BNA-ya keyfiyyət lazımdır, YOXSA PUL? -
    • 3-09-2020, 16:58
    • 1 002

BNA-ya keyfiyyət lazımdır, YOXSA PUL? - "TAKSİ tragikomediyası" – Məşhurlardan ETİRAZ

Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayevin "ARB 24" kanalında yeni taksi konsepsiyası ilə bağlı etdiyi dünənki çıxış geniş müzakirələrə, sözün açığı ajiotaja səbəb olub. Buna zəmin yaradan isə onun “Taksidən istifadə etmək əvvəllər olduğu kimi müəyyən imkanlara bağlı olmalıdır. Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm marşrut xətləri mövcuddur”, - deyə söyləməsidir. Həmçinin, BNA rəsmisi bildirib ki, taksi maddi durumu yaxşı olanlar üçündür.

Ziyalılar və tanınan simalar News24.az-da məsələyə münasibət bildirib. 

Kimisə işindən uzaqlaşdırmaq yolverilməzdir

Millət vəkili Vahid Əhmədov News24.az-a açıqlamasında bildirib ki, Hikmət Babayevin “taksidən yalnız maddi durumu yaxşı olanlar istifadə edir” ifadəsini səsləndirməsi tamamilə yanlışdır: "Təbəqələrə bölünmənin tərəfdarı deyiləm. İmkanı yaxşı olmayan ancaq təcili işi çıxdığı üçün məcburiyyətdən taksidən istifadə edən çox sayda insan var. Azərbaycanda taksi sistemi ilə bağlı yeni qayda-qanunun yaradılmasına ehtiyac var. Bu sahədə keyfiyyət çox aşağıdır. 

Taksi sistemində tarifin müəyyənləşdirilməsi və keyfiyyətin tətbiqi ciddi məsələlərdir. Son zamanlar Azərbaycana kifayət qədər xarici taksilər gətirilib. Ancaq ümumi qayda-qanunu elə yaratmaq lazımdır ki, taksi xidmətində çalışan sürücülərə və vətəndaşlara uyğun tariflər müəyyənləşdirilsin. Xidmət sahəsi elə olmalıdır ki, xidmət görən hər bir kəs razı qalsın. Taksilərin ləğvi məsələsində diqqət ediləsi əsas nüans sürücülərin iş yerlərini itirməməsidir. Pandemiya dönəmində onları işdən çıxarmaq düzgün addım olmaz. Normal tariflər olmalıdır. Kimisə incitmək, işdən uzaqlaşdırmaq yolverilməzdir”. 

Hərtərəfli düşünülmüş qərara çox böyük ehtiyac var

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev News24.az-a açıqlamasında Azərbaycanın sosial dövlət olduğunu, bunun konstitusiyada əks olunduğunu və dövlət sənədlərində daha konkret formalarda təsdiqini tapdığını bildirib: "Taksi xidmətləri ilə bağlı məsələyə də Azərbaycanın sosial dövlətçilik konsepsiyasından yanaşmaq lazımdır. Bütün sahələrdə tariflər orta statistik azərbaycanlının cibi ilə müəyyən olunmalıdır. Bu, həm dövlətin sosial, həm də Prezidentin apardığı siyasətin mahiyyətinə uyğundur. Bazarda tarifləri yalnız təminatlı təbəqənin imkanları ilə müəyyən etmək sonradan bəzi problemlər yarada bilər. Bu problemlər olmasın deyə bütün tariflər cəmiyyətimizdəki orta təbəqənin minimum göstəricilərinə uyğun müəyyən olunsa, risk və təhlükə ehtimalı çox aşağı düşər.

Bir sözlə, taksi tariflərini imkanlı təbəqəyə görə müəyyən etmək düz deyil. Kasıb təbəqənin imkanlarına uyğunlaşdırmaq isə reallıqdan uzaqlaşmaqdır. Azərbaycanlının orta statistik tələbatının taksi xidmətlərində də nəzərə alınması çox vacibdir. Ölkəmizdə gündəlik və bu xidmətdən təsadüfi məqamlarda istifadə edənlər üçün taksi əlçatan olmalıdır. BNA fərqinə varmalıdır ki, təkcə sosial yox, həm də dolayı siyasi məzmunlu qərar vermək ərəfəsindədir. Hərtərəfli düşünülmüş qərara çox böyük ehtiyac var”.

Məsələyə naşir, tərcüməçi-yazar, “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun da münasibəti maraqlı oldu: “BNA-nın taksilərlə bağlı konsepsiyası əsasında qurumun şöbə müdiri Hikmət Babayevin açıqlaması sadəcə cəfəngiyyatdır. Belə yanaşma irəli sürmək düzgün deyil. Bu adamlar ictimaiyyətlə əlaqə qurmamalı və işə götürülməməlidilər. Azad iqtisadi cəmiyyətə doğru inkişaf edən bir dövrdə yaşayırıq. Bu mənada azad rəqabət olmalıdır. Taksi xidmətləri minimum və maksimum hədləri özləri müəyyən etməlidir. Burada nəzarət sistemini işə salmaq qəti şəkildə yolverilməzdir. Lisenziya alan istənilən taksi şirkəti müstəqil şəkildə iş siyasətini təyin edə bilər. Monopoliyalaşma heç də azad bazar prinsiplərinə uyğun deyil”.

Yazıçı Aysel Əlizadə də məsələni News24.az-a şərh edib. O bildirib ki, liberal iqtisadiyyata malik olan ölkələrdə bazar qiymətlərini dövlət qurumları müəyyənləşdirə bilməz: "Bu, absurd addım olar. Bazarda qiymətləri sahibkarlar rəqabət əsasında müəyyənləşdirir. Azərbaycanda yeganə xidmət sahəsi idi ki, bundan razı idim. Hər zaman qeyd edirdim ki, bizim taksi xidmətində və sektorunda çox böyük irəliləyişlərimiz var. Dünyanın çox yerində taksi xidmətləri bahadır, ancaq Azərbaycanda çox uyğundur. Bunu bir vətəndaş olaraq gözardı edə bilmərik. BNA sahibkarın hansı qiymətə xidmət göstərəcəyini necə müəyyən edə bilər? Ümumi halda bəlkə hansısa konsepsiya işləmək olar. Ancaq fərdlərin və sahibkarların biznesinə müdaxilə etmək olmaz. 

Sərt karantin rejimində ictimai nəqliyyat vasitələrindən nə qədər az istifadə etsək, o qədər yaxşıdır. Bu, yoluxmalanın qarşısını alan faktorlardan biridir. Taksi sürücülərinin sanitar-epidemioloji qaydalara riayət etməsinin dəfələrlə şahidi olmuşam. Arakəsməni örtür və maska taxırlar. Ümumiyyətlə, belə bir ağır dönəmdə bazarda olan qiymətlərlə oynamaq olmaz. Gəlirlərin artırılması üçün istehsalatın inkişafına diqqət ayırmaq lazımdır. Digər məsələ isə odur ki, taksi sürücülərinin əksəriyyəti ikinci iş kimi bunu icra edirlər. Qiymətlər artacağı təqdirdə, taksi xidmətindən istifadə azalacaq və bu da iş yerlərinin itirilməsi ilə nəticələnəcək. Bu gün taksi sürücülərini bəhanə edib, az gəlir əldə etdiklərini əsas gətirmək aldadıcıdır. Bu dönəmdə taksilərə tələbat artıb. Bundan əlavə, Hikmət Babayev hansı iqtisadi göstəricilərə, tezislərə əsaslanaraq deyir ki, taksidən adətən imkanlılar istifadə edir? Bir ziyalı olaraq taksidən istifadə edirəm və cəmiyyətin varlı təbəqəsinə aid deyiləm". 

Azərbaycanda olan ziyalıların bir çoxunun iqtisadi komfortunun olmadığını bildirən Aysel Əlizadə, nəqliyyat komfortunun olmasının vacibliyini vurğulayıb: "Onu da bizim əlimizdən almaq istəyirlər. Bu, insanların son nəfəsinə də göz dikməkdir və inhisarçı bir dünyagörüşüdür. Yeni konsepsiya liberal iqtisadiyyata, azad bazara və biznesə heç bir aidiyyəti olmayan bir addımdır. Ölkəmizdə fəaliyyət göstərən taksi xidmətlərinin içərisində xarici şirkətlər var. Onlar yatırım edib, şirkət qurublar. Məsələn, “Bolt” şirkəti Cənubi Qafqazda ən sonuncu xidmətini Ermənistanda həyata keçirib. O, ilk olaraq Gürcüstan, daha sonra Azərbaycan, ən sonda Ermənistanda öz xidmətini təşkil etdi. 
Nəqliyyat sahəsində bir əldə vahidləşmə sistemi beynəlxalq şirkətlərin Azərbaycandan getməsinə səbəb ola bilər. Biz onları ölkəyə gətirmək üçün yollar düşünmək yerinə Azərbaycandan qaçmaları üçün şərait yaradırıq. BNA-nın rəsmisi açıq dedi ki, ölkənin pulları niyə xaricə getsin ki, bunu özümüz qazanırıq. Beynəlxalq şirkətlər niyə Azərbaycanda təmsil olunmamalıdır? Biz niyə öz qazanımızda qaynayan, dünyadan təcrid olan bir dövlətə çevrilməliyik? Gəlin o zaman sərhədləri də bağlayaq, heç kimi buraxmayaq və bataqlığa doğru addımlayaq”. 

Müğənni Nura Suri mövzuya münasibətində danışmağın faydasız olduğunu qeyd edib: "Bizim danışığımızın nə xeyri var ki? Dövlət Gömrük Komitəsinin verdiyi qərardan bu boyda şikayətləndik, fikrimizi bildirdik. Cəmiyyətin fikri nəzərə alınmadı, qərar qəbul etdilər. Əgər taksi məsələsində də qərar qəbul olunubsa, bizim fikrimizə heç kim məhəl qoymayacaq. Ona görə də danışmağın xeyri yoxdu”.

Aktrisa Zülfiyyə Qurbanova maşınının olmadığını bildirərək, Hikmət Babayevin fikirlərini belə şərh edib: "Maşınım yoxdur və mənim kimi çox sayda insan var. Sumqayıtda yaşayıram, Bakıya işə gəlirəm. Hətta mənə “ara taksiləri”nin belə yığışdırılması sərf etmir. Bəzən sifarişli taksilər çox baha gedirlər. “Manatlıq taksilər” gec saatlarda 2 manata belə aparsa, bizə sərf edir - həm maddi, həm də rahatlıq anlamında. Marşrut xəttlərinin mövcudluğunu hamımız bilirik, amma müəyyən saatadək. Gecə saat 3-4-5.00-da işdən çıxan birinin avtobusdan istifadə etməsi mümkün deyil. O qədər yüksək pul qazanmırıq ki, hələ bir əlavə pul da ödəyək. İstədim-istəmədim taksi gündəlik nəqliyyat vasitəsinə çevirilir. Bu, məcburiyyətdir. Deyirlər ki, müntəzəm vaxtlarda avtobuslar işləyir. Amma mən səhər saatlarında çəkilişə getmək üçün 04:00 və ya 05:00 radələrində evdən çıxanda, avtobus tapa bilmirəm. Həm gediş, həm də dönüşdə xəttlərdə marşrut olmur, məcbur qalıb taksidən istifadə edirəm. Kefimizdən taksiyə minmirik. Bahalaşma getsə, heç kimə sərf etməyəcək. Taksini bahalaşdırırlarsa, onda avtobuslar da 24 saat işləsin ki, biz də taksiyə minməyək. Qiymətlərin bahalaşması mənə çox təsir edəcək. İnşallah qərar verilməz”. 

Bizi hər zaman düşünən Bakı Nəqliyyat Agentliyi sağ olsun!

Aparıcı Samir Bayramlı “Əvvəldən bizim beynimizə yerləşdiriblər ki, taksi varlılar üçündür. Son illər isə bu dəyişib və hamı üçün əlçatan olub. Yəqin Bakı Nəqliyyat Agentliyi bizi keçmişə, daha doğrusu uşaqlığımıza aparmaq, nostalji hisslər yaşatmaq istəyir. Bizi hər zaman düşünən Bakı Nəqliyyat Agentliyi sağ olsun!”, deyərək məsələdə öz mövqeyini nümayiş etdirib.

Qeyd edək ki, məsələ ilə bağlı BNA ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, qurum heç bir zəngimizə cavab vermədi. 

Məhərrəm Əliyev