Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
    • 23-09-2020, 10:13
    • 751

Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü

Sentyabrın 22-də saat 08 radələrində Xətai rayonu, X.Rüstəmov küçəsində 1970-ci il təvəllüdlü Habil Mahmudovun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna  məlumat daxil olub.

Xətai rayon Prokurorluğundan News24.az-a verilən məlumata görə, ilkin araşdırmalarla qeyd edilən ünvanda inşa edilməkdə olan birmərtəbəli fərdi yaşayış evinin damında təmir işləri aparılarkən orada fəhlə işləyən Habil Mahmudovun təhlükəsizlik qaydalarının pozulması nəticəsində damdan yıxılması və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.