçukolar, yerli afroamerikan gəncləri. Messika yazıçısı Oktavio Paz ABŞ həbsxanalarını dolduran həmyerliləri haqqında yazır ki, paçukolar cinayətkar duruşları ilə özlərinin milli kimliklərini qoruyurlar. Eynilə afroamerikalı gənclər də milli kimliklərini Amerika mədəniyyətindən qorumaq üçün cinayətkarlıqdan bir güc amili kimi istifadə edirlər. 

Qafqaz uzun illər imperialist güclərin döyüş meydanı olduğu üçün Qafqaz xalqları da milli kimliklərini çox vaxt qaçaq-quldur həyat tərzi keçirməklə qoruyublar. Koroğlu, Qaçaq Nəbi kimi adamlar, Bakı qoçuları öz zamanlarının kriminal avtoritetləri idilər. Cinayətkarlıq Qafqaz xalqlarında passionarlıq faktıdır. Niyə Pribaltika ölkələri kriminal avtoritet baxımından yoxsuldur, axı orada da Stalin vardı? Demək ki, səbəbi siyasi sistemdə deyil, daha dərində axtarmaq lazımdır. Hətta bizim təhsil ocaqlarında tələbələr arasında da qanunsuz “qanuni oğru”lar var. Qoçuluq, qaçaqçılıq edirlər. Bu, tarixi, irsi bir davranışdır. Mənim Qafqaz mentaliteti haqqında dediklərimi Borxes də latın Amerikası xalqları haqqında yazıb”. 

A.Yenisey qeyd edib ki, seriallar ötəri təsir gücünə malikdir: “Bir serialın quldura çevirdiyi gənci başqa bir serialla Məcnuna çevirmək olar. Cəmiyyət isə təbiət kimidir, özünə lazım olanları yetişdirir. ABŞ cəmiyyətinə İlon Mask lazımdır, onu yetişdirir, Rusiyanın “qanuni oğrular”a ehtiyacı var, kriminal avtoritet yetişdirir”.  

Yazıçının qənaətinə görə, “oğru dünya”sının neqativ təsirlərindən qorunmaq üçün mentaliteti dəyişməyə yönəlik təhsil sistemi formalaşmalıdır: “Çünki təhsilin yetişdirdiyi gəncləri sonradan mentalitetimiz, ailə dəyərlərimiz korlayır. Həm də bu məsələ milli yox, regional məsələdir. Qulağımızın dibində köhnə Rusiya mövcud olduqca, biz qaçaq-quldur olmağa məhkumuq”.


Uzun müddət prokurorluq orqanlarında işləmiş, detektiv yazar Müşfiq Abbasovun sözlərinə görə, qanunda “qanuni oğru” anlayışı yoxdur və oğruların hamısı cinayətkar hesab olunur:

“Gec-tez qətlə yetirilərək həyatları yarımçıq qalan “qanuni oğrular”ın cəmiyyətdəki statusları, insanların onlara müsbət və ya mənfi mənada münasibətləri təəssüf ki, həmişə böyük maraq doğurub. Əslində, qanunda “qanuni oğru” anlayışı yoxdur. Azərbaycan Respublikası Cinayət Qanunvericiliyinin tələblərinə görə oğruların hamısı cinayətkar hesab olunur. Bir qayda olaraq, dövlət vətəndaşlarını qanunlarla idarə edir. 

Qanunların işlək vəziyyətdə olması dövlətin gücündən və idarəetmə mexanizminin effektivliyindən xəbər verir. Lakin qanunu pozaraq cinayət etməklə məhkumluq həyatı yaşamış “qanuni oğru”lar özünəməxsus qaydalarla fərqli idarəçilik mexanizmi yaratmaq istəyiblər və hətta bəzi dövlətlərdə buna nail olublar. Təbii ki, bu şəxslərin arasında xalq tərəfindən sevilən və ya sevilməyənlər, yoxsullara əl tutanlar, ədalətsizliyi öz qanunları ilə bərpa etmək istəyənlər də olub.  Hətta bəzi insanlar “qanuni oğru”lara son ümid yeri kimi baxıb. 

Azərbaycan Respublikası Cinayət Məcəlləsində “qanuni oğru”larla bağlı birbaşa maddə yoxdur. Amma nəzərə alsaq ki, bu insanların əksəriyyəti cinayət xarakterli əməllər törətmək üçün ətraflarına insanlar toplayır və həmin insanlar “qanuni oğru”nun göstərişləri ilə kimlərisə öldürür və ya digər cinayətlər edirlər, bu səbəbdən qanunvericilik dolayı yolla “qanuni oğru”nun fəaliyyətini kriminallaşdırıb. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218-ci maddəsinin tələblərinə əsasən ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik (təşkilat) yaratma, habelə belə birliklərə (təşkilatlara) və ya onların tərkib hissəsi olan struktur bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə, ağır cinayətlərin törədilməsi üçün plan və şərtlərin işlənib hazırlanması məqsədilə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyini yaratma səkkiz ildən on beş ilədək, cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü ki, bu əməllərə görə qanunvericilik çox ciddi cəzalar müəyyən edib”. 

M.Abbasov “qanuni oğru”ların qeyd olunan maddələr çərçivəsində cinayət məsuliyyətinə cəlb olunmamağının səbəblərini belə izah edib: "Bunun səbəblərindən biri ondan ibarətdir ki, Azərbaycan dövlətinin güc strukturları “qanuni oğru”ların ölkə ərazisində hər hansı bir fəaliyyətinə qətiyyən imkan vermir. Əgər xatırlayırsınızsa, Nadir Səlifov cəzaçəkmə müəssisəsindən azadlığı buraxıldıqdan sonra dərhal Azərbaycanı tərk etdi. Çünki, bu məsələdə dövlət öz gücünü göstərərək vətəndaşlarını yalnız öz qanunları ilə idarə etmək istəyir. Təbii ki, dövlətin qanunları, cinayət məsuliyyətinə cəlb etmə, cəza sistemi və siyasəti daha məqsədəmüvafiqdir. Özlərini “qanuni oğru” adlandıran şəxslərin Azərbaycanda yaşamamaları da məhz dövlətin bu kəskin mövqeyi ilə bağlıdır.  

“Qanuni oğru”ların bir qism insanlar tərəfindən təbliğ edilməsi, hətta bəzilərinin onları özlərinə kumir seçməsi cəmiyyətimizin ciddi problemlərindən biridir. Gənclərimizin bu cür qanunu pozan insanlardan örnək götürməsi qəbulolunan deyil. Təhsilsiz, işsiz, həyatda hansısa sənətə sahib ola bilməyən, cinayətə və hər addımbaşı qanunu pozmağa  meyilli olan bu insanlar bizim övladlarımız üçün nümunə olmamalıdır. “Qanuni oğru”ların qətlə yetirilməsi də onların törətdiyi qanunsuz əməllərlə bağlıdır. Gəlin, “oğru” olmayaq, sadəcə “qanuni” olaq”.


Psixoloq Fuad Əsədov bildirib ki, gənclərin “oğru dünyası”na maraq salması öz həyatlarında seçdiyi yolla birbaşa bağlıdır:

“Onlar onsuz da, “yeraltı dünya”nın qanunları ilə yaşamırlar. Sadəcə yaşadıqlarını zənn edirlər. Gənclər yeniyetməlik dövrlərində bir seçim etməlidilər. Ya intellektual, ya da fiziki gücün daha üstün olduğu yolu özlərinə hədəf qoymalıdırlar. Kim intellektual səviyyəsinə güvənmir və bu sferada uğur qazanacağını düşünmürsə, avtomatik olaraq özünü doğrultmaq və sübut etmək üçün fiziki yolun üstün olduğu yollara baş vurur. Bu, bəzən müsbət istiqamətlər də ola bilər. Məsələn, fərd yaxşı bir idmançı ola bilər. Bəzən də “oğru aləmi” kimi mənfi istiqamətlər olur. 

Məsələ burasındadır ki, insanlar özlərini sübut etmək üçün daxildəki natamamlığı məğlub etməyə çalışırlar. Bu natamamlığı məğlub etməyin müxtəlif yolları var. 15 yaşlı bir şagird “sinifin ən yaxşı oxuyanıdır” ifadəsindən qane ola və həmin natamamlıq duyğusunu bununla ödəyə bilər. Şəxs təhsil sferasında, kariyerasında  və ya daha yaxşı hesab edəcəyimiz işlərdə uğur qazana bilmirsə, o da müəyyən yollarla özünü təsdiqləmək üçün alternativ yollar axtarır. Hansısa formada daxili rahatlığı tapmaq üçün özlərindən jarqonlar yaradırlar. “Yaxşı oğlan” qaydaları deyilən absurd anlayışlar önə sürürlər. Hətta yadımda qalan tragikomedik bir hadisəni sizinlə bölüşmək istəyirəm. Məktəbdə oxuduğum və 15 yaşım olan dövrlərdə sinif yoldaşlarımdan biri uzun bir mətin yazmışdı. Mətnin adı isə “oğlanlığın qaydaları” idi. Bu, əslində, həm gülməli, həm də ağlamalı bir hadisədir. Məsələn, bir insan zahiri gözəlliyi ilə öyünürsə, xarici gözəlliyi olmayan biri daxili gözəlliyə önəm verir. Burada ağıl, məntiq kimi anlayışlar ön plana keçir. Bu isə natamamlıq kompleksinin ödənilməsi ehtiyacından yaranır”. 

F.Əsədov hesab edir ki, “oğru dünyası”na olan maraq həm də, bizdə yayımlanan və Türkiyə istehsalı olan seriallardan qaynaqlanır. Məsələn, bir neçə il bundan əvvəl yayımlanan və bizim uşaqlıq dövrümüzə təsadüf edən “Kurtlar vadisi” serialını nümunə deyə bilərik. Gənclər “Polat Alemdar”, “Memati” kimi obrazlar yaratmağa çalışırdılar. Özlərini onlara bənzədib, imitasiya edirdilər. Burada insanın düşüncə bucağı çox önəmlidir. Fərd həmin serialdakı böyüklərə hörmət, vətənə-millətə sevgi kimi nüanslardan da özünə örnək götürə bilər. Yaxud da cibinə silah və ya bıçaq qoyub, aqressiv davranışlar da sərgiləyə bilər”. 

Onun fikrincə, bu məsələdə valideynlər diqqətli olmalıdılar: “Uşaqların mütaliəsini sistematik şəkildə qurmaq lazımdır ki, onlar belə seriallara üzləşəndə, nəyin yaxşı, nəyin pis olduğunu ayıra bilsinlər. Həm kütləvi informasiya vasitələri, həm də valideynlər bu işdə məsuliyətli olmalıdır ki, uşaqlara nəyi təqdim etdiklərini bilsinlər. Bu gün televiziya və kompüterdə baxdıqlarımız, əslində, bizim evimizə, mətbəximizə qonaq gəlirlər. Bir növ ailə üzvlərimizlə vaxt keçirirlər. Yəni, valideynlər evlərinə hansı filmlərin və qəhrəmanların buraxıldığına diqqət etməlidir. 

Bu gün dünyada elə filmlər təqdim etməyə başlayıblar ki, həmin mövzuda cəmiyyətin düşüncəsi formalaşır. Məsələn, elə bir mövzu ola bilər ki, şəxs həmin filmi izlədikdən sonra fizikaya, astronomiyaya marağı ola bilər. Bizdə də belə detallara diqqət edilməlidir. Bu nüanslara diqqət etsək, cəmiyyətdə aqressiya azalar. İnsanlar isə elmə və təfəkkürə yönələr”. 

Məhərrəm Əliyev