"Peyvənd olunmayacam çünki..." - FAİQ AĞAYEV
    • 11-01-2021, 13:54
    • 776

"Peyvənd olunmayacam çünki..." - FAİQ AĞAYEV

"İnanın ki, hələ indiyə qədər hansı poliklinikaya aid olduğumu bilmirəm. Atam sağ olanda Xəzər Dəniz Gəmiçiliyinin xəstəxanasına və poliklinikasına bağlı idik. Daha sonra oranı dağıtdılar, ona görə də hara keçdiyimizi bilmədim. Mən hətta harada vaksinasiya olacağımı belə bilmirəm".

News24.az
xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev İTV-də yayımlanan "Fatehin divanı" verilişində deyib. F.Ağayev peyvənd olunmayacağını açıqlayıb: "Hər kəs peyvənd olunsun, mən də xəstə olmayacağam. Onsuz da mart ayından özümü qoruyuram. Maskadan, əlcəkdən istifadə edirəm. Ancaq etibar elədiyim insanlarla qucaqlaşıram. Necə ki, bu günə qədər özümü qorumuşam, elə də davam edəcəm".

Xalq artisti karantin günlərindən də söz açıb: "Karantin başlayan gündən demək olar ki, bütün günümü evdə keçirirəm. Divan, mətbəx və yataq otağı. Bu müddət ərzində başımı filmlər, sosial şəbəkələr, xəbər saytlarının maraqlı məqalələri ilə qatırdım. Əfsuslar olsun ki, artıq kitab oxumağa səbrim çatmır. Yəqin ki, bir müddət sonra bu vərdişim yenidən bərpa olunar. Daha sonra çoxlu ailəmlə sosial şəbəkə vasitəsilə görüntülü söhbət elədim".

Sevda Bayramova