Piyadaları vuraraq hadisə yerindən qaçan sürücülər saxlanılıb -SİYAHI
    • 8-10-2018, 19:10
    • 1 022

Piyadaları vuraraq hadisə yerindən qaçan sürücülər saxlanılıb -SİYAHI

Azərbaycanda polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsi törədərək qəza yerindən yayınmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyi xəbər verir ki, oktyabrın 6-da saat 21 radələrində Bakı şəhər sakini Novruz Abbasovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Abşeron rayon Polis idarəsinə məlumat daxil olub. Araşdırmalarla həmin şəxsin Hökməli qəsəbəsi ərazisində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə qəzanın "KamAZ” markalı avtomobillə törədildiyi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Laçın rayon sakini Cəbrayıl Səfərov saxlanılıb.


Oktyabrın 6-da saat 20 radələrində Zaqatala rayonunun Muxax kəndi ərazisində yolu keçən kənd sakini Abdulrəhman İbiyevinmüəyyən edilməmiş avtomobillə vurulması nəticəsində hadisə yerində ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib və hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtiomobili idarə edən Bakı şəhər sakini Oqtay Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Oktyabrın 6-da saat 21 radələrində Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində Anar Cəlalinin avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-xaxtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək qəza yerindən yayınmaqda şübhəli bilinən "VAZ-2103” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Aqil Salmanov saxlanılıb.

Oktyabrın 7-də saat 21 radələrində Səbail rayonunun A.İsmayılov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Sədrəddin Şahməmmədov vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Səbail rayon Polis idarəsi 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınmaqda şübhəli bilinən "Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Elmin Əhmədli saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

//Qaynarinfo.az