"Vətən və bayraq mənim üçün hər şeydir" - Ürəyində qəlpə ilə yaşayan qazimiz Elçin Səmədov - VİDEO
    • 26-11-2020, 18:56
    • 1 659

"Vətən və bayraq mənim üçün hər şeydir" - Ürəyində qəlpə ilə yaşayan qazimiz Elçin Səmədov - VİDEO

"Vətənim və bayrağım canımdan üstündür. Bu bayraq üçün öldürərəm və ölərəm. Vətənimi, Bayrağımı dəlicəsinə sevirəm". 

44 günlük Vətən Müharibəsinin qəhrəmanıdır Elçin. Bu məsum və saf çöhrəsi ilə ilk videosundan minlərlə insanın ürəyinə yol tapan, beyninə həkk olunan Vətən oğlunun cəmi 20 yaşı var. 10 yaşından ana Torpağa, Bayrağa sevgisi onun ürəyini büsbütün qərq edib. Vətən Müharibəsində qəhrəmanlıq tarixinin yazılmasında Elçin Səmədovun da imzasının olması məhz bu sevgiyə bağlıdır.



Elçin Müqəddəs Qarabağ torpaqlarımızda dalğalanması naminə canından belə keçməyə hazır olduğu üçrəngli Bayrağımızı başının üstünə asıb. O Bayrağa baxdıqca, gözlərindəki sevinc və qürur hissini duymamaq mümkünsüzdür. Hansı şəraitdə, necə böyümək şərt deyil. Şərt Elçin kimi özündən, yaşından və baxışlarından nəhəng ürəyə sahib olaraq böyüməkdir: "Müharibə başlayan günü komandir etiraz etsə də qabağa gedəcəyimi bildirdim. Mənim gənc olduğumu əsas gətirdi, amma mən vuruşmasaydım dözə bilməzdim. Getdim, vuruşdum, düşməni öldürdüm. İndi də sağalıb Qarabağa getmək istəyirəm. Gedib orada bayrağımızın dalğalandığını öz gözlərimlə görmək arzusundayam". 


Qəbələdə anadan olub Elçin. Çox gənc yaşlarından dönər sataraq özündən kiçik iki qardaşına baxan 20 yaşlı igidimizin şərəfli döyüş yolu Suqovuşan istiqamətində gedən döyüşlərə qatılması ilə başlayıb. Oktyabrın 15-də Şıxax istiqamətində gedən şiddətli döyüşlərdə ağır yaralanıb. Elçinin anası Vüsalə Şükürova oğlu ilə fəxr etdiyini deyir: “Elçin 10-11 yaşından həmişə deyirdi ki, mən gedib torpaqlarımızı qoruyub şəhid olacağam. İstəyirəm ki, şəhid anası olasan. Bu sözləri hərbi xidmətə yola düşən zaman da demişdi. İndi də Azərbaycan oğulları ilə fəxr edir. Deyir ki, qanımı, canımı qoysam da torpaqlarımız azad oldu. Elçinin sevdiyi bir qız var idi, amma evi olmadığına görə atası vermədi. Amma mənim oğlumun ürəyi bütün evlərdən böyükdür”. 

Azərbaycanın yeni, şərəfli tarixinin qəhrəmanlarrından biridir Elçin. Müqəddəs və doğma Qarabağ torpaqlarını geri qaytara bildiksə, bu gün qürur və fəxrlə "Bütöv Azərbaycanımız var" deyə biliriksə, bu, Elçin kimi Vətən, Bayraq sevgisini bütün hisslərin fövqündə tutan, güclü, sarsılmaz oğullar hesabına mümkün oldu. Elçin kimi onlarla, yüzlərlə oğul qəhrəmanlıq salnaməsi yazdı.  

Vətənin şanlı tarix yazan igid oğullarının arxasında bu gün tək Azərbaycan dövləti yox, həmçinin, hər birimiz vətəndaş olaraq dayanmalıyıq, dayanmışıq da...


"Allahdan Elçinin müalicə olunub, sağalmasını diləyirəm. Qəbələ rayon icra hakimiyyətinə və Ruhi xanım Əliyevaya Elçinin əməliyyatını, müalicəsini üstələndiyi üçün təşəkkür edirəm. Balam sağalacaq, o günü səbrsizliklə gözləyirəm". 


Elçini tam sağlam olduqdan sonra sizin görüşünüzə gətirəcəyimizə söz veririk! 

Ülkər Qasımova 
Video: Teymur Məmmədov 

Montaj: Adil Ağayev
Qəbələ