Ekspertlərdən distant təhsilə MÜNASİBƏT: "Hazırda şagirdlərin nəyisə bilməsi SÜRPRİZ olar, nəinki BİLMƏMƏSİ
    • 2-11-2020, 16:39
    • 801

Ekspertlərdən distant təhsilə MÜNASİBƏT: "Hazırda şagirdlərin nəyisə bilməsi SÜRPRİZ olar, nəinki BİLMƏMƏSİ"

Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.

Pandemiya və müharibə vəziyyətini nəzərə alaraq, məlum qərarı sakit qarşılamalıyıq, yoxsa alternativ yollardan istifadə etmək mümkün idi?

News24.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

“Köhnə qaydalarla işləmək effektiv olmayacaq”

Təhsil eksperti Kamran Əsədov News24.az-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyi yeni metodlar sınaya bilərdi:

“Pandemiya səbəbindən mart ayından etibarən təhsil dayananda, onlayn təhsil yeganə alternativ yol idi. Biz buna məcbur idik. Amma yeni tədris ili başlayanda, köhnə qaydalarla işləmək effektiv olmayacaq. Ona görə ki, 2019-cu ildə dərsə başlayan ən azından 2020-ci ilin mart ayına qədər mövzuları mənimsəmişdi. 2020-2021 tədris ili isə birbaşa onlayn təhsillə başladı. Burada bir məqam var. 10-11-ci sinif şagirdləri dərslərə ümumiyyətlə getmədilər. Onlar bu il buraxılış imtahanı verəcəklər. Etiraf edək ki, ölkənin 4447 orta ümumtəhsil məktəbində təhsil alan 1,6 milyon şagirdin hamısının planşeti, kompüteri və əsasən də keyfiyyətli interneti yoxdur. Bu gün 1,6 milyon şagirdin yalnız 440 mini paytaxtdadır. 1 milyondan çoxu regionlardadır. Regionlarda isə internet əlçatan deyil. “Wifi” ilə təminat çox aşağı səviyyədədir. Optik internet demək olar ki, yox səviyyəsindədir”.


“Əlçatan platforma hazırlanmalı idi”

Ekspert alternativ yollardan söz açıb: “Təhsil Nazirliyi yeni təhsilalma formasının üzərində işləməli idi. Söhbət yeni platformanın yaradılmasından gedir. Bu gün onlayn dərslər yalnız “Microsoft Teams” və “Zoom” platformaları üzərindən həyata keçirilir. İnternetlə bağlı məhdudiyyətləri nəzərə alsaq, məlum tətbiqlər vasitəsilə dərs keçmək çətindir. Daha əlverişli və rahat proqramlar hazırlanmalı idi. Alternativ variant kimi teledərsləri deyə bilərik. Ancaq onlar da effektiv deyil. Bundan başqa əsas informasiya mənbəyi və resursu olan dərsliklərimiz var. Amma dərsliklərimiz o qədər çətindir ki, şagirdlər müəllim köməyi olmadan, mövzuları mənimsəyib oxuya bilmirlər. Ona görə də dərsliklərimizi sadələşdirməliyik ki, şagirdlər müəllimlərin dəstəyi olmadan mövzuları özləri mənimsəsin. Bundan əlavə, milli proqram hazırlamalıyıq ki, istər fövqəladə, istərsə də müharibə vəziyyətində hər kəsə əlçatan olsun. Biz şagirdlərə mütləq şəkildə planşetlər verməli və pulsuz internetlə təmin etməliyik. Bunlar təmin edildikdən sonra hesab edirəm ki, müvafiq addımlar atıla bilər”. 

“Təhsil insanların canından əhəmiyyətli deyil”

Təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə, pandemiya və müharibə ərəfəsində təhsilin insanların həyatından, canından daha əhəmiyyətli olmadığı qənaətinə gəlindiyi üçün distant təhsilə keçildi:

“Mindən çox təhsil müəssisəsi müharibə vəziyyətinə görə təhsili dayandırmışdı. Həmin regionlarda da internet zəiflədildiyi üçün onlayn təhsil də mümkün olmadı. Ona görə də birmənalı olaraq təhsil hazırda şagirdlər və valideynlərin öhdəliyində qalıb. Nazirliyin qərarı isə artıq çarəsizliyin nəticəsidir. Başqa bir yol da yoxdur. Hazırda mindən çox yoluxma olan bir vəziyyətdə məktəbləri açmaq qəbuledilən olmaz. 

Müharibənin yaratdığı narahatlığı da qeyd etməliyik. Bir çox valideyn müvəqqəti olaraq ailəsini götürüb başqa bir rayona getməli olur. Formal təhsil onlayn versiyada keçilə bilmədiyi üçün demək olar ki, dayanıb. 2 oktyabrdan etibarən başlayan formal təhsil “heç olmamaqdan yaxşıdır” niyyəti ilə açılır. Çünki martdan bəri davam edən bu vəziyyət məktəbəqədər uşaqların  hazırlığını əngəllədi. Bir çox şagird təhsildən yayındı.

XV — XVI əsrlərdə kütləvi təhsilin olmadığı zamanlarda kim istəsə oxuyar, kim istəməsə oxumazdı. Oxumaq istəyən şəxslər öz cəfakeşliyi ilə müxtəlif yollardan istifadə edərək, məktublar yazaraq, araşdıraraq özləri öyrənirdilər. İndi də vəziyyət eynidir. Bu baxımdan valideynlərin üzərinə ciddi məsuliyyət düşür”. 


“Məzmunlu videolar hazırlamaq lazımdır”

Ekspert qeyd edib ki, Təhsil Nazirliyi və dövlətin edə biləcəyi yeganə iş çoxlu məzmun hazırlamaqdır: “Onlayn videolara tələbat artmalıdır. Teledərslərdə müəllimin löhvənin qarşısında dayanması daha da təkmilləşdirilə bilər. Xarici animasiya olan dərs materialları tərcümə edilə bilər. Şagirdin müxtəlif dərs resurslarına əlyetənliyi olmalıdır. 

Müəllimlər maraqlı və öyrədici videolar hazırlayıb, uşaqlara göndərməlidir. Ölkədə “Google” məhdudiyyətsiz formada çalışır. “Gmail” vasitəsilə bu materialları göndərmək mümkündür. Xarici dillərdə çox sayda dərs materiaları var. Təhsil Nazirliyi müəyyən razılıqla həmin materialları tərcümə və ya dublaj etdirə bilər. Bir tövsiyəm də  var idi. Eşitdiyimə görə nazirliyin də bununla bağlı təşəbbüsü var. Təhsil Nazirliyinin artıq bir kanalı olacaq. Müntəzəm yayım edən bir kanalı nəzərdə tuturam. O kanalda daim dərs materialları işlənəcək. Belə bir kanal olsa, uşaqlar öz proqramlarına uyğun dərslər edə bilərlər. Həmin kanalda qeyd etdiyim animasiya dərsləri də hazırlana bilər”. 

“Şagirdlərin bilməsi sürpriz olar, nəinki bilməməsi” 


Q.Məhərrəmov son olaraq bildirib ki, müəlllimlər səbrli və təmkinli davranmalıdır: “Bu ərəfədə şagirdlərin məktəblə, dərslə əlaqəsini qorumaq belə önəmli bir şeydir. Təhsil Nazirliyinin etmək istədiyi də budur ki, şagirlər məktəbdən qopmasın. Yəni, mənəvi-duyğusal bağ qalsın. Onlayn təhsil də olmasa, şagirdlər təhsildən tamamilə qopacaq. Bu dövrdə hər kəs bir-birinə dəstək olmalıdır”. 

Məhərrəm Əliyev