"Qarabağın qayıdışına, öz azadlığımdan çox sevindim" - 6 il erməni əsirliyində girov qalan DİLQƏM ƏSGƏROV - VİDEO
    • 7-01-2021, 20:12
    • 475

"Qarabağın qayıdışına, öz azadlığımdan çox sevindim" - 6 il erməni əsirliyində girov qalan DİLQƏM ƏSGƏROV - VİDEO

"Düşmən əlində, bağlı qapı arxasında olmaq çox pis və çətin şeydir. Xüsusilə də doğmalarından, yaxınlarından ayrı olmaq insanı çox incidir. Orda olduğum illər ərzində ən çox ev, qohum, nəvələrim, övladlarım, vətənim üçün darıxırdım. Amma heç nəyə baxmayaraq hər zaman ürəyimdə bir ümidim var idi. Bilirdim ki, nə vaxtsa azad olunacağam. Orda radiom var idi. Qızıl Xaç komitəsi bir il öncə onu mənə vermişdi. Hər gün də radioya qulaq asıb vətənimdən xəbər alırdım".

Bu sözləri News24.az-a açıqlamasında erməni əsirliyindən azad olunan Dilqəm Əsgərov deyib. 

O, Kəlbəcərin işğaldan azad olunma xəbərini belə qarşılayıb: "Doğma Kəlbəcərimin azad olunan günü çox sevindim. 1998-ci ildən 2014-cü ilə qədər ora gedib gəlirdim. Hətta elə vaxtlar olurdu ki, üç ayda iki dəfə gedirdim. Orda dağılan qəbrləri, məzarları ziyarət etmişəm. Ümumiyyətlə, nəinki Kəlbəcərin, bütöv Qarabağımızın azad olunduğuna görə çox şadam. Bu torpaqların hər biri bizim üçün çox müqəddəsdir. Onlar bizim ata-baba yurdlarımızdır, onlarsız olmazdı. İnanın ki, qələbə xəbərini öz azad olunmamdan belə çox sevindim. Heç həbsxanada olduğumu belə hiss etmirdim. O qədər çox sevincli idim. Çünki, daima Azərbaycan Ordusuna güvənirdim və bilirdim ki, bir gün biz qalib gələcəyik. Ermənistan mənim üçün uydurma bir dövlətdir. Onların hər bir şeyi yalan, böhtan və şantajdan ibarətdir".

D. Əsgərov
erməni əsirliyində başına gələnlərdən də söhbət açıb: "İnanın ki, onların elədikləri hər bir şeyə dözürdüm. Uşaq deyiləm ki? O boyda Qarabağda böyük döyüş yolum olub. 18 yaşlı igid oğullarımız ermənilərlə əlbəyaxa döyüşərək onları öldürürsə, mənim aciz durmağım, ölümdən qorxmağım düzgün çıxmazdı. Baxmayaraq ki, ermənilər barmaqlarımı qırdılar, başımı yardılar. Hətta onların elədiklərindən sonra insult keçirdim, bir tərəfim işləmədi. Amma bunların heç bir şeyi mənə təsir etmədi. Çox şükür ki, sağ-salamat vətənimə qayıtdım".

Hərbi əsirimiz gələcək planlarından danışıb: "Bundan sonrakı planlarımın hər biri doğma Kəlbəcərimlə bağlıdır. İnşallah tezliklə ora qayıdacağam. Ömrümün də sonuna qədər Kəlbəcərimdə, evimdə yaşayıb oranın dağlarında gəzəcəyəm".

Sevda Bayramova
VİDEO - Fərid Şabanov