Rusiya, Fransa və ABŞ: Qeyd-şərtsiz atəşkəs olmalıdır - BƏYANAT
    • 5-10-2020, 23:10
    • 734

Rusiya, Fransa və ABŞ: Qeyd-şərtsiz atəşkəs olmalıdır - BƏYANAT

Rusiya, Fransa və ABŞ Xarici İşlər Nazirliyinin rəhbərləri Dağlıq Qarabağdakı vəziyyətlə bağlı üçtərəfli bəyanatla çıxış ediblər. 

News24.az RİA-ya istinadən xəbər verir ki, sənəd Xarici İşlər Nazirliyinin saytında dərc olunub. 

Bəyanatda bildirilir ki, Sergey Lavrov, Jan İv Lö Drian  və Mayk Pompeo Dağlıq Qarabağ münaqişəsi bölgəsində və onun hüdudlarından kənarda görülməmiş və təhlükəli şiddətin artmasını ən sərt şəkildə qınayırlar. 

Qeyd edilib ki, həm təmas xətti boyunca, həm də Dağlıq Qarabağ münaqişəsi zonası xaricindəki Azərbaycan və Ermənistan ərazilərindəki mülki şəxsləri və obyektləri hədəf alan son və nisbətsiz hücumlar bölgədəki sabitlik üçün qəbuledilməz təhlükə yaradır.

Üç ölkənin liderlərinin - ATƏT-in Minsk qrupunun həmsədrlərinin 1 oktyabr tarixli bəyanatına toxunan nazirlər yenə də tərəfləri dərhal və qeyd-şərtsiz atəşkəsə çağırıblar. 

Sonda isə Rusiya, Fransa və ABŞ-ın münaqişə tərəfləri ilə qarşılıqlı əlaqələri qurmağa davam edəcəkləri və onları əsas prinsiplər və beynəlxalq sənədlər əsasında sülh yolu ilə həll prosesini bərpa etmək üçün öhdəlik götürməyə çağıracaqları vurğulanıb.

Teymur Məmmədov