Gəncədə 29 yaşlı usta 6-cı mərtəbədən yıxılaraq öldü
    • 4-09-2020, 09:57
    • 802

Gəncədə 29 yaşlı usta 6-cı mərtəbədən yıxılaraq öldü

Sentyabrın 3-də saat 15 radələrində Gəncə şəhəri ərazisində inşa olunan hündürmərtəbəli yaşayış binasından ustanın yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər Prokurorluğundan News24.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, 1991-ci il təvəllüdlü Azər Yusifov şəhərin Azərbaycan bayrağı küçəsində “Hünər İnşaatçı” MMC tərəfindən inşa olunan  hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində texniki işlərin görülməsi zamanı hündürlükdən yıxılmış və aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, o cümlədən zəruri ekspertizalar təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.