“Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
    • 30-09-2020, 13:18
    • 633

“Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”

“Ermənistan Silahlı Qüvvələrinə məxsus Su-25 tipli döyüş təyyarəsinin guya Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulması barədə açıqlamalar tamamilə cəfəngdir və Ermənistanın növbəti dezinformasiyasıdır”.

News24.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfdə olan məlumata görə, sentyabrın 29-da Ermənistan ərazisində iki “Su-25” tipli təyyarə havaya qalxıb: “Hər iki təyyarə dağa dəyərək partlayıb və məhv olub. Bu da onu göstərir ki, Ermənistanın hərbi rəhbərliyi öz vətəndaşlarına, ictimaiyyətinə düzgün məlumat vermir. Yaxşı olardı ki, Ermənistanın hərbi rəhbərliyi ikinci təyyarə və onun pilotu barədə də məlumat verərdi, nəinki başqa hansısa tərəfləri ittiham edərdi.

Ermənistanın guya münaqişədə üçüncü tərəfin iştirak etməsi barədə açıqlamaları tamamilə cəfəngdir və bunun heç bir əsası yoxdur. Bu, Ermənistanın diqqəti özünün təcavüzkar siyasətindən yayındırmaq cəhdlərindən başqa bir şey deyil. Ona görə də Ermənistanın ərazisindən iki ədəd “Su-25” təyyarəsini hansı məqsədlə qalxması və hansı şəraitdə dağa çırpılaraq partlaması, pilotların həlak olması məsələsini araşdıraraq Ermənistan ictimaiyyətinə məlumat vermələrini tövsiyə edirik”.