Səbaildə şəhidlərin xatirə lövhəsinin açılışı olub - FOTO
    • 18-01-2021, 16:22
    • 511

Səbaildə şəhidlərin xatirə lövhəsinin açılışı olub - FOTO

Yanvarın 18-də Badamdar qəsəbəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının məzarları və onların xatirəsinə quraşdırılan abidə lövhəsi Səbail RİH başçısı Vüqar Zeynalov, millət vəkili Nigar Arpadarai, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Azərbaycanın xalq artisti Mənsum İbrahimov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət olunub.

News24.az xəbər verir ki, əvvəlcə, Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, məzarları önünə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.

Xatirə lövhəsinin qarşısında şəhid ailələrinin üzvləri ilə görüşən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxış edib: "Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücayət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunmuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etmişdir, şəhidlərimizin qanı yerdə qalmamışdır. Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Ümumiyyətlə, şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Bu, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-mənəvi yoldur”.

Şəhid ailələrinin problemləri ilə maraqlanıb onlara bundan sonra da yüksək diqqət və qayğı göstəriləcəyini vurğulayan RİH başçısı Vüqar Zeynalov şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradıldığını qeyd edib: “Bu şöbənin əməkdaşları mütəmadi olaraq Vətən müharibəsi iştirakçıları və şəhid ailələri tərəfindən qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər”.

Görüş zamanı qeyd olunub ki, İkinci Qarabağ Müharibəsi dövründə Vətən uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin məzarüstü abidələri inşa olunmuş və məzarlığın giriş hissəsində onların adları həkk olunmuş xatirə lövhəsi quraşdırılmışdır. Bununla yanaşı, məzarların ətrafında abadlıq işləri aparılıb zamanda qəbirstanlığa gedən yola yeni asfalt örtüyü salınıb.

Tədbirdə çıxış edən şəhidlərin ailə üzvləri göstərilən diqqətə və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.