Binəqədi sakinlərindən ŞİKAYƏT: “QANUNSUZ tikinti aparmaq istəyirlər” – İcra hakimiyyəti TƏKZİB ETDİ
    • 5-02-2021, 14:50
    • 772

Binəqədi sakinlərindən ŞİKAYƏT: “QANUNSUZ tikinti aparmaq istəyirlər” – İcra hakimiyyəti TƏKZİB ETDİ

Paytaxtın Binəqədi rayonunda yerləşən, İ. Dadaşov 71 ünvanında yaşayan sakinlərdən şikayət var.

Bina sakinlərindən biri olan Sabutay Süleymanov məsələ ilə bağlı News24.az-a danışıb.

Onun sözlərinə görə, “Bakı Palace MTK” adlı şirkət İ. Dadaşov 71 binasının ətrafında yerləşən ərazidə qanunsuz tikinti aparmaq niyyətindədir: 


“Bu tikinti işlərinin planlaşdırılması faktı məhəllə sakinlərini daima gərginlik içində saxlayır. Tikinti işləri bir çoxlarının “Pomidor” adı ilə tanıdığı çay evi və onun yanında yerləşən bir girişli 9 mərtəbəli binanın yerində aparılması nəzərdə tutulur. Adı çəkilən bina “Leninqrad” layihəsi əsasında tikilib və qəza şəraitində deyil. Bina sakinlərinin əksəriyyəti mülklərini satıb başqa bir yerə köçmək istəmirlər. “Pomidor” adı ilə tanınan çay evinin yerləşdiyi tikili isə bir neçə sahibkarın açdığı kiçik bizneslərin yerləşməsi ilə yanaşı məhəlləmizin əsas əyləncə və alış-veriş mərkəzidir. Bura məhəllə camaatının bir-biri ilə ünsiyyət qurduğu, sosiallaşdığı vacib bir yerdir. Şəhər mühitinin formalaşmasında “məkan yaddaşının” olduqca vacib olduğunu nəzərə alaraq, deyə bilərəm ki, bu ərazinin sökülməsi yüzlərlə insanın yaddaşını və xoş xatirələrini əbədi olaraq siləcək və məhəllədəki canlanmanı və həyat keyfiyyətini xeyli zəyiflədəcək. Eyni zamanda, məhəllənin iki əsas girişindən birinin qanunsuz tikili ilə iflic olunması həm sakinlərin, həm də yerli sahibkarların narahatlığına səbəb olacaq”.


Bina sakini qeyd edib ki, yayılan məlumatlara əsasən, tikinti prosesi gecə saatlarında aparılacaq və güclü səs-küyə səbəb olacaq: “Bundan əlavə, artıq məlumdur ki, aparılan tikinti işləri binanın su təchizatının stabilliyində əngəllər yaradacaq. Eyni zamanda, şəhərdə gördüyümüz digər hündürmərtəbəli yaşayış mərkəzlərinin tikildiyi zaman qalxan tozun və tikinti tullantılarının çox qeyri-peşəkar şəkildə idarə olunması, və hətta tikintidən sonra ərazidə qalmasını nəzərə alaraq, məhəllə sakinləri bu qeyri-qanuni tikinti işlərinin əleyhinədir. Adı çəkilən problemlər maddi və mənəvi ziyan verməklə yanaşı sakinlərin sağlamlığına və ətraf mühitimizə də zərər verəcək. Bütün şəhərdə olduğu kimi, məhəlləmizdə də mövcud olan parklanma yerlərinin çatışmazlığı problemini də diqqətdə saxlasaq, yeni tikiləcək bina bu problemi bir neçə dəfə artıracaq.


Nəzərinizə çatdırım ki, bizim məhəllələr düşünülmüş şəhərsalma prinsiplərinə uyğun qurulub. Yaxınlığımızda məktəblər, uşaq bağçaları, xəstəxana və digər vacib infrastruktur obyektləri mövcuddur. Xəritələrin birində gördüyünüz kimi, yaşıl zonaların çoxluğu baxımından 8-ci mikrorayon ərazisi digər qonşu ərazilərdən xeyli fəqrlənir. Sovet dönəmində bizim ərazi “yaşıl mikrorayon” kimi tanınıb. Parklar və ictimai ərazilərin çoxluğu məhəllə sakinlərinin istirahətinə çox gözəl şərait yaradır. Məhəllələrimiz 5 və 9 mərtəbəli binalardan ibarət olan və dünyada rəğbət qazanmış müxtəlif mərtəbəli şəhərsalma üslubu ilə qurulub. Bu fak həm yaşayış massivinin “insan səviyyəsində” olmasını təmin edir, həm sosial həyatın canlanmasına şərait yaradır, həm də məhəllələrimizin estetik gözəlliyini və rahatlağını formalaşdırır. Məhəlləmizin girişində nəhəng 16 mərtəbəli binanın olması bütün bu üstünlükləri bizdən almaqla yanaşı, sosial mühitimizi, gün işığımızı və havamızı əlimizdən alacaq”.


Son olaraq Sabutay Süleymanov Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin məsələyə diqqət ayırmasını xahiş edib. 

Problemlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin mövqeyini öyrəndik. Qurumun mətbuat xidməti məlumatı təkzib etdi:

“Bina tikintisi heç bir yerli icra hakimiyyəti orqanının balansında və səlahiyyətində deyil. Amma yenə də vətəndaşın şikayətini nəzərə alıb, məsələni araşdırdıq. Həmin ünvanla bağlı belə bir təklif olmayıb. Vətəndaşlar haqlıdır ki, həmin bina sağlamdır. Oranı niyə söksünlər ki? Aidiyyəti yerlərlə maraqlandıq. Qeyd edilən şirkəti tanımırıq. Həmin ünvanla bağlı vətəndaşlar tərəfindən nə bizə, nə də icra nümayəndəliyinə müraciət edilməyib”. 

Son olaraq məsələ ilə bağlı sorğumuzu Dövlət Arxitektura və Şəhərsalma Komitəsinə yönəltdik. Qurum nümayəndəsi məlumatlı olmadıqlarını və məsələni araşdırıb, yekun rəyi bildirəcəklərini qeyd etdi.

Məhərrəm Əliyev