"Elektrik çox yazır" deyənlərə "Azərişıq"-dan CAVAB:
    • 15-01-2021, 12:12
    • 661

"Elektrik çox yazır" deyənlərə "Azərişıq"-dan CAVAB: "İddialar təsdiqini TAPMAYIB"

Son zamanlar Azərbaycanda abonentlər orta aylıq elektrik sərfiyyatının çox yazmasından şikayət edirlər. Vətəndaşların sözlərinə görə, ötən aylarla müqayisədə sayğaclarda fərq açıq görünür.

Məsələni aydınlaşdırmaq üçün sorğumuzu "Azərişıq" ASC-yə ünvanladıq.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu News24.az-a açıqlamasında vəziyyəti belə izah edib:  


“İstehlakçılarımız tərəfindən əsasən enerjiyə tələbatın yüksək həddə olduğu yay aylarında elektrik enerjisi sərfiyyatının artması ilə bağlı şikayətlər daxil olur. Şikayətlər əsasən yay fəslinin iyul-avqustlarında, qış fəslində isə istilik sistemlərində uzun müdddətli fasilələr yaranan əraziyə aid abonentlər üzrə daxil olur. Elektrik enerjisi sərfiyyatının artması ilə əlaqədar “Azərişiq” ASC-yə şikayətlər daxil olduqda, mütəxəssislərimiz tərəfindən operativ və fərdi qaydada bütün müraciətlər araşdırılır. Abonentə aid geniş bildiriş vərəqi araşdırılır, uçot sxemi və cihazları yoxlanır nəticə əsasında abonentin şikayəti təmin edilir. Bəzi hallarda abonentlərin uçot cihazlarının laborator yoxlanmaya ehtiyacı olur ki, bu kimi hallarda sayğac sökülərək torbaya qoyulub möhürlənir və laboratoriyaya gətirilərək abonentin iştirakı ilə yoxlanılır. 

Məlumat üçün bir faktı diqqətinizə çatdırırıq ki, 2020-ci il yay ayları üzrə elektrik enerjisi sərfiyyatının artması ilə bağlı sosial şəbəkələrdəki fikirlərə aydınlıq gətirilməsi üçün “Azərişiq” ASC rəsmilərinin iştirakı ilə keçirilən mətbuat konfransında şikayətçi qismində gəlmiş abonentlərin sayğacları öz iştirakları ilə medianın qarşısında laboratoriya şəraitində yoxlanmış və onların iddiaları öz təsdiqini tapmamışdır. Abonentlərmizdən xahiş edirik ki, onları narahat edən bu kimi hallarla bağlı 24 saat fəaliyyət göstərən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar. Şikayətləri rəsmi qaydada aidiyyatı üzrə araşdırılıb cavablandırılacaq”.

Məhərrəm Əliyev