"Yayılan videolar əsgərlərimizin canından ÜSTÜN DEYİL
    • 23-10-2020, 16:18
    • 522

"Yayılan videolar əsgərlərimizin canından ÜSTÜN DEYİL" - Ekspertlərdən XƏBƏRDARLIQ

27 sentyabrdan etibarən Azərbaycanın əks-hücum əməliyyatları uğurlu formada davam edir. Ordumuz çox sayda kənd, qəsəbə və mərkəzi şəhərləri işğaldan azad edib. Bir yerdə dayanmayan Ordumuz günlər ötdükcə, daha da dərinliyə doğru irəliləyir. 
Ancaq biz görürük ki, son zamanlar sosial şəbəkələrdə düşmənin işinə yarayan və hərbi koordinatlar bəlli olan videolar yayılmaqdadır. Bu videoları hərbçilərimiz çəkir, vətəndaşlarımız isə yayır. 


Bəs bu videolar işğal altında olan və mobil operatorlarımızın xidmət göstərmədiyi ərazilərdən sosial şəbəkələrə necə yüklənir? Hərbçilərimizin smartfon telefon işlətməsi doğrudurmu? 

Hərbi ekspert Rəşad Süleymanov məsələ ilə bağlı News24.az-a açıqlamasında bildirib ki, problemin kökü əsasən, məsuliyyətsizlikdən qaynaqlanır:


“Komandir heyəti proqram təminatı olmamaq şərtilə smartfon telefonlar işlədə bilər. Dediyim nüansı çıxmaqla hərbi qurumlarda smartfon telefonların istifadəsinin dayandırılmasının tərəfdarıyam. Bu gün smartfonlar, planşetlər və ağıllı sistemlər dünyanın bir çox ordusunda istifadə edilir. Lakin istifadə məqsədləri fərqlidir. Müəyyən proqramlar var ki, onları yazmaqla əlaqə təmin edilir. Smartfonların heyətdə olması çox sayda boşluqlara yol açır. Telefonlarda olan GPS vasitəsilə ərazini rahatlıqla təyin etmək və neçə nəfərin orada olduğunu öyrənmək mümkündür. Smartfon vasitəsilə bəlli bir məsafədən idarə edərək telefonun mikrafonunu işə salıb, danışıqları dinləmək mümkündür. Bu, təcrübədə mövcuddur. 

Görünən odur ki, döyüş əməliyyatları başlayandan bəziləri bir əlində telefon, digər əlində avtomat tutaraq döyüşür. Bu kadrların hər biri bizim ziyanımızadır. Həm arxa cəbhədən, həm ön cəbhədən məsuliyyətsizlik müşahidə edirik. Vətəndaşlarımızın özlərində daxili senzura olmalıdır. Diqqət edirəm ki, smartfonun əleyhinə danışanlar ən çox o kadrları yayanlardır. Biz bu görüntülərə "TikTok”, “İnstaqram” kimi sosial şəbəkələrdə rast gəlirik. Sosial şəbəkə hesabının olması o anlama gəlmir ki, hamı azaddır və istədiyini edə bilər. Hazırda ölkəmizdə hərbi vəziyyətdir və bacardığımız qədər həssas olmalıyıq. Bəlkə də o videoları yayanlar bunu xoş niyyətlə edir. Amma nəticəsini də düşünmək lazımdır". 

Hərbi ekspertin fikrincə, ön xətdə olan hərbçilərimiz videoları bu formada yayırlar: "Neqativ tərəflərlə yanaşı digər tərəfləri də qeyd etməliyəm. Ön xəttə çəkilən videogörüntülər canlı yayımlanmır. Çünki həmin ərazidə internet problemi var. Biz Bakıda internetə çətinliklə girdiyimiz halda cəbhə xəttində bu, ümumiyyətlə mümkün deyil. Çəkilən məlum görüntülər saatlar və ya günlər sonra göndərilir. Dağlarda və ya müəyyən düzənlik ərazilərdə şəbəkə olmadığından görüntülər bizə gec çatır. Zənnimcə, bu kadrlar bizə çatanda, hərbçilərimiz artıq yerini dəyişir. Canlı yayıma qoşulsalar, yerlərini təyin etmək olar. Ancaq belə bir şeyin reallaşması mümkün deyil. Ön xətdə faktlar götürmək, qeydlər aparmaq olar. Amma bunu yaymaq olmaz. Smartfonlar da işimizə yaraya bilər. Məsələn, artilleriyanın ballistik hesablama kalkulyasiyası proqramları var. Yaxud da müəyyən görüntülərin analiz edilməsi üçün istifadə oluna bilər. Zənnimcə, smartfonlar xüsusi şəxslərdə olmalıdır. Ən əsası isə şəxsin özünün məsuliyyəti ön plana keçməlidir. Müdafiə Nazirliyi icazəli formada bəzi şəxslərə smartfon istifadə etməyə icazə verir. Müşahidə etdiyimiz hal isə budur ki, onlar əsasən, özlərini reklam etmək üçün istifadə edənlərdir. Vətəndaşlarımız da anlamalıdır ki, əllərinə keçən hər videonu yaymaq düzgün deyil. Zamanı çatanda həmin kadrları işıqlandırmaq olar. İndi isə bunun vaxtı deyil. 

Bu gün sosial şəbəkələrdə daha çox məhəllə söhbətləri gedir. Sosial şəbəkələrə giriş alternativ yolların belə qarşısını almaqla köklü şəkildə məhdudlaşdırılmalıdır. Bu videoları çəkən şəxslərlə bağlı daxili tədbirlər görülməlidir. Hərbi sistemdə nizam-intizam yüksək olmalıdır. Döyüş gedir deyə özbaşınalıq etmək doğru deyil". 

Millət vəkili Fazil Mustafa qeyd edib ki, bizdə ixtisaslaşma problemi var:


"Bəzi insanlar özlərinə aid olmayan məsələlərə o qədər aludə olurlar ki, ortada böyük bir problem yaranır. Dövlət nə deyir insanlara? Deyir ki, siz qarışmayın bu məsələlərə. Ordumuz layiqincə döyüşür, mane törətməyin. Əvəzində isə bəzi vətəndaşlarımız aidiyyətsiz formada bütün məsələlərdə icazəsiz formada paylaşımlar edirlər. Bu, sənin funksiyan deyil axı. Kiməsə özünü göstərmək istəyirsənsə, bunun yolu başqadır. Heç bir izahı olmayan bir davranışdır. Döyüş bölgəsindən adi bir paylaşım etməyin nəticəsi bizə baha başa gəlir. Əsgərlərimizin canı bizim üçün önəmlidir. 

Bəzi hərbçilərimiz isə şöhrətpərəstlik mərəzinə tutulublar. Axı biz bunu dəfələrlə demişik ki, bu məsələlərdə diqqətli olmalıyıq. Onların bu davranışları birinci növbədə öz təhlükəsizlikləri, ikinci növbədə isə dövlətin siyasətinin həyata keçirilməsində problem yaradır. Vətəndaşlarımız addım atarkən, daha ehtiyatlı davranmalıdır". 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova vurğulayıb ki, konkret hansısa şəbəkənin məhdudlaşdırılması ilə bağlı bir qərar yoxdur:


“Ümumən onsuz da 27 sentyabrdan etibarən ölkə ərazisində erməni təxribatının qarşısının alınması məqsədilə internet məhdudlaşdırılıb. Bu, Azərbaycan Ordusunun, dövlətinin, xalqının kiber aləmdə qorunmasına hesablanan bir addımdır. Bu məhdudlaşırma bir sıra şəbəkələrə aid edilib. Bəzi insanlar çox təhlükəli tətbiqləri telefonlarına yükləyərək, belə videoları yayırlar. Bu tətbiqlər vasitəsilə həmin vətəndaşların telefonları, kompüterləri izlənilir və onların məlumatları ələ keçirilir".


Məhərrəm Əliyev