Ağdərə istiqamətində yaralanan 25 yaşlı qazimizin atası:
    • 7-12-2020, 18:01
    • 483

Ağdərə istiqamətində yaralanan 25 yaşlı qazimizin atası: "Oğlumla maraqlanan yoxdur" - FOTOLAR

“Oğlum Vətən müharibəsinin 37-ci günündə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanıb. Güllə yarası alıb. Çiyni və qabırğaları sınıb. Ağ ciyəri zədələnib". 

Bu sözləri News24.az-a müraciətində hazırda oğlunun vəziyyətindən ciddi narahatçılıq keçirən Vətən müharibəsində ağır yaralanan 1995-ci il təvəllüdlü Nuru Məmmədovun atası Aydın Məmmədov deyib. 

Qazinin atası bildirib ki, oğlu Ağcəbədidə əməliyyat olunub, daha sonra isə Mingəçevir Xəstəxanasına aparılıb: "Orada reanimasiya şöbəsinə yerləşdirildi. Altı gün reanimasiyada qaldıqdan sonra palataya köçürüldü. Palataya köçürüləndən sonra vəziyyəti yenə ağırlaşdı və növbəti dəfə reanimasiyaya yerləşdirilməli oldu. Cərrahi müdaxilə və reanimasiya şöbəsi ilə bağlı bir məsələmiz olmadığı üçün Mingəçevir Xəstəxanası oğlumu Şəmkirdə yerləşən xəstəxanaya yönləndirdi. Orada da ən azı üç gün yatmalı idi. Oğlum günorta saatlarında Şəmkirdə xəstəxanaya yerləşdirildi. Ertəsi günə qədər də orada qaldı. Bu müddət ərzində isə Nuru ilə heç kim maraqlanmayıb. Yaralarına baxılmayıb, ac-susuz saxlanılıb. Ağrılar içində olub. Evə zəng etdi ki, ya gecə, ya da səhər gəlib məni buradan aparın. Mənə su belə verən yoxdur”.

Aydın Məmmədovun sözlərinə görə, oğlunu xəstəxanadan dayıları çıxarıb və həmin vaxt yaralının xəstəxananı tərk etməsinə heç kim irad bildirməyib: “Dedilər ki, götürün aparın. Heç bir problem yoxdur. 3 gün sonra gəlib sənədləri götürərsiniz. Oğlumla maraqlanmadıqlarına görə dəfələrlə şikayət etmişik. Hətta onu Mingçevir Xəstəxanasına da aparmışıq. Cərrah deyib ki, mənlik iş bitib”.

Qazi atası oğlunun güllə illə yaralanmasından öncə başından da xəsarət aldığını deyib. Vurğulayıb ki, həmin zədədən sonra övladının bir qulağında eşitmə qismən itib. Aydın Məmmədov oğlu ilə maraqlanmadıqları üçün aiddiyyatı qurumlara dəfələrlə müraciət etsə də müsbət nəticə əldə edə bilməyib: “Mövcud olan bütün qaynar xəttlərlə əlaqə saxlamışıq. Deyirlər ki, qeydə aldıq. Əlaqə nömrəsi götürürlər və məsələ elə orada da qalır. Bircə Müdafiə Nazirliyinin qaynar xətti məşğul olduğu üçün ora ilə əlaqə saxlaya bilməmişik. İcra Hakimiyyətinə də bir neçə dəfə müraciət etmişik. İcra hakiminin müavini hər dəfə deyib ki, həkim göndərəcəklər, amma gəlməyib. Ucar Rayon Hərbi Komissarlığına da şikayət etmişik. Hətta Nurunun özünü də bu vəziyyətdə aparmışıq”.

A.Məmmədov bildirib ki, şikayətlərdən sonra onların evinə həkim göndərilib, amma o da heç bir şey edə bilməyib: “Böyrək həkimi idi. Gəldi, xəstəyə baxdı, şəkillərini çəkdi, xəstəliyi ilə bağlı sənədləri gözdən keçirdi və getdi. Müdaxilə edə bilmədi”.

Nuru Məmmədovun atası qeyd edib ki, oğlunu Bakıda xəstəxanaya aparmaq istəsə də, onları Təcili Tibbi Yardım maşını ilə təmin edən yoxdur. 

Danışmaqda çətinlik çəkən qazi Nuru Məmmədov News24.az-a sağlamlığına qovuşmaqdan başqa heç nə istəmədiyini deyib. 

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib ki, hazırda Nazirliyin qaynar xəttli üzrə 6 telefon fəaliyyət göstərir. 

"Bununla bağlı mətbuat xidmətinə müraciət edilməyib. Bəlkə də qaynar xəttə edilib. O nömrələrlə əlaqə saxlasınlar" deyə, qurum rəsmisi qeyd edib.

Teymur Məmmədov