““Qalatasaray”a qalib gəlməyin BİR YOLU VAR...” – Mütəxəssislər AÇIQLADI
    • 17-09-2020, 13:40
    • 847

““Qalatasaray”a qalib gəlməyin BİR YOLU VAR...” – Mütəxəssislər AÇIQLADI

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Neftçi" və "Qalatasaray" komandaları qarşılaşacaq. “Sarı-qırmızılılar”ın indiyə qədər Avropa arenasında 99 qələbəsi, 75 heç-heçəsi, 111 məğlubiyyəti var. Fatih Terimin kollektivi “Neftçi”ni üstələyərsə, avrokuboklarda 100-cü qələbəsini qazanan ilk Türkiyə təmsilçisi olacaq.

News24.az azarkeşsiz keçiriləcək tarixi oyunla bağlı tanınan idman mütəxəssislərinin fikirlərini öyrənib. 

AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov News24.az-a açıqlamasında bildirib ki, “Neftçi” əzmkar mübarizə aparacağı təqdirdə ürəkaçan oyun görə bilərik:


“Hər birimiz istəyirik ki, “Neftçi” ən yaxşı oyunlarından birini keçirsin və bizi sevindirsin. Rəqib Avropanın nəhəng klubu olan “Qalatasaray”dır. Belə bir komandaya qarşı nəyə qadir olduğunu göstərmək və reallığı dəyişmək hər bir futbolçu üçün məqsəd olmalıdır. İnanaq ki, nə qədər ağır olsa da futbolçularımız və ümumilikdə komandamız bunu dərk edir və ilk dəqiqədən son dəqiqəyə qədər mübarizəyə qoşulub, hər birimizi sevindirməyə çalışacaq. Baxmayaraq ki, iki qardaş komanda meydana çıxacaq, nəticədən asılı olmayaraq ümid edirəm göstərilən oyundan məyus olmayacağıq. Qələbə qazanan komandaya isə gələcəkdə uğurlar arzulayıram”. 

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov “Neftçi”nin qorxaq psixologiyadan uzaq durub, intizamlı oynamasının nəticəyə müsbət təsir edəcəyini deyib:


“Bu oyunda təbii ki, favorit “Qalatasaray”dır. Çox istərdik ki, bizim klublarımız Türkiyənin 4 böyük klubu ilə yoldaşlıq oyunu keçirsin. Belə oyunların keçirilməsi təcrübə baxımından çox önəmlidir. İndiki halda “Qalatasaray”da olan bəzi oyunçuların səviyyəsi “Neftçi”yə uyğun deyil. Fərq ortadadır. Amma istənilən halda güc baxımından üstün bir klubla oyun keçirən zaman psixoloji qorxu olmamalıdır. Əksinə, bu oyunda sadə və intizamlı oynamalıyıq. “Neftçi” istəkli olsa, sona qədər mübarizə aparsa, uğur qazana bilər. “Qalatasaray”ın saymamazlıq edib, oyunu ciddiyə almama ehtimalı ola bilər. Belə hal olduğu təqdirdə mütləq şəkildə istifadə etməliyik”. 

“Xəzər TV”-nin əməkdaşı, idman şərhçisi Ceyhun Rzayevin fikrincə, möcüzə bu halda ola bilər:


“İki komanda arasında qüvvələr nisbəti qeyri-bərabərdir. “Neftçi” “Qalatasaray”ın önündə çox zəif klub kimi görünür. Bir halda mərhələ keçməyə ümid edə bilərik ki, rəqib bizə yuxarıdan aşağı baxsın. Azərbaycan futbol tarixinə baxanda, istər klub, istərsə də yığma səviyyəsində biz o vaxt güclü rəqibi büdrətmişik ki, rəqib bizi gözündə kiçiltsin və aşağı baxsın. “Qalatasaray” oyuna çox ciddi başlasa, intizamlı oynasa, oyunçular düşünməsə ki, bu Azərbaycan klubudur, biz qaçmadan da bu mərhələni keçərik, “Neftçi”nin şansı qalmayacaq”. 

“CBC Sport” telekanalının əməkdaşı, idman şərhçisi Pərviz Musayev hesab edir ki, kompakt oyun və təzyiqi aşağı salmaq “Neftçi”yə kömək ola bilər:


“Məlum məsələdir ki, üstün tərəf “Qalatasaray”dır. Əsas sual budur ki, “Neftçi” “Qalatasaray” qarşısında nə edə bilər? Dünənki oyundan nümunə demək istərdim. “Qarabağ” - “Molde” matçında rəqib komanda açıq oyuna getməyin riskli olduğunu gördü və yığcam oynadı. Bu məqamı nəzərə almaq lazımdır. “Neftçi” ilk növbədə oyuna psixoloji hazır olmalıdır. Rəqibin adından qətiyyən çəkinməməlidir. İkinci məsələ isə budur ki, “Neftçi” mümkün qədər yığcam oynamalıdır. Bu cür oyunlarda rəqib tempi yüksək tutmağa çalışır. Təbii ki, bir komanda üçün 90 dəqiqə eyni tempdə oynamaq çətindir. Nadir hallarda bu, baş verir. Həmin dəqiqələrdə tempi aşağı salmaq lazımdır. Tempin aşağı olduğu dəqiqələrdə “Neftçi” nəsə edə bilər. Ümumiləşdirməli olsaq, “Neftçi” ehtiyatlı, yığcam və rəqibin əsəbləri ilə oynamalıdır. Həmçinin, mümkün qədər az səhvə yol verməlidir”. 

“ATV”-nin əməkdaşı, idman jurnalisti İlkin Fikrətoğlu “Neftçi”dən müəyyən mənada bir sürpriz gözlədiyini qeyd edib:


“Çox təəssüf ki, bu cür futbol bayramı sayılacaq bir oyun azarkeşsiz keçiriləcək. “Neftçi”nin son oyunlarının qənaətbəxş olmadığını qeyd etməliyik. İstənilən halda nikbin olmalıyıq. “Neftçi” uduzsa belə Türkiyə futbolu qarşısında Azərbaycanı layiqincə təmsil edəcəyinə inanıram. Fatih Terim Türkiyə mediasına açıqlamasında bildirib ki, bu oyunun sığortası yoxdur. O, özü də başa düşür ki, favorit ancaq kağız üzərində olur. Cavab oyunu olmadığından ani bir səhv hər şeyi bitirə bilər. “Neftçi” sürpriz göstərə bilər. Bu sürpriz yüz faizlik nəticə olmaya da bilər. Klubumuzdan əsasən, mübariz və əzmkar oyun gözləyirəm. “Neftçi”nin “biz də futbol oynaya bilirik, keyfiyətli komandamız var” fikrini Türkiyə futboluna və ictimaiyyətinə aşılayacağına inanıram. Milli komanda səviyyəsində Türkiyəyə qalib gəlmişik. İstərdim ki, bu oyun da yaxşı mənada unudulmaz oyunlardan biri olsun”. 

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 20:00-da başlayacaq. Biz də öz növbəmizdə təmsilçi komandamıza uğurlar arzulayırıq. 

Məhərrəm Əliyev