"Paşinyan artıq ÇAPALAYIR, labirintin sonuna çatıb" – Ekspertlər AÇIQLADI
    • 22-10-2020, 14:49
    • 1 126

"Paşinyan artıq ÇAPALAYIR, labirintin sonuna çatıb" – Ekspertlər AÇIQLADI

“Biz aydın şəkildə başa düşməliyik ki, Qarabağ məsələsinin ən azı bu mərhələdən başlayaraq diplomatik həlli yolu yoxdur. Erməni xalqı yalnız əlinə silah almaqla münaqişənin məqbul həllinə nail ola biləcək”.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan feysbuk səhifəsindəki canlı yayımda bildirib. 

Saytımıza danışan ekspertlər Ermənistanın baş nazirinin son çıxışını belə təhlil edib:

Politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqovun sözlərinə görə, Paşinyan artıq çarəsizdir: 


“Ermənistanın baş naziri çapalayır və anlayır ki, onun siyasi kursu məğlubiyyətlə üzləşib. Artıq Ermənistan uduzur. İşğal olunan torpaqlar Azərbaycana qaytarılır. 30 il gözləyib, ermənilərin nazı ilə oynadıqdan sonra artıq aparıcı dövlətlər Ermənistanın müraciətlərini önəmsəmir. Hətta bəziləri ümumiyyətlə zənglərə cavab vermir. Paşinyan axırıncı qüvvələrini də səfərbər edib, Azərbaycana qarşı vuruşmaq istəyinin görüntüsünü yaratmaq istəyir. Dünyaya sərsəm bəyanatlar yayır ki, guya Ermənistanı işğal etmək istəyirik. Ancaq dünya əvvəlki deyil. Geosiyasi vəziyyət dəyişib. 

Bir çox aparıcı dövlətlər, beynəlxalq təşkilatlar başa düşür ki, qətnamələr var və Azərbaycan torpaqları işğal altındadır. Danışıqlar heç bir nəticə vermir. Azərbaycanın öz torpaqlarını tam azad etmək hüququ var. Paşinyan anlayır ki, uduzub. Amma onu izah etmək çətin məsələdir. Bunu etiraf etmir və özünü elə aparır ki, guya qəhrəmancasına döyüşür”.

Politoloq vurğulayıb ki, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər də artıq gerçəyi görür: “Fransa prezidenti ilk mərhələdə müəyyən mənada Ermənistana dəstək verirdi. Amma o da dövlət başçımızla danışandan sonra mövqeyini dəyişməyə başladı. İndiki halda Fransa açıq şəkildə Ermənistanı dəstəkləmir. Rusiya da başa düşür ki, Azərbaycan aparıcı oyunçu olaraq önəmli dövlətdir. Həmçinin, Paşinyan NATO və qərb ölkələri ilə danışmaq istəyini göstərərək, Moskvaya arxasını çevirir. Bu da təbii ki, Moskvanı qıcıqlandırır. Moskva isə artıq Paşinyandan uzaqlaşmaq siyasətini aparır. Rusiya Ermənistandan əl çəkmir, amma Paşinyanın hakimiyyətdən getməsində maraqlıdır”.  

Politoloq Natiq Miri hesab edir ki, Paşinyan siyasi danışıqların perspektivini görmür:


“Çünki cəbhədə qalib olan tərəf Azərbaycandır. Bu da o anlama gəlir ki, siyasi masada qalib olan tərəf Azərbaycan olacaq. Bunun müqabilində Paşinyan Qarabağı Azərbaycana qaytaran sənədin altından imza atmalıdır. Paşinyan isə Qarabağı Azərbaycana qaytaran biri kimi tarixdə qalmaq istəmir. Qarabağı Azərbaycana qaytaran istənilən dövlət rəhbəri siyasi hakimiyyətdən getmək məcburiyyətində qalacaq. Çünki bunu nə Qarabağ klanı, nə də erməni xalqı Paşinyan hökumətinə bağışlamaz. Buna görə də siyasi hakimiyyəti xilas etmək xətrinə döyüşləri sona qədər davam etdirməyə qərar verib. 
Artıq erməni ictimai rəyində belə bir fikir yaradılıb ki, meydanda tək qalan Ermənistan qarşısında Azərbaycan və Türkiyənin ən müasir ordusunu gördüyü üçün “rəşadətli erməni ordusu” son qanına qədər döyüşəcək və məğlub olacaq. Guya bu qəhrəmancasına məğlub olmaqdır. Çünki təqdimat belədir ki, qeyri-bərabər döyüşdə erməni ordusu məğlub oldu. Bundan əlavə, erməni ordusunun Rusiya və KTMT tərəfindən satıldığını da iddia edirlər”. 

Politoloq İlqar Vəlizadə qeyd edib ki, Paşinyanın son çıxışı onun xəstə təxəyyülün məhsuludur:


“Biz daim öz fikirlərimizi söyləyəndə müəyyən məntiqə söykənirik. Neçə illərdir təhlillər aparıram, ancaq Ermənistanın məntiqini bilmək olmur. Bunu izah etmək çətindir. Paşinyan üçün alternativ bir yol var – təslim olmaq. Burada iki seçim var: Ya özünün ölümünü yaxınlaşdırmaq, ya da vətəndaşlarının fiziki ölümünü gözə almaq. Paşinyan “xalq vuruşmalıdır, xüsusi dəstələr yığılmalıdır, mobilizasiya aparılmalıdır” deməklə insanları ölümə sürükləyir”. 

İ.Vəlizadə bildirib ki, Ermənistanın baş naziri xalq müharibəsi mənzərəsini yaratmaq istəyir: “Guya siyasi rəhbərlik yox, xalq vuruşur və vətəndaşlarının iradəsi ilə müharibə aparır. Bu, faşist məntiqidir. Hitler də eynisini edirdi. Ermənistan total müharibəyə hazırlaşır. Paşinyan artıq məsuliyyəti xalqın üzərinə yükləyir. Bu ərəfədə baş nazir olduğunu və xalqın tələblərini yerinə yetirdiyini göstərməyə çalışır. 
Ermənistanın müttəfiqləri Paşinyandan fərqli olaraq ağlı başında olan insanlardır. Real vəziyyəti yaxşı təhlil edə bilirlər. Real vəziyyət də onu göstərir ki, Azərbaycan öz ərazisində vuruşur. Heç bir müdaxiləyə əsas yoxdur. Müttəfiqlər anlayır ki, bu döyüşdə iştirak etmək onlara heç bir xeyir gətirməyəcək”.

Politoloq, "Atlas" araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyanın son açıqlaması bizim maraqlara tamamilə uyğundur: 


“Diplomatik danışıqlar istəməməsi bizə tam sərf edir. Xalqı silahlanmağa səsləməsi isə ondan xəbər verir ki, resursları tükənir. Yəni məğlubiyyətin məsuliyyətini üzərinə götürməmək üçün xalqa dolayı yolla mesaj verir. Heç bir xarici dəstək olacağına isə inanmıram”.

Məhərrəm Əliyev