-
- 8-02-2021, 14:03
- 1 643
Sanki dünya buradan başlayır... - VİDEO
783 hektarlıq ərazi, Abşeron yarımadasının Xəzər dənizi ilə birləşən ən ucqar nöqtəsi, Azərbaycanın şərqində ən son quru yer, vəhşi təbiət, ekoloji təmiz hava, Şah dili burnu...
Yuxarıda sadalananlar bizi gətirib Abşeron Milli Parkına çıxardı.
Avadanlıqlarımızı hazır vəziyyətə gətirdik və girişdə yerləşən 4 metrlik seyr eyvanına çıxdıq. Məhz buradan milli parkın geniş ərazisi ilə ilkin tanışlıq mümkündür. İrəlidə isə hündürlüyü 12 metrə çatan digər seyr qülləsi mövcuddur.
Onu da qeyd edək ki, Abşeron Milli Parkını ziyarət etmək istəyənlər mütləq şəkildə avtomobildən istifadə etməlidir. Çünki parkı piyada şəkildə tam gəzmək demək olar ki, mümkün deyil.
Çəkiliş qrupumuza qatılan bələdçi bizi Xəzərin sahilinə gətirdi. Burada qu quşları, flaminqolar, qazlar və digər quş növləri ilə rastlaşdıq.
Söhbət zamanı bildirildi ki, bu il Azərbaycana rekord sayda - 500 flaminqo gəlib və mart-aprel ayına qədər burada qalacaqlar.
Bələdçidən soruşduğumuz digər məqam isə ərazidə zəhərli ilanların çoxluğu məsələsi idi. Cavabında isə ilanlara əsasən, yay aylarında rast gəlindiyi deyildi.
Söhbətimizi bitirib, flaminqoları çəkməyə başladıq.
Sahildən çox uzaqda dayansalar da, adi bir səsin onları hürküdə biləcəyi öncədən bizə deyilmişdi. Buna görə də işimizi bacardığımız qədər səssiz görməyə çalışdıq.
Lakin çəkiliş apardığımız zaman flaminqolar bir neçə dəfə bizi görərək, kilometrlərlə uzağa uçdular və dənizin daha uzaq hissəsinə qondular. Elə buna görə də, ziyarətçilərə parka girişdə binokl təqdim edilir.
Həmin gün piyada gedərək, sahil boyu 8 kilometr yol qət etdik.
Gedəcəyimiz növbəti nöqtə isə Şah dili burnu oldu. Abşeron Milli Parkında yerləşən istirahət zonasından bu nöqtəyə avtombilin hərəkəti mümkün deyil. Piyada isə 2 km yoldur.
Əraziyə çatan zaman diqqətimizi çəkən ilk məqam Xəzər dənizinin suyunun əhəmiyyətli dərəcədə çəkilməsi oldu.
Parkda vəhşi heyvanlardan canavar, tülkü və çaqqalların olduğu bildirildi. Onların əsasən, axşam saatlarında park ərazisində görüldüyü qeyd edildi. Buna görə də, hava qaralana yaxın Abşeron Milli Parkında müəyyən saatdan sonra ziyarətçilərə ehtiyatlı olmaq və ərazini tərk etmək məsləhət görülür.
Burada “Sevgi qapısı” adlanan məkan da mövcuddur. Qapıya aparan xüsusi yola daxil olanlar tutduqları arzunun tezliklə reallaşacağına inanırlar.
Həmçinin parkda uşaqlar üçün kiçik əyləncə guşəsi də var.
Abşeron Milli Parkının direktoru Etibar İbrahimovla söhbət zamanı öyrəndik ki, 8 fevral tarixində parkın yaranmasının 16 ili tamam olur. Yəni bu gün. 16 illik tarixin bir parçası da biz olduq və gördüklərmizi tarixə köçürüb sizinlə bölüşürük.
2005-ci ildə yaradılan parkda quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, qırmızıbaş qaz, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s., məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşıb. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılmışdır. Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.
Video: Hüseyn Həsənov
Foto: Teymur Məmmədov