"82 yaşlı atam yenidən FÜZULİNİ görəcək
    • 17-10-2020, 18:22
    • 883

"82 yaşlı atam yenidən FÜZULİNİ görəcək"

27 sentyabr tarixində şanlı Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, 9 oktyabr 2020-ci ildə Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabrda Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabrda Arış kəndi işğaldan azad edilib. 

17 oktyabr tarixində isə, yəni bu gün Ali Baş komandan İlham Əliyev Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğaldan azad olunduğunu elan etdi. 

Azərbaycan Ordusunun son əməliyyatı çox sayda insanın illərdir köks ötürdüyü Füzuli həsrətinə son qoydu. 


News24.az
27 ildən sonra bu şad xəbəri eşidən və Füzulidən olan tanınan simaların təəssüratlarını öyrənib.
 
Jurnalist Sevil Hilalqızı Füzuli şəhərinin və eləcə də bir neçə kəndin işğaldan azad olunması xəbərini illərdir gözlədiyini bildirib: 


"1993-cü ildə Füzuli işğal olunduğu gün həyatımın ən ağır günüydü. O gün torpağımızla yanaşı, atamı da itirdim. Pərən-pərən düşdük. Gəncəyə əmimgilə pənah apardıq. Atamı da kəndimizdə yox, Gəncədə - İmamzadədə dəfn elədik. Rayonumuzun işğaldan azad olunması xəbərini illərdir həsrətlə gözləmişəm. Amma buna rəğmən, Gəncədəki itkilərin sarsıntısından bu xəbərə çox sevinə bilmirəm. 80 yaşlı anamın şəhid qardaşıoğlu Nazimin, onun qübarına dözməyib həyatdan vaxtsız köçən 4 ailə üzvünün qisasının alınmasına sevinməsi mənə nikbin ruh verdi. 
Dayım deyərdi ki, Seyid Şuşinski uşaqkən Füzulidə oxuyanda səsi Şuşadan eşidilirmiş. Deməli, Qarabağın baş şəhəri Şuşamıza çox az qalıb. O gün çox yaxındadır".

Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, bu gün füzulililər və Azərbaycan tarixi üçün xüsusi gündür:


“Gəncədəki erməni terrorundan sonra çox üzüldük və məyus olduq. Amma Füzulinin azad olunması bizi sevindirdi. Yəni bir gözümüz ağlasa da, digər gözümüz güldü. Füzulinin işğaldan azad olunacağına hər birimiz inanırdıq. Savaş başlanan gün – sentyabrın 27-də Füzulidə idim. Sakinlərlə görüşdüm. Hər bir sakinimizin qələbəyə və rayonumuzun işğaldan azad olunacağına inandığını gördüm. Bu arzumuz reallaşdı. Təbii ki, Ali Baş Komandan İlham Əliyevin və Ordumuzun bu arzunun reallaşmasında xüsusi rolu oldu. 

Eyni zamanda, Füzulinin ciddi iqtisadi potensiala malik olduğunu bildirməliyəm. İşğaldan əvvəl həm taxıl, həm də pambıq istehsalına görə ölkəmizdə seçilən rayonlardan olub. İşğaldan əvvəlki dövrlərdə rayonda sənaye müəssisələri fəaliyyət göstərirdi. Bu baxımdan həm də Azərbaycan iqtisadiyyatına xüsusi töhfə verə bilər. İnşallah biz yaxın zamanda Füzulinin yenidən qurulması, bərpa olunması və iqtisadi töhfəsini yenidən müşahidə edərik”.

Müsavat.com saytının baş redaktoru Xalid Kazımlı hazırkı durumda qarışıq hisslərinin olduğunu vurğulayıb: 


"Təəssüratlarım belədir - həzn, kövrək, sevincli və qüssəli. Kaş ki Gəncəyə xain raket hücumu olmasaydı və qoşa gözlə gülə, sevinə bilsəydik... Amma erməni balımıza bir çimdik zəhər qatdı və biz onu eləcə də udmalı olduq. Gəncədə həyatını itirənlərə görə çox üzgünəm. Amma 27 illik həsrətə son qoyulduğuna görə də çox sevinirəm. İlham Əliyev 83 yaşlı atamın son arzularından birini yerinə yetirdi. İndi o kəndimizi bir daha görəcək, doğma torpağında dərindən nəfəs alacaq. Eyni zamanda ağlı söz kəsəndən "kəndimizə nə vaxt gedəcəyik" deyə soruşan oğlumun sualına cavab verildi. İndi ona "bu yaxınlarda, icazə verilən kimi" deyə bilirəm. Bu işdə əməyi, təri, qanı olan hər kəsə - Ali Baş Komandana, zabit və əsgərlərə təşəkkürümü bildirirəm. Bir də şəhidlər var... Biz onların borcundan 100 il sonra da çıxa bilməyəcəyik.."

Hərbi ekspert Rəşad Süleymanov bildirib ki, Füzuli uşaqlıq xatirələrinin canlandığı yerdir:


"Uşaqlığını Füzuli şəhərində keçirmiş biri kimi bu xəbərə ən çox sevinən insanlardan biri də mənəm. Mənim üçün Füzuli olduqca doğma bir yerdir. Bugünkü sevincimi heç bir sözlə ifadə edə bilmərəm. Ən böyük arzularımdan biri Füzuli şəhəri azad olunduqdan sonra orada torpaq alıb, xəyalımda qurduğum evi tikməkdir. Həmçinin, bu şəhərin necə bir əhəmiyyət daşıdığını övladlarıma izah edəcəm. Rayonumuz işğal olunanda, 10 yaşım var idi. Füzuli ilk gördüyüm şəhər idi. Orada xalam yaşayırdı. Onlara tez-tez gedərdim. Həmçinin bazarlığı şəhərdən edərdik.

Necə ki, Cocuq Mərcanlını abadlaşdırdıq, Horadizi bərpa etdik, eləcə də düşünürəm ki, Füzulini də qısa müddətdə, sıfırdan yeniləyəcəyik. Şəhidlərimizin ruhuna hörmətimi və ehtiramımı bildirirəm. Bu gözəl xəbərin bizə çatdırılmasında onların əməyi böyükdür 

Allah hər birinə rəhmət eləsin!"

Məhərrəm Əliyev